Modern.az

“Çəkirəm haa...” - Azərbaycanda fotojurnalistikanın problemləri....

“Çəkirəm haa...” - Azərbaycanda fotojurnalistikanın problemləri....

Media

22 May 2012, 11:39


Medianı fotojurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, fotojurnalistlər görüntülərlə çatdırırlar. Bu ikisi isə bir yerdə tamlıq təşkil edir. Yəni hadisələr söz və foto ilə birgə təsvir olunanda, daha bitgin qəbul edilir.
Azərbaycanda fotojurnalistika sahəsində inkişaf var, amma müəyyən qüsurlar da özünü göstərir. Bəzən qəzetlər, saytlar hansısa xəbəri və ya reortajı mətnə uyğun olmayan şəkillərlə təqdim edir ki, bu da qüsurlardan biridir. Baxırsan ki, hansısa siyasətçinin, ya da sənətçinin qışda verdiyi müsahibə onun yay geyimli fotosu ilə təqdim edilib. Və ya əksinə... Əksər hallarda müxtəlif mətnlər davamlı olaraq eyni şəkillərlə təqdim edilir ki, bu da oxucuları yorur...
Bu gün Azərbaycan mətbuat orqanlarının çoxunda fotomüxbirlər, fotoredaktor şatatı da yoxdur.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Modern.az-ın əməkdaşı ilə söhbətdə bəhs etdiyimiz qüsurlarla razılaşdığını deyir:
“Hər hansı bir reportaj hazırlananda bir məqama diqqət etmək lazımdı və bu məqam da şəklin məhz həmin mətndə olan hadisəyə aid olmasıdır. Əgər bu iki hal üst-üstə düşürsə, ideal reportaj alına bilər. Amma çox təəssüf ki, bizdə həmişə belə alınmır. Bəzən hansısa rəsmi tədbirə bütün qəzetlər burxılmır və ya müxbir buraxılırsa, onunla gələn fotomüxbirə qadağa qoyulur. Və bu zaman məcbur olub digər informasiya agentliklərinin çəkdiyi, yaxud da dövlət strukturunun mətbuat xidmətinin öz saytında verdiyi şəkillərdən istifadə edirsən. Bu da həmin redaksiyanın hazırladığı reportaja uyğun gəlmir”.
E.Şıxlı Azərbaycan mediasında fotojurnalistikanın peşəkarlığı haqda hələ ən yüksək fikirlər söyləməyin mümkün olmadığını deyir.

Redaksiyalarda fotoredaktor ştatının yaradılması haqqında danışan baş redaktor bu məsələni daha çox maddi imkanlara bağlayır: “Media orqanlarında fotoredaktorun olub-olmaması məsələsinə gələndə bir az problemlər meydana çıxır. Əslində bu ştatın olması vacibdir. Amma baxaq, hansı redaksiyanın buna maddi gücü çatır? Bu da bir problemdir. Təbii ki, maddi problemlər həll olunsa, hər bir redaksiya fotoredaktor ştatı da aça bilər. Fotojurnalistikanın səviyyəsinə gəldikdə isə çox aşağı bir göstərici var. Bəzən hər adama elə gəlir ki, əlinə aparat götürüb şəkil çəkən fotojurnalistdir. Yox, bu belə deyil. Ümumiyyətlə, Azərbaycanda bu sarıdan müəyyən problemlər var“.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da bu sahədəki problemlərin olduğunu qəbul edir, amma onu da deyir ki, sürətli inkişaf da müşahidə olunur:

“Azərbaycanda fotojurnalistika yeni inkişaf istiqamətinə yönəlib. Texninkanın yenilənməsi, plyonka yaddaşından rəqəmsal yaddaşa keçid nəticəsində inkişaf müşahidə olunur. Biz bu imkanlardan yararlanmağa çalışırıq və artıq aktual hadisələrin özündən çəkilmiş fotolardan istifadə edirik. Artıq qeyd etmək olar ki, Azərbaycanda vizual nformasiya dünya miqyasında olan vizual informasiya ilə yanaşı durmağa başlayıb”.
Baş redaktor inanır ki, yaxın gələcəkdə foto və vizual informasiyalar, fotojurnalistlər ön plana keçməyə başlayacaq, redaksiyalarda fotoredaktor ştatı yaranacaq.
R.Arifoğlu da mətbuatda mətnə uyğun olmayan şəkillərin verildiyini etiraf edir və bildirir ki, bu, redaktorların səhvindən baş verir: “Əslində redaksiyalarda şəkillərə texniki işçilər baxırlar. Bəzən fərqinə də varmırlar ki, bu, yay və ya qış şəklidir. Bu hadisələr əvvəllər tez-tez baş verirdisə, indi bir qədər azalan istiqamətə doğru gedir. İndi daha yüksək səviyyəli texnika var və səviyyəli işlər gömək olur”.
R.Arifoğlunun sözlərinə görə, hələ də bəzi media orqanlarının rəqəmsal texnikanı almağa imkanı çatmır və plyonkadan istifadə edənlər var. ”Amma gələcəkdə texnikaların alınması fərqli bir istiqamətə, istihbarata yol aça bilər. Bu da istihbarat jurnalistikası olacaq. Bu hələ Azərbaycanda yoxdur...“.

Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənov fotojurnalist peşəsinin reallıqlarından, problemlərdən danışıb: “Azərbaycanda adətən reportajlarda verilən fotoların çoxu ancaq portret xarakteri daşıyır. Hər hansı bir tədbirdən material hazırlanırsa, həmin tədbirdə çıxış edən şəxslərin ancaq portretləri və ya nə vaxtsa çəkilən şəkli yerləşdirirlir. Bunların hamısı bizim mediada var. Azərbaycanda sırf fotojurnalistika baxımından fotoların verilməsi bir neçə qəzet və saytda var. Amma buna da tam olaraq fotojurnalist işi demək olmaz. Bizdə bu sahədə çox böyük problemlər var.

Ümumiyyətlə, hər bir media orqanının mütləq fotoredaktor ştatı olmalıdır. Bizdə fotoredaktorlar yoxdur və onun işini başqaları görür. Və o şəxsə elə gəlir ki, o texnikanı bilirsə, demək fotojurnalistdir. Fotoredaktor ayrıca bir peşədir və çox təəssüf ki, Azərbaycanda bununla bağlı problemlər mövcuddur. Vaxtilə sovet dönəmində agentliklərdə fotoredaktorlar olub, amma o dönəm dağılıb gedəndən sonra fotoredaktor deyilən anlayış bizim mətbuatdan da itib. Bizim bir çox jurnallarımızda, qəzetlərimizdə hazırlananan şəkillərərə baxın. Onların heç birində fotojurnalist işi yoxdur.Yazan jurnalistin ağlına hansı şəkil gəlirsə, onu da götürüb mətnlərə verir... Halbuki, belə olmamalıdır. Bəzən şəkil seçimi ilə qəzetlərin dizaynerləri məşğul olurlar. Əslində buna haqları çatırmı..? Təbii ki, yox“ .

Fototexnikanın bol olmasından danışan Mirnaib Həsənov bu sahədə olan təhsildən narazıdır: “Azərbaycanda fotojurnalistika ilə bağlı təhsil yoxdur. Universitetlərin heç biri fotojurnalistika təhsili vermir. Hansısa bir universitetdə jurnalsitikadan dərs deyənlər var, amma onlar fotojurnalist təhsilini bilmirlər. Hər bir işin öz qanun-qaydaları var. Kimsə şəkillər barədə çox şey bilər, amma bu o demək deyil ki, o fotojurnalistdir. Hər hansı bir universitetin və ya dövlət kitabxanısının bazasına baxın. Elə götürək Axundov kitabxanasının bazasını, orada biz fotojurnalistika ilə bağlı bir dənə də olsun Azərbaycan dilində kitab tapa bilmərik. Bax bu da problemin biridir. Bizdə tədris vəsaiti deyilən şey yoxdur“.

Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi