Modern.az

Natiq Cavadlı Eynulla Fətullayevin ittihamlarını cavablandırdı: “...ayıbdır ee...”

Natiq Cavadlı Eynulla Fətullayevin ittihamlarını cavablandırdı: “...ayıbdır ee...”

11 İyun 2012, 19:01

Fəaliyyəti dayanmış “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru, hazırki hüquq müdafiəçisi Eynulla Fətullayevin keçmiş həmkarları barədə açıqlamaları qarşı tərəfdə hiddət doğurub. Modern.az saytının məlumatına görə, E.Fətullayev lent.az-a verdiyi müsahibəsində “Gündəlik Azərbayucan” qəzetinin keçmiş əməkdaşları haqqında danışıb. O, qeyd edib ki,  “Gündəlik Azərbaycan”da işləməklə onların heç biri heç nə itirməyib, əksinə qazanıblar. Eynulla Fətullayev bu sırada Şahvələd Çobanoğlunun, Natiq Cavadlının adını xüsusilə vurğulayıb.

”Hamısı o qəzetə daha yaxşı şərtlər, yüksək maaş və bütün qəzetlərdəkindən daha yüksək qonorar müqabilində gəlmişdilər. Sonra isə... Bəziləri sonradan baş redaktor oldu, bəziləri aparıcı qəzetlərin şöbə müdirləridir Natiq Cavadlı Biləcəridən o yana heç kimin tanımadığı «Reytinq» qəzetində yazırdı – amma «Gündəlik Azərbaycan»dan sonra ordakı yazılarına görə böyük bir mükafat aldı. Şahvələd bəy, ümumiyyətlə, jurnalistikadan uzaqlaşmışdı, tamam başqa işlə məşğul idi, mənim təklifimlə mətbuata qayıtdı. Bayaq dediyim kimi, «Gündəlik Azərbaycan»da işləməklə heç kim heç nə itirmədi, əksinə, qazananlar daha çox oldu”.

Modern.az Eynulla Fətullayevin bu fikirlərinə Natiq Cavavdlıdan münasibət öyrənib. N.Cavadlı keçmiş baş redaktoruna belə cavab verib: “Əslində Eynulla Fətullayev bu müsahibə ilə özünün çox kiçik adam olduğunu göstərdi. O, onu həbs edənlər, həbsdə olan zaman onun əleyhinə yazanlar haqqında danışa bilmir, amma müdafiə edənlərin əleyhinə danışır. Bu, balaca adamların halıdır, yəni halsızlığıdır, böyük adamlar belə danışmırlar. Məsələ ondadır ki, Eynulla özü üçün böyük vəzifə görmür, yəni o, özünü nazir köməkçisi vəzifəsindən böyük vəzifədə görmür. Elə bunun üçün də bu həyatda yaşayır”.

N.Cavadlı tanınmaq məsələsinə də öz münasibətini bildirib: “Eynulla qeyd edir ki, Natiq Cavadlı tanınmayan bir qəzetdə işləyirdi, yəni tanınmırdı. Tanınmaq, şöhrətpərəstlik balaca hissdir, bu hisslə balaca adamlar yaşayır və bu haqda ömrü boyu danışırlar. Əsas odur ki, insan özünü tanısın, əsas odur ki, insan bu dünyada bir dəfə yaşadığını bilsin və balaca adam olmamaq üçün yaşasın. Həyatın, cəmiyyətin qanunları dəyişkəndir, insanlıq qanunları isə əbədi. Balaca adamlar cəmiyyətin və həyatın qanunları ilə yaşayırlar. Tanınmaqla bağlı bir epizodu deyim, mən Eynulla Fətullayevin atasını Norveçə aparanda, məlum oldu ki, onu heç kim tanımırmış. Atası Emin Fətullayev heyrətlənirdi ki, bu necə ola bilər axı, Eynullanı burada heç kim tanımır. Beləliklə, atasının özü də gördü ki, oğlunu heç kim tanımır. Biz onu orada tanıtdıq”.

N.Cavadlı həmçinin silahdaşlar məsələsində də toxunub. “Məgər, biz onu müdafiə edəndə maaş alırdıq? Ümumiyyətlə, silahdaş və maaş məsələsini bu cür müstəviyə çıxartmaq ayıbdır. Məgər, onun atasının qızıl karxanası vardı ki, bizə maaşı öz cibindən versin? Biz işləyib əməkhaqqı alırdıq. Eynulla bu müsahibəsilə Mirşahindən də balaca adam olduğunu təsdiqlədi və varlığını bitirdi”.

Sevinc İLTİFATQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi