Modern.az

Telekanalların xəbərlərdən sui-istifadəsi... Ekspertlər: “Buna görə pul da alınır...”

Telekanalların xəbərlərdən sui-istifadəsi... Ekspertlər: “Buna görə pul da alınır...”

Media

16 May 2012, 11:36


Azərbaycan telekanallarının gündəlik xəbərlər proqramının sonunda hansısa özəl şirkətin, klinikanın, bankın, mobil operatorun uğurlu fəaliyyəti, yeni filialının açılışı və ya kimsəsizlərə yardımı ilə bağlı reklam xarakterli materiallar verilir. Düzdür, telekanallar iddia edir ki, bunlar da xəbərlərdir və tamaşaçılara yeni informasiya çatdırılır. Amma qəbul olunmuş xəbər standartlarında jurnalistin fakta münasibəti, qiymətləndirməsi, indiki halda isə reklamla məşğul olması yolverilməzdir. Azərbaycan qanunvericiliyi də telexəbərdə reklamı qadağan edir. “Televiziya və Radio yayımı haqqında” Qanunun 35-ci maddəsində deyilir: “Teleradio proqramlarında yayımlanan reklam və teleticarət asan başa düşülən olmalı və həmin proqramların elementlərindən vizual və akustik şəkildə fərqlənməlidir”. 
Bu materiallarda isə açıq-aşkar reklam olmasına baxmayaraq, heç bir fərqləndirici nişan olmur, əksinə, xəbər sujeti kimi efirə verilir. Qanunun 35.6-cı bəndi isə, ümumiyyətlə xəbər buraxılışında reklamı qadağan edir: “Xəbərlər proqramı (...) reklamla kəsilə bilməz”.

Bəs media ekspertləri və telekanallar bu məsələyə necə münasibət bildirirlər? Modern.az-ın əməkdaşı bunun səbəblərini öyrənməyə çalışıb.

Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli  bildirib ki, telekanallar son zamanlar bu üsuldan çox istifadə edirlər.
“Bu materiallarda xəbər mahiyyəti olmur. “Televiziya və radio yayımı haqqında” qanunda göstərilib ki, xəbər proqramlarının sponsorunun olması, bu proqramlarda reklam yerləşdirilməsi yolverilməzdir”. 
Hüquqşünasın sözlərinə görə, bununla bağlı Teleradio Şurası diqqətli olmalıdır. Çünki bunlar həm də gizli reklamlar hesab olunur,  gizli reklam isə qadağandır. Bu tip məlumatların xəbər dəyəri olmur, amma mahiyyət etibarilə də hansısa kommersiya qurumu reklam olunur, buna görə pul da alınır. Lakin xəbərə görə pul alınmaz, bu da tamam başqa bir məqamdır.

“Teleradio Şurası bu tip faktları müəyyən edib, işlər görməlidir. Əgər bununla bağlı konkret fakt aşkar olunarsa, İnzibati Xətalar Məcəlləsinin 187-ci maddəsinə görə inzibati aspektdə iş getməldir” - deyə, hüquqşünas əlavə edib.

Media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, mövcud Teleradio Şurası bu prosesi izləməlidir. Aydın olmalıdır ki, elektron medianın reklamla bağlı fəaliyyəti nə dərəcədə qanuna uyğundur?

Z.Məmmədli qeyd edib ki, bizdə reklamla bağlı məsələlər son dərəcədə təşviş doğurur. “Çünki xəbər proqramını sponsorla hazırlamaq olmaz, telekanallarda, özəlliklə dövlət büdcəsindən maliyyələşən kanallarda firmanın, bankın, hər hansı şirkətin reklamının ictimai-siyasi xəbərlər blokunda verilməsi yolverilməzdir və bunlar çox ciddi məsələlərdir. Təssüf ki, Teleradio Şurası buna lazımı diqqət yetirmir, reaksiya vermir” deyə media eksperti əlavə edib.

“Xəzər” televiziyasının mətbuat xidmətindən bildiriblər ki, bütün telekanallar bu vasitədən istifadə edir. Hətta televiziya siyasətinə cavabdeh olan adamların iştirak etdiyi proqramlarda belə,  reklamlar verilir, buna görə də bu istisna hal kimi qəbul olunur. Bunun başqa bir izahı yoxdur. Bütün televiziyaların hamısı istisnasız, xəbərlər proqramında reklam verir, yəni bu mənada “Xəzər” televiziyası ayrıcalıq təşkil eləmir.

Qeyd etmək lazımdır ki, “Xəzər” televiziyasından fərqli olaraq, digər telekanallar bu məsələyə münasibət bildirmək istəmədilər.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi