Media təmsilçilərinin ruhunu oxşayan müğənnilər çox azdır
Hər gün mahnı bazarında yeni bir mahnı ortaya çıxır. Bu mahnıların isə heç də hamısı öz keyfiyyəti ilə digərlərindən fərqlənmir. Əgər əvvəllər daha çox keyfiyyətli mahnların dinlənilirdisə, indi kütlə demək olar ki, bayağı mahnıları dinləyir. Bəs hər kəsi tənqid edən bizim media nümayəndələrimiz daha çox hansı mahnıları dinləyir?
Modern.az jurnalistlər arasında keçirdiyi sorğunu oxuculara təqdim edir.
Kulis.az saytının əməkdaşı Elmin Həsənli bildirir ki, son illərin mahnıları o qədər də yadında deyil. Çünki dinlədiyi mahnıların 98 faizi türk mahnılarıdır. “Amma son zamanlar Mir Yusifin yaradıcılığı mənə maraqlı gəlir. Əsas da onun “Mən heç kiməm” mahnısını xoşlayıram”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu vurğulayıb ki, son illər ölkədə musiqi, mahnı tamamilə ölüb. F.İlqaroğlunun sözlərinə görə, müğənnilərimiz çox passivləşib: “Ölkədə şou-biznes yox səviyyəsindədir. Buna görə də seçimim xarici müğənnilərin ifa etdikləri mahnılardır”.
Qafqazinfo.az saytının əməkdaşı Nigar Məmmədlinin sözlərinə görə, Röyanın ifalarını daha çox bəyənir: “Onun mahnılarını yaddaqalan hesab edirəm. O, oxuyanda insanın ruhunu alıb aparır. Ruhumun müğənnisidir”.
Jurnalist qeyd edir ki, Zülfiyyə Xanbabayevanın ən son mahnılarını və İlhamə Qasımlının “Bei Mir Bist Du Schön” mahnısını çox bəyənir.
Milli.az saytının əməkdaşı Şahin Cavadsoy qeyd edib ki, Brilliant Dadaşovanın “Yaxşı Güzel”, Aygün Kazımovanın “İkinci sen”, Günay İbrahimlinin “Mən sənə inanırdım” mahnılarını bəyənir. “Və mən də artıq bir adət formalaşıb, iş intizamına zidd olsa da bilgisayarımda yazılar yazarkən mütləq şəkildə mahnıya qulaq asıb işlərimi görürəm”.
Var.az saytının baş redaktoru Aynur Elgünəşin sözlərinə görə, daha musiqi dinləyir. Mahnı dinləməyi o qədər də sevmir. “Buna görə də, onların adları yadımda da qalmır”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, ən sevdiyi mahnılar Flora Kərimovanın Nadir Qafarzadə ilə oxuduğu “Darıxmışam sənin üçün” mahnısı, Aybəniz Haşımovanın “Biri sənsən, biri mən” mahnısıdır. “Mənə bu mahnı çox xoş əhval ruhiyyə gətirir, həm də sözləri çox gözəldir”.
E.Muradlının sözlərinə görə, Röyanın bəzi mahnılarını çox bəyənir. “Amma necə olursa, bu mahnılar sezon kimi tez yaddan çıxır”.
“Anspress”-in əməkdaşı Zülfiyyə Qurbanovanın sözlərinə görə, Tünzalə Ağayevanın caz impravizlərini çox bəyənir. “Tünzalənin “Hədiyyə”, Röya və Niyam Səlaminin “Ay ürək” mahnısını çox bəyənirəm”. Z. Qurbanovanın sözlərinə görə son illər rok, caz musiqilərinə daha çox meyllidir. “Lirik musiqiləri dinləyə bilmirəm, çünki özümü ağlamaq tutur. Depressiyaya salır məni mərsiyə mahnılarımız”.
Vətəninfo.az saytının təsisçisi Nahid Canbaxışlı isə Qədir Rüstəmiovu dinləməyi çox sevdiyini bildirib: “Qədir müəllimin ifa elədiyi “Sona bülbülləri” çox sevirəm. Eyni zamanda Azərinin oxuduğu “Gəncədən gəlirəm”, Baba Mahmudoğlunun “Qurban” mahnısını bəyənirəm”.
Jurnalist qeyd edib ki, Azərbaycan musiqisi, bütövlükdə xalq mahnılarımız çox zəngin olduğu üçün milli musuqimizi, aşıq mahnılarını dinləyir.
“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı qeyd edir ki, Röyanın “Sənə görə”, Flora Kərimovanın “İt qapar məni”, Xumar Qədimova ilə Samir Cəfərovun “Sevgi harayı” mahnılarını çox bəyənir.
Sevinc İltifatqızı