Qəzetdə baş redaktor olmaq üçün hansı xüsusi keyfiyyətlər tələb olunur? Görəsən baş redaktorlar iş prosesi müddətində öz xarakterlərində hansısa bir dəyişikliyin baş verdiyini hiss edirmi və əgər hiss edirlərsə, bu dəyişikliyin səbəbkarı kimdi? Modern.az saytının əməkdaşı suallara cavabı elə baş redaktorların özlərindən öyrənməyə çalışıb.
“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid deyir ki, doğrudan da bu işdə xüsusi keyfiyyətlər tələb olunur: “ Ümumiyyətlə baş redaktor olmaq xüsusi bir keyfiyyət tələb edir. Bu işdə şəxsi marağın və hər hansı münasibətin arxa plana keçməlidir. Həm də ictimai fikri öyrənmək, həssas olmaq və məlumatlı olmaq da lazımdı“. Rəşad Məcid işçilərlə sivil, hörmət əsasında qurulmuş münasibətə üstünlük verdiyini söylədi. “İdarəçilikdə hansısa sərtlik mənə xas olan xüsusiyyət deyil. Amma arada məsuliyyətsiz işçilər xarakterimdə dəyişiklik yaradırlar və sərt olmağa məcbur oluram”.
“Üç nöqtə“ qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı baş redaktor olmağın çətinliklərindən belə danışdı: “Baş redaktor olmaq istər işdə, istərsə də cəmiyyətdə daha çox məsuliyyət tələb edir. Baş redaktor olmağın hələ ki, bir üstünlüyünü görməmişəm, əksinə deyərdim bu çox ağır bir işdi. Həmçinin də qeyd edim ki, mətbuat kiçik bir ailə üçün, bir müəssisə üçün nəzərdə tutulmayıb, o ölkə üçün, dünya üçün, milyonlarla oxucu üçün nəzərdə tutulub və belə bir qəzetin baş redaktoru olmaq da çox çətindi”.
Xoşqədəm Hidayətqızı iş prosesində olan gərginlikdən də söz açdı. ”Bəzən iş üçün məcbursan ki, əsəbi olasan, bu da bəzi məqamların üzə çıxması ilə baş verir. Bir insan işi zamanında çatdırmayıbsa və ya verilən tapşırıq lazım olduğu səviyyədə deyilsə, istər-istəməz işçilərlə baş redaktor arasında çətinliklər yarana bilər. İş yerimi bir ailə sayıram və narazılıq olanda da ailə daxilində həll edirəm, bu problemləri mətbuata sızdırmıram. İş yerim mənim ailəm və işçilərim də mənim ailə üzvlərimdi“.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli baş redaktor olmağı hansısa bir üstünlük verməsi barədə düşünmək istəmir: “Yəqin ki, müəyyən üstünlükləri var. Hər halda mən baş redaktorluğa daha təcrübəli jurnalistin idarəçiliyi kimi baxıram. İş prosesində də hər halın ola biləcəyini istisna etmirəm, şübhəsiz ki, sərt olduğum zamanlar olur. Amma heç vaxt etik normaları pozmamışam. Elə məqamlar olur ki, həmin anda qərar qəbul etmək məcburiyyətində qalırsan. Həmin an mən özümü baş redaktor kimi yox, döyüş meydanında olan komandir kimi hiss edirəm və bu an işin irəli aparılması, yaxud pozulmaması üçün ən sərt qərarı belə, qəbul edə bilərəm. Amma adətən bütün əməkdaşlarımızla dost kimi davranıram. Onları özümdən fərqləndirmirəm. Qəzetin əməkdaşlarından isə razıyam“ .
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydin Quliyev baş redaktorluğun üstünlüklərindən deyil, daha çox çətinliklərindən danışmaq istədiyini qeyd etdi: “Bizim mətbuatın indi elə bir inkişaf dövrüdür ki, baş redaktor olmağın çətinlikləri daha çoxdur, nəinki üstünlükləri. İndiyə qədər biz baş redaktorlar daha çox problemlərlə üzləşirdik, çətinlik çəkirdik. Amma etiraf edək ki, mətbuatın inkişafı ilə baş redaktorların müəyyən imtiyazları da tanınmağa başladı. İşçilərimdən razı olub ya olmamağa gəlincə, deyə bilərəm ki, əgər razı qalmasaydım qəzet bu qədər uzun müddət fəaliyyət göstərə bilməzdi. Mənim işçilərimdən belə bir narazılığım yoxdur, amma iş prosesində neqativləri olan jurnalistlərin də fəaliyyətini islah etməyə çalışıram. Bir sözlə, işçilərimlə aramızda elə bir narazılıq yoxdur”.
Aydın Quliyev işçilərinin onu bu günə kimi əsəbləşdirmək həddində olan bir ciddi qəbahət işlətmədiklərini də söylədi: “Aydın məsələdir ki, hər dəfə eyni tonda rəhbərlik etmək olmaz. Çünki iş prosesində bir çox hallar, çətinliklər və rəvanlıq da ola bilər. Təbii ki, çətinliklər olur və bunların da hamısına eyni cür yanaşmaq olmaz. Ona görə də mənə elə gəlir ki, təkcə baş redaktorlar yox, bütün rəhbər vəzifələrdə işləyənlər kollektivi həmişə dəyişən stillərdə, dəyişən taktikalarda idarə etməlidirlər. Başqa cür mümkün deyil“.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, baş redaktor olmağın üstünlüklərini müəyyən etmək bir az çətindir: “Mən başqa bir vəzifədə çalışmadığım üçün baş redaktor olmağın üstünlüklərini də müəyyən edə bilməyəcəm. Amma ətrafımdakı insanlar mənim iş prosesində necə olduğum haqda müəyyən qədər fikir yürüdə bilərlər. İş prosesində mənim fikrimcə, xarakterim dəyişmir. Çünki həmişə necəyəmsə, eləyəm, dəyişmirəm. Bir də ki, mənim işim elə mənim həyat tərzimdi. İşçilərimdən də çox razıyam. Bir də onlara işçi deməzdim, daha çox mənim silahdaşlarım sayılırlar. Bu baxımdan da silahdaşlarımdan, missiyadaşlarımdan, tərəfdaşlarımdan çox razıyam“.
Könül Səid