Modern.az

“Kommunist”in müxbiri: “Bir hərf səhvinə görə mənə şiddətli töhmət verdilər” - SÖHBƏT

“Kommunist”in müxbiri: “Bir hərf səhvinə görə mənə şiddətli töhmət verdilər” - SÖHBƏT

30 May 2012, 13:32

"Qaydaya görə, redaktor təyin edilməyim üçün Heydər Əliyevin qəbulunda olmalıydım, amma məni Heydər Əliyevlə görüşdürməyə ürək eləmədilər".

Rafiq Həsənov: “Qəzetdə işlədiyim müddətdə əvvəlcə 1 otaqlı, sonra 3 otaqlı mənzillə təmin olundum...” 

Modern.az
saytı "Sabiqlər" rubrikasında növbəti müsahiblə söhbəti təqdim edir.

Rafiq Həsənov 1939-cu ildə indiki Cəlilabad şəhərində anadan olub. Uşaqlıq illəri müharibənin qanlı-qadalı dövrünə təsadüf etdiyi üçün həyat sərt üzünü ona çox erkən göstərib. Zəhmətkeş ailədə böyüyən Rafiq Həsənov 8-ci sinifdə oxuyanda fotoatelyedə işə düzəlib. Deyir ki, fotoatelyedə işləməsi onda jurnalistikaya maraq oyadıb. 1958-ci ildə orta məktəbi bitirəndə tərəddüd etmədən sənədlərini indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verib. İlk cəhdinin uğursuz olması onu həvəsdən salmayıb. İllər bir-birini əvəz etsə də, jurnalistikaya olan marağı zərrə qədər də azalmayıb. Nəhayət,  bir neçə cəhddən sonra, 1965-ci ildə tələbə olmaq arzusuna çatıb.

Rafiq Həsənovun karyera sahibi olması üçün çox vaxt tələb olunmayıb. Tələbəlik illərində fəal, son dərəcə çalışqan, bir neçə semestr əlaçı olması onu müəllimlərinin sevimlisinə çevirib. Mir Cəlal Paşayev, Əli Fəhmi, Zinyət Əlizadə, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Əlövsət Abdullayev, Nəsir İmanquliyev, Abbas Zamanov,  Ağamusa Axundov, Seyfulla Əliyev və daha neçə  böyük alimdən elm, jurnalistikanın sirlərini öyrənən gənc Rafiq tezliklə universitet auditoriyasını redaktor kürsüsünə dəyişib. 1969-cu ildə ali məktəbi bitirəndə onu təyinatla Naxçıvan Muxtar Respublikasının keçmiş İliç (indiki Şərur, Sədərək və Kəngərli) rayonunda çıxan “İşıqlı Yol” qəzetinə redaktor göndəriblər. Beləcə, onun həyatında yeni bir dövr başlayıb...

Rafiq müəllim deyir ki, rayon qəzetinə redaktor təyin  edilməsi  onun özü üçün də gözlənilməz olub:
“Bir gün məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə çağırdılar. Azərbaycan KP MK-da bölmə müdiri işləyən Rəşid Mahmudov mənə jurnalistikaya, mətbəə işinə, dünya hadisələrinə aid çoxlu suallar verdi. Sonra isə ümumi dünyagörüşümü bir növ imtahan elədi. Bu cür söhbətlər tez-tez təkrarlanmağa başladı. Bəzən həftədə 3 dəfə məni çağırıb söhbət edir, müxtəlif sahələrə aid suallar verirdilər. Bir müddət sonra MK-nın şöbə müdiri Teymur Əliyevin yanında oldum. Teymur müəllim də xeyli sorğudan, ədəbiyyat-incəsənət sahəsində biliyimi yoxladıqdan  sonra  axır zamanlar   hansı kitabları mütaliə etdiyimi   soruşdu, konkret mövzuda məqalə yazdırıb oxudu. Teymur Əliyevdən sonra məni Azərbaycan KP MK-nın katibi Cəfər Cəfərov qəbul etdi. Bu minvalla sorğu-sual prosesi aylarla  çəkdi. Axırda dedilər ki, səni Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov qəbul edəcək. Həmin vaxt Vəli Axundov Bakıda olmadığı üçün mənə bir qədər gözləməyi məsləhət gördülər. Amma həmin ərəfədə Vəli Axundovu işdən çıxardıqları üçün bizim görüşümüz baş tutmadı. Bir qədər  əvvəl isə  məni Naxçıvana göndərmişdilər. Orda da mərhələ-mərhələ  sorğu-sualdan keçmişdim.  Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin bölmə müdiri Fəttah Heydərovla, şöbə müdiri Hüseyn İbrahimovla və  katib Qənbərovla görüşüm, söhbətlərim  olmuşdu... Birinci katib Hacağa İbrahimov da  mənim rayon qəzetinə redaktor təyin olunmağıma etiraz etmədi...

Artıq  Azərbaycanda hakimiyyətə rəhmətlik Heydər Əliyev gəlmişdi. Qaydaya görə, redaktor təyin ediləsi adam Heydər Əliyevin qəbulunda olmalıydı. Amma məni Heydər Əliyevlə görüşdürməyə ürək eləmədilər. Avqust ayında dedilər ki, get işlə, etimadı doğrultsan, birinci katib özü səni qəbul edəcək”.

Rafiq Həsənov deyir ki, həmin vaxt “İşıqlı Yol” qəzeti 5-6 min tirajla çıxırmış. Qəzetin simasını dəyişmək üçün əlindən gələni etsə də, görüləsi iş hələ çox imiş.   “İki ay sonra məni Bakıya çağırıb, Mərkəzi Komitədə qəzetin işini müzakirə etdilər. Dedilər ki,  əsaslı dəyişikliklərə nail ola bilməmisən, sadəcə, şamı söndürüb, yerində  lampa yandırmısan. Bu, o deməkdi ki,  işimizdəki inkişaf günün tələblərinə hələ cavab vermir. Buna baxmayaraq, məni redaktor vəzifəsinə təsdiq etdilər. Amma bərk-bərk tapşırdılar ki, heç də arxayın olma, əgər etimadı doğrultmasan, işdən çıxarılacaqsan”.


Rafiq Həsənov  “İşıqlı Yol” qəzetinin redaktoru işlədiyi vaxt Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə şəxsən görüşmək imkanı olub. Aradan 43 ilə yaxın zaman keçməsinə baxmayaraq həmin görüşün təəssüratını unuda bilmir: “Heydər Əliyevin böyük, işıqlı kabineti vardı. Otağa daxil olan kimi yerindən qalxıb, mənə  əl uzatdı. Mehriban  söhbət əsnasında  öz tövsiyyələrini söylədi. Jurnalistikayla bağlı o qədər əhatəli danışdı ki, əməlli-başlı təəccübləndim. Bu görüş yaddaşıma əbədi həkk olunub”.

Rayonda  yerli rəhbərliyin qəzetə laqeyd münasibəti gənc redaktorun öz potensialını üzə çıxarmasına imkan verməyib. Rafiq Həsənov 1970-ci ilin noyabrında öz ərizəsi ilə “İşıqlı Yol” qəzetinin redaktoru vəzifəsindən azad olunub:
“Bakıya qayıtdıqdan sonra iş üçün  bir neçə  redaksiyaya üz tutdum,  məni mehribanlıqla dinləsələr də, gözləməyi vəd etdilər.  “Kommunist”in redaktoru Ağababa Rzayev isə  heç bir qohumluq, yerliçilik münasibəti, xahiş, tapşırıq, minnət olmadan məni neçə-neçə jurnalistin arzuladığı ədəbi işçi vəzifəsinə götürdü.  Ağababa müəllim məni tələbəlik illərimdən,   təcrübə kurslarını “Kommunist”də keçirdiyimdən,  həm də Universitetdə Jurnalistika üzrə Dövlət İmtahan Komissiyasının sədri olduğu vaxtdan tanıyırdı. Bununla belə dedi:  “İşlə baxarıq, yaxşı işləsən vəzifəni böyüdərəm”. Allah Ağababa müəllimə qəni-qəni rəhmət eləsin, sözünə sadiq oldu. İllər bir-birini əvəz etdikcə vəzifəm pillə-pillə yüksəldi, maaşım artdı. Əvvəlcə ailəlilər yataqxanasında hər cür şəraiti olan 1 otaqlı mənzil aldım, sonra Əhmədlidə 3 otaqlı mənzillə təmin olundum... 
2001-ci ildə  ikinci dəvətdən sonra yüksək əmək haqqı ilə  AzərTAc-a respublikanın cənubu üzrə bölgə müxbiri vəzifəsinə dəyişilsəm də “Kommunist”ə  ömrüm boyu minnətdaram”.

Rafiq Həsənovun sözlərinə görə, “Kommunist”də həmişə gərgin, dəqiq və məsuliyyətli iş rejimi olub. Qəzet təxminən yarım milyon tirajla çap olunurdu. Onu respublikanın bütün yaşayış məntəqələrində gözləyir, oxuyur, ona güman yeri kimi baxırdılar. Bu səbəbdən də  redaksiya hər il 15-16 min, bəzən isə 20 min məktub alırdı:
“Redaksiyaya məktub axınının başlıca səbəbi adamların qəzetə inamı idi. Qəzetə ünvanlanan məktubların böyük əksəriyyəti yerlərdəki haqsızlıqlardan, qanun pozuntularından, məişət çətinliklərindən, digər neqativ hallardan bəhs edirdi. Əli hər yerdən üzülən şikayətçilər qəzetdən kömək umurdular. Redaksiya bütün məktublara həssas yanaşırdı. O vaxt bizim prinsipimiz belə idi: “Hər məktubun arxasında canlı insan dayanır”.
Buna görə də əməkdaşlar hava şəraitindən, yol çətinliklərindən asılı olmayaraq, fəryad qoparan məktubların izi ilə ölkənin ən ucqar guşələrinə yollanırdılar. Jurnalistlər məktub müəllifləri ilə görüşür, vəziyyətlə ətraflı tanış olandan sonra lazım gəlsə qəzet üçün material hazırlayırdılar. Qəzetdə müntəzəm olaraq “Məktublar səhifəsi”, “Bir məktubun izi ilə”, “Məktub dərc olunmasa da...”, “Oxucu məktubları”, “Məktublardan sətirlər” və başqa rubrikalar altında yazılar dərc edilirdi. Materiallar hazırlanarkən fakt dönə-dönə yoxlanar, dəqiqləşdirilər, yalnız bundan sonra qəzetdə dərc olunardı. Təhqirə, qəlbə toxunan ifadəyə  yol verilməzdi. Hər cümlə, fikir, ifadə, ideya üçün redaksiya heyəti cavabdehlik daşıyırdı”.

Həmsöhbətim hesab edir ki, “Kommunist” qəzeti dövlət və ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsində plüralizmə, fikir ayrılığına lazımınca yer ayırırdı:
“Qəzet Azərbaycanla əlaqədar hər hansı məsələyə dərhal münasibət bildirirdi. “Kommunist”in səhifələrində Azərbaycan dilinin saflığı, orfoqrafiya qaydalarının tənzimlənməsi, bir sıra əcnəbi sözlərin əvəzinə “tıxac”, “çimərlik”, “əczaxana”, “əyləc” və başqa qarşlıqlı ifadələrin gətirilməsi uğrunda mübarizə gedirdi. Ötən əsrin yetmişinci illərində qəzetdə yer verilən müzakirələrin birində ideya beləydi: “Biz hörmət və ehtiram mənasında qadınlara “xanım” deyə müraciət edirik. Bəs kişilərə necə müraciət edək?” Bu, əsl polemikaya səbəb oldu. Redaksiyaya yüzlərlə məktub gəldi. Çoxları hələ o vaxt kişilərə “yoldaş”, “müəllim” sözlərinin əvəzinə “bəy” deyə müraciət olunmasının tərəfdarı idi. Amma yuxarı dairələrdə “bəy” sözünün sinfi mənasından çəkinərək, bu müraciət formasını məqbul hesab etmədilər. “Bəyin nökəri də olar” dedilər. Bununla da qəzetdə gedən qızğın müzakirələr dayandırıldı”.

Həmsöhbətim sovet dövründə Azərbaycanın ən tirajlı qəzeti barədə danımağa davam edir:

“İndi “Kommunist” adı ayrı-ayrı  adamlarda sanki allergiya yaradır, hətta  bəzən “düşmən” sözünün sinonimi kimi qəbul edilir. Mən isə deyirəm: Adına baxmayın, bu qəzetin məsləki  xalqa, dövlətçiliyə xidmət idi. Bu yöndə minlərlə nümunədən birini söyləyim. Məlum olduğu kimi 1980-ci illərin sonuna yaxın Heydər Əliyev SSRİ rəhbərliyindən qəsdən kənarlaşdırıldı. Bunun ardınca ermənilər  görünməmiş canfəşanlıqla fitnəkarlığa başladılar. Onların havadarları, Moskvanın araqızışdıran jurnalistləri bəd niyyətlə  başıbəlalı Qarabağa ayaq açdılar. Çağrılmamış qonaqlar, xüsusilə “Komsomolskaya Pravda” müxbirləri  bu torpaqlardan hazırladıqları materiallarda Dağlıq Qarabağı bilərəkdən Ermənistan torpağı kimi qələmə verdilər. Belədə “Kommunist” qəzeti partiyalı mövqeyi, partiya etiqadını və etikasını kənara qoyub vətən, yurd təəssübkeşliyini önə çəkdi. Azərbaycanın  bütövlüyünü əsas götürərək “Komsomolskaya Pravda”ya açıq məktubla çıxış etdi. O vaxtkı nəhəng dövlətin baş şəhərindəki “çoxbilmiş” jurnalistlərə coğrafiyadan dərs verdi, həm də daşın haradan atıldığını dəqiq və cəsarətlə  göstərdi. Hələ o vədələr ruhən “Xalq qəzeti” olduğunu aşkar büruzə verdi.

Elə bilməyin “Kommunist” qəzetinin nostalgiyasi ilə yaşayıram. Yox, onun xiffətini çəkirəm.  Bilirsiniz necə?  Ölməz sənətkar Rəşid Behbudovun qəlbləri cuşa gətirən ifasının,  səhnə mədəniyyətinin həsrətini çəkdiyim sayaq, ticarət obyektlərində alıcıya saxta mallar, keyfiyyətsiz ərzaqlar sırınanda, yaşayiş yerlərində hər addımbaşı dəhşətli antisanitariya ilə rastlaşanda qəzəbləndiyim qədər, ahıl adamın  gəncliyin şirin, unudulmaz  xatirələrinin eşqiylə yaşadığı   qaydada. Bu gün bir sıra mətbuat vasitələrini oxuyanda “Kommunist” qəzetinin dilinin təmizliyi və saflığınin, orfoqrafiya səhihliyinin, kəsərli sözünün,  şəxsi subyektivizmə amansızlığının, vətənə və  dövlətçiliyə sədaqətinin, eləcə də dərin elmi-təcrübi təhlilli, problematik yazılarının  xiffətini çəkirəm...”.

1970-ci ildə “Kommunist” qəzetində kiçik ədəbi işçi kimi fəaliyyətə başlayan Rafiq Həsənovun ömrünün 35 ilə qədəri “Kommunist”, sonradan “Xalq qəzeti” mətbu orqanı ilə rəsmən bağlıdır. O, müxtəlif illərdə müxbir, baş müxbir, xüsusi müxbir, bölgə müxbiri vəzifələrində çalışıb. İşinə ciddi yanaşdığı üçün çoxillik jurnalist fəaliyyəti dövründə cəmi bir dəfə səhvə yol verib:
“1975-ci il idi. Mətbəədə gecə növbətçisiydim. Materialların hamısını diqqətlə oxudum, nəzərdən keçirib, evə getdim. Səhər işə gələndə məlum oldu ki, rəsmi materiallardan birində “Məmmədli” soyadı səhvən “Məmmədəli” kimi gedib. Bu, “Kommunist” üçün böyük səhv idi. Gəncliyimi və birinci səhvim olduğunu nəzərə alıb, məni işdən çıxarmadılar. Amma bir “ə” hərfinə görə mənə haqlı olaraq şiddətli töhmət verib, rüblük mükafatdan məhrum etdilər”.


Seymur VERDİZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi