“Ölü mövsüm”də yazılı media da dincəlmək arzusundadır
Yay mövsümünü bir sıra media nümayəndələri qəzetlərin “ölü dövrü” adlandırırlar. Bu dövrdə bəzi qəzetlərin səhifələrində, tirajlarında azalma müşahidə olunsa da, bəzilərində bu aylarda yeniliklərin olması istisna deyil. Bu yay qəzetlərin necə işləyəcəyi, hansı dəyişikliklərin olub-olmayacağını öyrənmək üçün Modern.az bir sıra mətbu nəşrlər arasında kiçik bir sorğu aparıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, yay sakit dövrdür. Bu fəsildə bəzi qəzetlər fasilə verirlər. “Ənənəyə uyğun olaraq, neçə ildir ki, qəzetlərin səhifələrini azaldırıq. Ola bilsin ki, bu yay da belə addım atdıq. Bir ay yarım ərzində səhifələrin sayı 8-dən 4-ə endiririk. Yeni layihələrimiz isə payızda olacaq. İşçilər növbəli şəkildə hər yay məzuniyyətə çıxırlar”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu yay rəhbəri olduğu qəzetdə səhifələrin sayında azalma olacağını deyib: “Qəzetdə bu yay heç bir yenilik nəzərdə tutulmayıb. Qəzetin dövrlüyündə heç bir dayanma olmayacaq, ancaq səhifələrin sayı azaldılacaq, 16 səhifədən 8-12 səhifəyə endiriləcək. Şənbə sayımız isə olduğu kimi 24 səhifə qalacaq. Amma görsək ki, dözülməz istilər var, onda 24 səhifədən 16 səhifə olacaq. Qəzet gündəlik nəşrlərini davam etdirəcək, çünki abunəçilərimiz var. Abunəçilərə hörmətsizlik edə bilmərik. Heç bir yeni layihəmiz yoxdur. Yayda oxucunun azaldığı bir vaxtda hansı layihədən danışmaq olar? Tiraj da dəyişiklik olmayacaq”. İşçilərin məzuniyyətinə gəlincə, baş redaktor deyib ki, növbəli şəkildə işçiləri istirahətə gedəcəklər.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Yay dövründə ancaq istirahət layihələri ola bilər. “Qəzetin tiraj, səhifələrində heç bir dəyişiklik etmək fikrində deyilik. İmkan, şərait olsa, layihələrə baxacağıq. Xəbərsizlik dövrü olsa da, nisbətən oxunaqlı materiallar var. Ümumiyyətlə, mən qəzetlərin səhifələrinin azaltmağın tərəfdarı deyiləm. Səhifələri doldurmaq üçün maraqlı mövzular var”.
“İki sahil” qəzeti baş redaktorunun I müavini İsmayıl Hacıyev bildirib ki, yay mövsümü olmasına baxmayaraq, redaksiyada, qəzetlərin tiraj sayında heç bir dəyişiklik yoxdur. “Hələ ki yeni planlar da gözlənilmir. Tirajımız 7 mindir. Həmin tirajla da fəaliyyətimizi davam etdiririk.”
“Xalq Cəbhəsi “ qəzetinin baş redaktoru Elçin Mirzəbəyli : “İşimiz ənənəvi qaydada davam edir. Heç bir dəyişiklik gözlənilmir. Qəzetin tirajı stabildir, artım, azalma yoxdur. Sadəcə, əməkdaşlarımız növbəli olaraq, istirahətə göndəriləcək. Özüm də istirahətə gedəcəyəm”.
Həftə İçi” qəzetinin redaktoru Elxan Salahov deyib ki, qəzet səhifələrinin sayı qısa müddətlik azala bilər. “Bizim qəzet 8 səhifəlikdir, ola bilər ki, 4 səhifəlik olsun. Biz bunu yayın ən isti ayına planlaşdırırıq. Çox güman ki, bu, iyulun axırı avqustun əvvəlində olacaq. Bu ayın sonlarına bəzi əməkdaşlarımız məzuniyyətə gedəcək. Qəzetin tirajında heç bir dəyişiklik olmayacaq”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan suallarımızı belə cavablandırıb: “11 ildir ki, həftənin yeddi günü çıxırıq. Bu temp dayanmayıb. Güman edirəm ki, bu yay da dayanmayacaq. Satışdan dolanan mətbuat orqanıyıq. Ona görə də bizə dövrlüyümüzü azaltmaq, kollektiv şəkildə 10-15 günlük istirahətə getmək sərf etmir. O baxımdan növbəli məzuniyyət qrafikinə üstünlük veririk, yəqin ki, bu yay da belə olacaq”. A.Ayxan bildirib ki, yayda qəzetlərin tirajında azalma olur: “ Ona görə də hər yay olduğu kimi, bu yay da oxucuları daha ciddi şəkildə maraqlandıracaq layihələr fikirləşmişik. Həmin layihələri qəzetdən oxuyub görəcəksiniz. Əvvəlcədən anons etmək istəmirəm. Yayın fəsadlarını çalışacağıq ki, ödəyə bilək çox tiraj itkimiz olmasın. Yayda insanlar dincəlməyə gedir, ona görə də bir qədər oxucu problemi olur. Buna baxmayaraq, saytımızı oxuyurlar”.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Bu yay ərzində nə qəzetin dövrlüyündə, nə də ki səhifələrin sayında azalma olacaq. Bizim bir layihəmiz var, həmin layihənin üzərində işləyəcəyik ki, sentyabr ayına hazır olaq. Avqust ayında məzuniyyətə çıxanda, o müddət ərzində qəzetimizin saytı tamamilə yeni bir dizaynda, yeni bir formada işlənəcək. Çalışacağıq ki, həm audio, həm də video materiallar olsun. İstəyirik ki, saytın dizaynı tam şəkildə dəyişilsin. Bu yay həmin layihə üzərində işləyəcəyik”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, “Səs” daim yeniliklərlə doludur: “Ona görə ki qəzetimizin özünün bir tarixi mövqeyi, tarixi fəaliyyəti olub. “Səs” qəzeti tarixi qəzetdir və tarixi qəzet olduğuna görə də tarixini saxlayıb”. Baş redaktorun sözlərinə görə, yayda əksəriyyət ictimai-siyasi xadimlər, dövlət xadimləri məzuniyyətə çıxırlar: “Yayda edilən hər hansı dəyişikliklərin tərəfdarı deyiləm. Ona görə ki, bu dəyişikliklər heç bir effekti olmayan bir dəyişikliklərdir. Amma yayda istirahət edib, enerji yığandan sonra maraqlı dəyişikliklər etməyə zərurət var. İyul ayından konkret olaraq, qəzetimizdə dəyişikliklər olacaq. Yayla bağlı müxtəlif yorucu olmayan səhifələr açılacaqdır. Siyasətdən çox yorucu olmayan materialların yerləşdirilməsini fikirləşmişik. Sentyabrdan çox möhtəşəm dəyişikliklər olacaq. İstəyirik ki, rəngli, beynəlxalq qəzetçilik standartlarına uyğun bir qəzet çıxardaq”.
“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu: “İnsanların istirahət etdiyi bir vaxtda, yay mövsümündə küçələrdə satılmış sulardan tutmuş çimərliklərə kimi maraqlı mövzular olur. Hər il olduğu kimi, bu il də daha çox mövsümü xarakter daşıyan mövzulara üstünlük verəcəyik. Qəzetlərin mövsümü işləməsinin tərəfdarı deyiləm, çünki oxucu üçün mənim istirahət edib-etməməyimin önəmi yoxdur. Qəzetdə heç bir dəyişiklik olmayacaq”.
Nihadə Eyyubova