Modern.az

Sabir Ələsgərli: “Ən çox sevdiyim iş krossvord həll etməkdir” - MÜSAHİBƏ

Sabir Ələsgərli: “Ən çox sevdiyim iş krossvord həll etməkdir” - MÜSAHİBƏ

5 İyun 2012, 09:51

Tanınmış teleaparıcı arada şeir də yazır...

Modern.az saytı tanınmış diktor Sabir Ələsgərli ilə müsahibəni təqdim edir.

1961-ci ildə Mirzə Fətəli Axundov adına Rusdili və Ədəbiyyatı İnstitutunu bitirdim. Amma diplom ala bilmədim. O zaman kəndlərdə rus dili müəllimi çatışmırdı. Bizə dedilər ki, gərək gedib, rayonlarda işləyib, arayış alasınız, sizə diplom verək. Nənəmgil Qazaxda yaşayırdı, mən də işləmək üçün Qazaxın Düzqışlaq kəndinə getdim. Orada işləməyə başladım. Çox əziyyət çəkirdim, çünki maşın yox idi. Səhər tezdən 10 km yolu piyada kəndə gedirdim. Diplomu alandan sonra kənddə işləyəsi olmadım, Bakıda qaldım. O vaxt dayım Yaqub Ələsgərov AzTV radiosunun xarici şöbəsinin redaktoru idi. Onun yanına iş üçün gəldim. Həmin vaxt da radioda  diktor müsabiqəsi keçiriliridi. Dayım mənə görə iş üçün kadrlar şöbəsinin müdirinin yanına getdi. O da cavab verdi ki, elə radioda müsabiqə keçirilir, müsabiqəyə getsin. Mən də müsabiqəyə getdim. 33 nəfər iştirak edirdi. Onların içərisindən təkcə məni seçdilər. Səsim  çox xoşlarına gəlmişdi, həm də mətni səhvsiz oxudum. Məni radioyaya işə  götürdülər. O vaxt AzTV-nin sədri Teymur Əliyev idi. O dedi ki, səni işə götürə bilmərəm. Səsin də, diksiyan da  çox xoşuma gəlir, amma Mərkəzi Komitənin qərarı var, rus dili müəllimlərini işə götürmək olmaz. O zaman idman xəbərlərinin baş redaktoru Hacı Hacıyev dedi ki, bizimlə müxbir kimi əməkdaşlıq et. 1962-ci ildə ştatdan kənar müxbir kimi fəaliyyətə başladım.

1966-cı ildə yenidən AzTV-də müsabiqə keçirildi. Televiziyanın sədri artıq Ənvər Əlibəyli idi.  Yenə də müsabiqədə qalib gəldim. Məni diktor götürdülər. 1972-ci ilin yanvar ayına qədər radioda diktor kimi işlədim. Səsim xoşlarına gəldikləri üçün məni məcburi televiziyaya göndərdilər, amma arıq olduğuma görə,  qətiyyən televiziyaya keçmək istəmirdim. Sədr dedi ki, əmrin verilib, sabahdan televiziyada işləyəcəksən. Çox məyus  halda ilk dəfə saat 6-nın xəbərlərinə çıxdım. Ertəsi gün sədrin yanında iclas oldu. Onda AzTV-nin sədri Yusifzadə idi. O dedi ki, Heydər Əliyev mənə axşam zəng vurdu,  bildirdi  ki, nəhayət, yaxşı səsi, avazı olan bir adam tapmısınız”.  2006-cı ilə qədər AzTV-də çalışdım.

– AzTV-dən ANS-ə keçmə istəyi necə yarandı?

– 44 il AzTV-də işləmişəm. 2006-cı ildə təqaüdçüləri işdən çıxartdılar. Bizi çıxardarkən dedilər ki, istədiyiniz vaxt gəlib-gedə, veriliş apara, layihə təklif edə bilərsiniz, bura sizin evinizdir. Neçə il burda zəhmət çəkmisiniz, ancaq maaş verilməyəcək, qonararla çalışacaqsınız. Mən qalıb işləmək istəmədim. Elə işdən çıxan günü həyat yoldaşım rəhmətə getdi. O vaxtlar mənim üçün çox çətin oldu. Həm yoldaşımı itirmək, həm də işsizlik. Sonra “Bakı  Film”in baş redaktoru Mailə Muradxanlı mənə zəng etdi ki, Vahid Mustafayev səni görmək istəyir. Fikirləşdim ki, yəqin, ya veriliş, ya da ki film oxutdurmaq üçün çağırırlar. Mənim kimi yaşlı adam kimin nəyinə lazımdır?! Vahid Mustafayev dedi ki, bizimlə çalışmağınızı istəyirəm. Burada cavanların nitqləri ilə məşğul olasınız. Mən də razılaşdım, artıq avqust ayında ANS-də işləməyimin 5 ili tamam olur. Hazırda “Xəbərçi” proqramının aparıcılarının nitqi ilə məşğul oluram.

– Canlı efir zamanı keçirdiyiniz ilk həyəcan?

– İşləməyə təzə başlamışdım. Həmin ərəfədə yeni il proqramı hazırlayırdıq. O zaman materialı kağızdan oxumaq yox idi, mətni əzbərdən deyirdik. Buna görə də həyəcan keçirirdim. Amma efirə baxandan sonra gördüm ki, hər şey qaydasındadır. Ümümiyyətlə, həyəcan olmalıdır, bu, normal bir haldır. İndi də canlı efirə çıxanda adamda bir az da olsa həyəcan olur.

– Maraqlıdır, birinci maaşınıza nə aldınız?

– Lap birinci maaşımı Qazaxda rus dili müəllimi işlədiyim vaxt almışam. Ona “alışma” almışdım. Alışma, yəni dana kəsirdilər və dananın ətini də bir neçə adam arasında bölürdülər.  Mən də 5-6 kilo ət almışdım. Yadımdadır ki, yemək yeyərkən gördüm nənəm ağlayır. Dedim, ay nənə, niyə ağlayırsan? Dedi ki, əhd etmişdim ki, sənin ilk qazancını dadım. Televiziyada isə ilk qazancım yadıma gəlmir. Cavan idik, bilmirəm nəyə xərclədim.

–  Sizin dövr jurnalistikası ilə indiki jurnalistika arasında nə kimi fərqlər var?

– Bizim dövrdə senzura var idi. Hətta mahnılar senzuradan keçməmiş efirə gedə bilməzdi.  Verilişi müxbirlər, redaktorlar yazırdılar, yoxlayırdılar, sonra icazə verilirdi ki, efirə getsin. Çox ciddi  bir çərçivə vardı. Həmin çərçivədən çıxmaq olmazdı. Sovet rejimi möhkəm idi. Amma indi azad şəkildə sözünü deyə bilirsən, hətta tənqid də edirsən. Bizim hətta ümumi geyim tərzimiz  var idi. Qalstuksuz, pencəksiz efirə çıxa bilməzdik. Yayın istisində mütləq qalstuk,  pencəklə efirə çıxırdıq, qadınların da geyimi örtülü olurdu. İndi cavanlarımız idman formasında, saqqalla efirə  çıxırlar. Düzü, indiki aparıcılardan çox narazıyam. Bizim mentalitetimiz var,  biz azərbaycanlıyıq. Bəlkə də,  indiki cavanlara bu, xoş gəlir, amma orta nəsil, yaşlı nəsil bunu qəbul edə bilmir.

– Bəs aparıcıların diksiyası sizi qane edirmi?

– Əksəriyyətinin diksiyasında qüsur var. Əvvəllər aparıcılar müsabiqə yolu ilə qəbul olunurdular. 3-4 gun müsabiqədə iştirak edirdik. Orada həm diksiyaya, həm xarici görkəmə, həm də səsə fikir  verilirdi. Müsabiqədə ən yaxşıları, ən baxımlıları  seçilirdi. İndiki səslər çığırtılıdır. Əksər aparıcılar “r”hərfinin yerinə, “y “deyirlər. Birinci növbədə, səs mikrafona düşməlidir. İndiki aparıcıların səsi heç mikrafonluq deyil, monoton oxuyurlar. Komputerdən tez-tələsik oxuyurlar ki, çatdıra bilsinlər. O da monoton, yorucu çıxır. Biz vərəqdən oxuyurduq, ona görə də səs tonumuz yerində idi. Tamaşaçıları yormamaq lazımdır. Səs eyni tempdə olmamalıdır, oynamalıdır. Şad və bəd xəbərləri elə oxumaq lazımdır ki, tamaşaçı xəbərləri aid edə bilsin. Bu xəbərlərin ikisin də eyni tonda vermək olmaz.  Mən gəncləri çox da qınamıram. Çünki mətnləri özləri komputerdə həm yazır, həm də səhifələyirlər. Amma bizim dövrdə xəbərlər bizə hazır vəziyyətdə gəlirdi. Müasir aparıcılar studiyaya qaça-qaça gəlirlər, bəzən mətndən xəbərləri olmur. Nitq qüsurlarını aradan qaldırmaq üçün komputerin tempini aşağı salmaq lazımdır ki,  rahat oxumaq olsun. Hərfləri bir az böyütmək lazım, müxbirlər də aparıcılara kömək etməlidirlər.

– Uzun müddət aradan sonra sizi ANS-in efirində, teleaparıcı Rövşanə Bektaşı ilə gördük. İndi isə görünmürsünüz. Səbəb nədir?

– Mən bir il “Sabiranə” verilişini apardım. Amma indi yaş özünü göstərir. Veriliş apara bilmərəm. Cavanlara yol vermək lazımdır. AzTV-də böyük bir məktəb formalaşmışdır. Birdən- birə bu məktəbi dağıtmaq olmazdı. Bir-iki nəfəri saxlamaq lazım idi, gələn cavan kadrlar bizdən nəsə öyrənə bilsinlər. Bizim də müəllimlərimiz olub, biz də onlardan öyrənmişik. Aydın  Qaradağlı,  Fatma Cabbarova, Ramiz Mustafayev kimi tanınmışlardan dərs almışıq.

– Nə üçün indi yalnız müəllim kimi fəaliyyət göstərirsiniz? Planınızda yeni bir veriliş, layihə hazırlamaq varmı?

– Şükür Allaha dolanışıq var. Xalq artistiyəm, 2001-ci ildən min manat prezident təqaüdü alıram. 200 manat qocalıq təqaüdü, xalq artisti olduğu üçün də əlavə 50 manat. Evdə oturmamağın dərdindən işləyirəm. Həmişə işdə olmağa adət etmişəm. Həyat yoldaşım rəhmətə gedəndən sonra  da lap çox sıxıldım. Hər gün 8-ci mkr-dan bura gələnə kimi 3 avtobus dəyişirəm. Şənbə-bazar evdə oluram, onda da özümə yer tapa bilmirəm. Cavanlıq belə idi ki, şəhərə gəzməyə çıxırdın, dostla-tanışla görüşürdün, amma indi o yaş deyil.

– Bir az da ailəniz haqqında. Övladlarınız nə işlə məşğul olur?

–Oğlum Xalq Təsərrüfatı İnstitutunu bitirib. Evlidir, hazırda neft şirkətində işləyir. Qızım Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib, mənimlə yaşayır. Bir müddət poliklinikada işlədi, sonra anasına baxası oldu, çünki anası şəkər xəstəsi idi. 

– İşlədiyiniz müddətdə yadınızda indiyənə kimi qalan ən maraqlı hadisə?

– Bir dəfə Məşədi Əzizbəyov haqqında veriliş hazırlayırdıq. Roza Tağıyeva, Davud Əhmədov və mən aparırdım verilişi.  Solmaz Əhmədova da rejissor idi. Verilişə məşq edib hazırlaşırdıq. Davudun bir sözü var idi. “O bir səməndər quşu idi”.  Davud bu sözləri çox pafosla dedi. Onda mən dedim: “Yox, yox, Hamlet Xanızadə idi”. Bu sözləri deyəndə bizi gülmək tutdu. Solmaz Əhmədova yuxarıdan düyməni basıb dedi ki, bəh-bəh axşam da belə etsəniz əla olar. Məşq bitdi. Axşam veriliş gedərkən, Davud həmin cümləni deyəndə yenidən bizi gülmək tutdu, özümüzü saxlaya bilmədik. Rejissor da yuxarıdan qışqırdı ki, təkcə Davud Əhmədovu obyektivə

götür, Roza Tağıyeva ilə Sabir Ələsgərlini götürmə. Efirdən sonra  otağa daxil oldum, gördüm ki, telefon zəng çaldı. “İzvestiya” qəzetinin müxbiri zəng vurmuşdu. Dedi ki, mənə Sabir Ələsgərli lazımdır. Dedim ki, eşidirəm. Dedi: “Ayıb olsun sizə, bu nə oyundur, efirdə çıxardırsınız? Mənim Moskvadan qonaqlarım var. Onlar da verilişə baxdılar, biabır olduq. Mən indi sizin sədrə zəng edib deyəcəm”. Dedim ki, narahat olmayın, məni işdən çıxartdılar. Əlbəttə, vəziyyətdən çıxmaq üçün yalan demişdim. Sonra fikirləşirdim ki, kaş Məşədi Əzizbəyovun qızı Püstəxanım verilişə baxmasın. Baxsa idi, mütləq sədrə deyəcək. 

– Sizdən səhv tutularkən reaksiyanız necə olur?

– Çox pis. Əvvəllər hətta bir səhvin üstündə işçini işdən kənarlaşdıra bilirdilər. Xəbərdarlıq edirdilər, töhmət verirdilər. O zaman indikindən çox çətin idi. Hətta dilimiz topuq vuranda belə qorxurduq. Bir dəfə Niyazi mənə dedi ki, efirdə sənə baxırdım, öz-özümə deyirdim ki, bir gül də.  Bu zaman yoldaşım gəldi ki, ay Niyazi, sən kimlə danışırsan, dedim, bununla danışıram. Rəşid Behbudov da deyirdi ki, evdə oturub sənə baxıram, yoldaşıma deyirəm ki, 45 dəqiqə danışır, bir dəfə də olsun dili topuq vurmur.

– Gənc aparıcılardan kimləri bəyənirsiniz?

– AzTV-də köhnə tələbələrimiz var. Dilarə Səlimqızı, Rafiq Həşimov, Nəsimi Nəbizadə bizim tələbələrdir. ANS-dəki tələbələrimin bəzilərindən çox razıyam. Ayaz Nizamioğlu, Afət Telmanqızı, Amil Hacıyev efirdə çaşmadan, sərbəst danışırlar.

– Sizcə, yaxşı müəllim və yaxşı tələbə özündə hansı keyfiyyətləri birləşdirməlidir?

– Tələbənin üstünə qışqırmaq lazım deyil. Tələbəyə yaxşı formada, gülərüzlə səhvini başa salmaq lazımdır. Müəllimlə tələbə arasında xoş münasibət olmalıdır, pərdə olmamalıdır. Biz əvvəl müəllimi görəndə özümüzü yığışdırırdıq. Tələbə müəllimin yanında siqaret çəkməzdi. İndi cavanlarımız bir balaca cılızlaşıb, müəllimin yanında bərkdən gülürlər. Müəllimin əməyinə qiymət vermək lazımdır.

– Televiziyadan bezdiyiniz vaxtlar olub?

– Televiziya işi çox çətindir. “Sabiranə” verilişində elə səhnələr olurdu ki, görürdüm mənlik deyil. Həm yaşıma, həm də təbiətimə uyğun gəlmirdi. Görənlər də deyirdi ki, ay Sabir, bu veriliş sənlik deyil. Mən həmişə ağır verilişlər aparmışam. Televiziyadan heç vaxt bezməmişəm. Rafiq Hüseynovun bir sözü var: “Televiziya işçisi balığa bənzəyir. Balığı ki sudan çıxardırsan, çabalayıb-çabalayıb ölür”. Televiziya isçisi də televiziyadan kənarda qala bilməz. Çunki,  o qədər bu işə alışırsan ki, başqa heç nə təsəvvür etmək olmur. 

– Nitq ustalığını bacardığınız kimi, məişət ustalığını da bacarırsınızmı?

– Yox, o qədər də bacarmıram. Cavan vaxtı yoldaşım mənə divar kağızı vurmaqda, qapı-pəncərə rəngləməkdə kömək edərdi. Elektrik cərəyanı işindən başım çıxıb, amma qorxuram. Yüngül iş olanda edirəm, çətin iş olanda isə usta çağırıram.

– Boş vaxtlarınızı necə keçirirsiniz?

– Həyətmizdə mənim kimi yaşlı adamlar var. Axşamlar düşüb köçkdə söhbət edirik. Amma ən çox sevdiyim iş krossvord həll etməkdir. Mən krossvordsuz yaşaya bilmirəm. Krossvord olmasa, elə bilirəm nəyisə itirmişəm. Arada özüm üçün də şeirlər yazıram.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi