Modern.az

Əcnəbi vətəndaşla ailə quran azərbaycanlı jurnalist: “İlk evlilik təklifini mən etmişəm” - MÜSAHİBƏ

Əcnəbi vətəndaşla ailə quran azərbaycanlı jurnalist: “İlk evlilik təklifini mən etmişəm” - MÜSAHİBƏ

Media

2 İyun 2012, 15:40

Kəbutər Haqverdi: “Əcnəbi ilə ailə qurmaq elə süd gölünə düşmək deyil”


Modern.az
xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə hekayətini davam etdirir. Bugünkü müsahibimiz Türkiyə vətəndaşı ilə ailə qurub hazırda İstanbulda yaşayan xanım jurnalist Kəbutər Haqverdidir.

– Jurnalist kimi ilk fəaliyyətim Biləsuvarda rayon qəzetində olub. O zaman jurnalistika fakültəsinə qəbul üçün ən birinci şərt 2 il ştatdankənar müxbir kimi çalışmaq idi. Daha sonra mənim üçün böyük qəzetçi kimi yadda qalan Sabir Rüstəmxanlının baş redaktoru olduğu “Azərbaycan” qəzetində işləmişəm. Burada dövrünün imza sahibi Fəridə Ləman, Zeynal Vəfa, Mirşahin, Vahid Naxış da var idi. Sonra ailə vəziyyətimlə bağlı mətbuatdan getdim. Amma yenidən jurnalistikaya qayıtdım. “Şans” qəzeti və zamanının Cəlil Məmmədquluzadəsi olan Məmməd Nazimoğlu, imzasını bircə yazısı ilə yaddaşlara yazan Hüseyn Əfəndi, gözəl qələm sahibi olmaqla yanaşı, gözəl insan Zöhrab Əmirxanlı, “Avropa” və oranın Fəxri Uğurlu kimi rəhbəri, Qulu Ağsəs və s. ilə birgə işləmək böyük fürsət idi.
Son iş yerim isə 14 il doğma evim olan “Yeni Azərbaycan” qəzeti idi.

– Əcnəbi, daha doğrusu, Türkiyə vətəndaşları ilə ailə quran xanım jurnalistlərdən biri də siz oldunuz. Bu qərara necə gəldiniz?

– 40 yaş artıq xəbər yazmaq yox, jurnalistikanın daha ciddi bir sahəsi ilə məşğul olmaq zamanıdır. Dəhşətli dərəcədə tükəndiyimi hiss edirdim. Bir adamın yetişən bir gəncin qarşısını kəsməsi, yeni, daha istedadlı, daha bacarıqlı bir gəncə əngəl olması dözülməzdir və hiss edirdim ki, getdikcə istəməsəm belə, dözülməz olmağa başlamışam. Mənə Sabir Rüstəmxanlı, Məmməd Nazimoğlu belə dərs keçməmişdi. Hər dəfə yanına qaçdığım, dərdimi deyib üstünə ağladığım Məmməd Nazimoğlu sağ olsaydı, mənə məhz “jurnalistikadan get” deyəcəkdi. Bundan başqa, ilk yazımdan publisist kimi qəbul olunmuşdum. Odur ki, içimdə daha oturaq bir tərz ehtiyacı duydum.
Topladığım təcrübə, əlimdə olan materiallar və bunun üçün ən ideal variant sakitliyə çəkilib yazmaq, yazmaq və yenə də yazmağı diqtə edirdi. Azərbaycandan uzaqda olmaq, bu məkanda baş verənlərə daha uzaqdan baxmaq, hadisələri daha aydın görmək marağı da vardı. Mənim üçün ən ideal variant Türkiyə idi. Çünki mühafizəkar adamam və öz dilimdən, öz qanımdan olan bir toplumda rahat edə bilərdim. Evlənmək qərarı, təbii ki, karyeramda dəyişiklik etmək fikrindən sonra gündəmə gədi.

– Həyat yoldaşınızla tanışlığınız necə oldu?

– İnternet Azerbaycana ayaq açan gündən mən də onun içində varam. “Yeni Azərbaycan” qəzetinde qısa müddətə də olsa virtual layihə müəllifi olmuşam. Və virtual aləmdə çox sayda dostlarım var. Yəni subay və ya dul bir qadının bu ortamda evlilik təklifi alması təsadüfü deyil.
Doğrusunu deyim ki, evlilik təkliflərinə çox ciddi yanaşmırdım və hətta mənə edilən bu təklifi hələ subay olan rəfiqələrimə məsləhət görürdüm. Bir neçə dostum belə rəfiqələrimlə evlənib və xoşbəxt də olub. Amma bir dostum vardı ki, təkidlə “evlənək” deyib dururdu. Ən sonda mən bu mövzuda danışmağı ona qadağan etdim.
Türkiyəyə köçməzdən bir il öncə səhhətimdə çox ciddi problem yaranmışdı. İnternetdən həkimlə tanış oldum, müayinə edildim və İstanbula getməyim lazım gəldi. Nəticədə ora getdim və həmin dostuma zəng edib burada olduğumu bildirdim, amma ona dedim ki, bir şərtlə görüşə razı olaram ki, elçilik söhbəti olmayacaq. O da razılşadı, görüşdük və 10 gündən sonra geri döndüm. Bir müddət o, internetdə görünmədi, sonra bir gün zəng elədi ki, gəl, sizin ofisin qarşısındayam. İstanbulda hansı qonaqpərvərliyi görmüşdümsə, o qədərini göstərməyə çalışdım. Elə bu ərəfədə sonralar lətifə kimi xatırlayacağımız bir hadisədə oldu. Sahil bağında mənə zəng edib dedi ki, düş aşağı, gedək çörək yeyək. Çantamı götürüb aşağı enən zaman baş redaktorumuz çağırıb tapşırır ki, Aysel Əlizadə ilə görüşməlisən, səni gözləyir. Pilləkənləri qaça-qaça endim və ona dedim ki, sən burda gözlə, bir saatlıq işim var, geri qayıdacam. Hava çiskin, iş gününün sonu, gəldim, görüşümüz alınmadı, gözləməli oldum, müsahibəni aldım. Bunun məni gözləməsini isə tamam unutdum. Cücə kimi islanmış və soyuqdan donmuş halda evə qayıtdım. Özümü yatağa güclə çatdırdım və gecə saat 3-də gözümü açdım, yadıma düşdü ki, vay, o adama gözlə demişəm... 
Bununla belə, evlənmək təklifini ilk dəfə mən etdim ona. Soruşdum ki, bir il əvvəlki fikrində qalırsanmı və... beləcə, evləndik.

– Heç nə vaxtsa fikirləşmişdinizmi ki, əcnəbi vətəndaşla ailə quracam, yoxsa bu bir təsadüf oldu?


– Yox, evlənməyi heç ağlımın ucundan keçirməmişdim. Mən evlənənə qədər vaxtımı kiməsə sərf edəcəyimə inanmırdım. Mənim üçün kitab oxumaq, teatra getmək, mahnıya qulaq asmaq evlənməkdən önəmli olub. Sadəcə, həyatımda bir-birinin ardınca baş verən dəyişikliklər, uzun illərin yorğunluğu və daha vacibi yaşım düşünürəm ki, öz işini gördü. Məni məğlub etdi.

– İlk dəfə onunla ailə həyatı quracağınızı ailənizə bildirəndə, ailəniz, övladlarınızın sizin ikinci evliliyinizi necə qarşıladılar?

– Təbii atam-anam narahat oldu, çünki kənd adamlarının İstanbula Azərbaycan prizmasından baxışı fərqlidir bizimkindən. Yox deməsələr də, belə uzağa getməyim ürəklərincə deyildi. Qızım isə sevindiyindən atılıb düşürdü: “Ura, mamanın toyu olacaq!”.

– Bəs həyat yoldaşınızın ailəsi, qohumları, yaxınları tərəfindən necə qarşılandınız?

– Ondan xəbərim olmadı. Hər ikimiz 40 yaşın üstündə olan adamlardıq. Yəni oğul-uşaq evləndirəcək bir yaşdaykən bir ailənin qurulması bizə çətinliklər yarada bilməzdi. Onun da iki övladı vardı və atalarının evlənməsinə çox sevinmişdilər.

– Ümumiyyətlə, son zamanlar əcnəbilərlə ailə qurmaq halları daha çox artıb. Sizcə, bu nədən irəli gəlir?

– Bilmirəm. Əslində, əcnəbi ilə ailə qurmaq elə süd gölünə düşmək deyil. Onun da müəyyən problemləri olur. Amma bu addımı atan hər adamın özünə görə səbəbləri var.

– Türk kişilərini, fikrinizcə, Azərbaycan qadınlarında cəlb edən nədir?

- Bircə onu deyim ki, bizim qadınlarla nikaha meyl sırf ailə adət-ənənələrinin Azərbaycan qadını tərəfindən qorunub saxlanılmasındadır.

– Neçə vaxtdır Türkiyədə yaşayırsınız?

- Artıq bir il oldu.

- Birdən-birə vətəndən uzaqlaşmaq sizə çətin olmadı ki?

- Çox çətin oldu. İlk ayı hətta çantalarımı belə boşaltmadım və ilk fürsətdəcə geri dönməyi düşünürdüm. Sadəcə, olaraq evləndiyim adamı düşürəcəyim vəziyyət qarşımı kəsirdi. İstanbulu heç sevə bilmirdim. Bakı ilə müqayisədə insanlar çirkli, soyuq, nəm və yad bir bozluk içində olan bu şəhərdə nə görmüşdülər belə, anlaya bilmirdim. Amma istanbullular bu şəhəri o qədər sevirlər, o qədər fəxr edirlər ki, hərdən onlara paxıllığım tutur. Kaş ki biz də o gözəlim Bakımızı bu qədər sevə biləydik, kaş ki biz də öz vətənimizlə bu qədər fəxr edə biləydik, kaş ki biz də öz bayrağımızı, eynən İstanbulda olduğu kimi, dövlət idarələrinin qarşısı ilə yanaşı eyvanımızdan, qəhvəxanalarımızdan, dükanlarımızdan, qəbir daşlarımızdan asaydıq.

- Bildiyimiz qədər, Türkiyə gedəndən sonra da boş durmamısınız, ictimai fəaliyyətlə məşğul olursunuz, bu barədə danışa bilərsiniz?

– Türkiyə-Azərbaycan Birliyinin həmsədriyəm və Azərbaycanla bağlı ilk işim Xocalı faciəsindən qurtulan 6 qadının Türkiyəyə gətirilməsi oldu. Yəni bütün Türkiyə Xocalı faciəsi haqqında ordan xilas edilənlərin öz dilindən eşitdi. Eyni zamanda bir il müddətində Xocalı faciəsindən bəhs edən bir romanım işıq üzü gördü.

– Azərbaycan üçün darıxırsınız? Qayııtmaq istərdiniz nə vaxtsa?

– Darıxmağa vaxt belə yoxdur.

– Əcnəbilərlə ailə həyatı quranlar çox zaman yaxınları ilə məsafə uzaqlığının həsrətində qalırlar. Bəs siz necə? Azərbaycanla əlaqələriniz, gediş-gəlişiniz necədir?

– Mən belə bir qopma yaşamadım. Çünki təbiətcə darıxan adam deyiləm və 15 yaşından valideynlərimdən uzaq yaşamağım bir çox alışqanlıq yaradıb. Üstəlik, işimlə əlaqədar istənilən vaxt Bakıya gələ bilirəm.

– Orada yaşayan azərbaycanlılar ilə əlaqə qurubsunuz?

- İlk gündən internetdə axtarıb burada yaşayan azərbaycanlıları tapdım. Gülarə xanım Yenisey, Hikmət Elp, Camal Mehmetxanoğlu ilə belə tanış olduq. Həmid bəy və onun oğlu Cümhur Turanın imzaları da bizim ədəbiyyatçılara tanışdır. Canlı görüşə bilmədiklərimlə də internet vasitəsilə əlaqə saxlayıram. İlhamə Qasımlı ilə Bakıdan tanışıq, həmkarıq və burda işgüzar münasibətlərə dostluq da əlavə olunub.

– Türkiyə köçəndən sonra oradakı mətbuatla əlaqə saxlamısınız, əməkdaşlıq etmisiniz?

– Yox. Mətbuatda işləmək istəmirəm. Hətta bir neçə kiçik təklif də oldu, amma zamanımı hansısa mövzunun araşdırılmasına sərf etmək istəmədim. Çünki bura köçəndə də planlşdırmışdım ki, nəşriyyatlarla çalışacam. Hazırda əlimdə iki roman var və inşallah bu il onları təhvil vermək istəyirəm. Türkiyə mətbuatı ilə əlaqəyə gəlincə, Xocalı faciəsi ilə bağlı yazılarla əlaqədar görüşlərimiz olub və məşhur qələm sahibləri ilə tanış olmuşam.

– Mətbuatı izləyirsiniz? Əvvəllər, elə bəzən bu gün də tez-tez işlədilir ki, bizim mətbuat çox geridə qalıb, buna sizin fikriniz necədir?

– Əslində, Azərbaycan mətbuatında işləmək çox çətindir. Fikirlərimi “Xural” qəzetinin baş redaktoruna yazdığım məktubda açıqlamışdım. Və bununla bağlı daha böyük bir yazı yazmışam. Yəqin ki, bu günlərdə hansısa mətbuatda işıq üzü görəcək. Qısaca deyim ki, mətbuatımız durğun bir gölə bənzəyir. Mənasız, zamanında sensasiya yaradan mövzularla diqqət cəlb etmək istəyən, toy müğənnilərinin ardınca qaçan həmkarlarıma demək istəyirəm ki, vaxtınızın qədrini bilin. Mətbuat tarixini hansısa meyxanaçını mədh etməklə, hansısa bulvar mövzularını gündəmə gətirib yazmaq mümkün deyil.

–  Türkiyədən Azərbaycan necə görünür?

– Adamın istər-istəməz dodaqları qaçır, üzünə təbəssüm qonur. Ölkəmizdə gedən inkişafın fonunda problemlərimiz və uğurlarımız daha aydın görünür. Onu da deyim ki, Türkiyədə yeni nəslin içində çox güclü Azərbaycan sevgisi və marağı var, təbii narahatçılıqlar da öz yerində. Azərbaycanı neft ölkəsi kimi tanıyanlar onun taleyindən də çox narahatdırlar.

– Bir sıra sahələrdə olduğu kimi, mətbəxlərimizdə də fərqlənirik, evdə hansı yeməklər daha çox bişir? Azərbaycan, yoxsa Türkiyə?

– “Evin qadını haralıdırsa, ev əhli də oralıdır” məsəlini, yəqin, bilirsiniz. Öz mətbəximizdən nəyi bacarıramsa, onu da bişirirəm, xüsusi ilə plovlarımızı. Türk mətbəxinin də çiy küftəsini sevirik.

– Çox zaman əcnəbilərlə ailə həyatı qurub Azərbaycanı tərk edənlər sonradan doğulduğu ölkəyə gələndə buradakı mühitə uyğunlaşa bilmirlər. Bəs sizdə bu vəziyyət necədir?

– Azərbaycan mənim yuvamdır. Yuva əslində canlıya hər problemdən qorunmaq, sığortalanmaq hissi verir və mən də Azərbaycanın varlığını özümə inamımda duyuram. Fəxr etdiyim, adını hər an qürurla təkrar edə bildiyim, bir parçası olduğum bir yuvamın olması bizim, bütün azərbaycanlıların, o torpaqda dünyaya gələnlərin şansıdır. O mühit mənim yaşadığım, formalaşdığım mühitdir, pisdirmi-yaxşıdırmı, mən bunu düşünmürəm.



Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi