Media təmsilçilərinin “Avro-2012”nin qalibi ilə bağlı proqnozları...
Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək futbol üzrə Avropa Çempionatının filan matçına - İspaniya-İtaliya oyununa sayılı günlər qalıb. İyulun 1-də baş tutacaq final oyununda bizim yerli media nümayəndələri hansı ölkəni qalib görürlər, kimə azarkeşlik edirlər?
Modern.az jurnalistlərlə keçirdiyi sorğunu təqdim edir.
“Kaspi” qəzetinin redaktoru İlham Quliyev hər iki komandanın azarkeşidir. “Bu baxımdan final öncəsi hansı komandaya azarkeşlik etməklə bağlı müəyyən tərəddüdlərim var idi. Amma deyəsən, İspaniya eşqim İtaliya eşqimə qalib gəlməkdədir. Bununla belə, finalda daha çox hücum futboluna üstünlük verən komandanın qalib gəlməsini istəyirəm”.
Redaktor bildirib ki, İtaliya həmişə etibarlı müdafiə futbolu ilə ad çıxarsa da, bu çempionatda daha çox hücum futbolu oynayır.
“Görək bu missiyanı ispanlarla oyunda da göstərə biləcəklərmi...”.
“Qol.az” saytının baş redaktoru Aydın Bağırov qeyd edib ki, İspaniya komandası bu çempionatda çox darıxdırıcı oyun sərgiləyir. “Topu özündə çox saxladığına görə bu komanda və onun baş məşqçisi Visente del Boske haqlı olaraq tənqid olunur. Şəxsən mən ispanlardansa, finalda Portuqaliyanın oynamasını istərdim. Amma bir halda ki, komanda finala çıxıb... Düzü, onlardan uğur gözləmirəm. Nəinki uğur gözləmirəm, ümumiyyətlə, bugünkü İspaniyanı çempionluğa layiq bilmirəm”, – deyə jurnalist bildirib.
A.Bağırovun sözlərinə görə, İtaliya komandasının baş məşqçisi Çezare Prandellini belə bir komanda yaratdığına görə alqışlamaq lazımdır. “Prandelli İtaliya millisində həqiqətən də inqilab etdi. Komandanın ənənəvi müdafiə futbolu taktikasından imtina edib açıq və hücum futbolu taktikasına keçdi. Bunun nəticəsi isə göz qabağındadır. İtaliya millisi sərgilədiyi baxımlı oyunla finala vəsiqə əldə etdi. Bu mənada onların Avro–2012-dəki uğurlu çıxışını finalda məntiqi sonluqla tamamlayacağına inanıram”.
“Xəzər” telekanalının aparıcısı Ramal Hüseynov bildirib ki, o qədər də futbolla maraqlanmır. Amma ispanların qalib gəlməsini istəyir.
“Yeni Musavat” qəzetinin əməkdaşı Nazim Sabiroğlu da Avropa Çempionatında İtaliyanın qalib gəlməsini istəyir.
“Lent.az” saytının əməkdaşı Elşən Məmmədov bildirir ki, idman jurnalisti olduğu üçün jurnalistika prinsiplərinə görə bitərəfdir. Heç bir komandaya azarkeşlik etmir.
“Amma adi vətəndaş kimi deyərəm ki, bu çempionatda İtaliya komandası çox layiqli oyun nümayiş etdirdi. İtaliyanın çempion olmasını istərdim”.
“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlının sözlərinə görə, futbola elə də azarkeşlik etmir.
“Atam baxdığı üçün hərdən nəzər salıram və finala yəqin ki, baxacam. İtalyanların almanlar üzərində qələbəsindən sonra əksəriyyət onların çempion olacağını zənn edir, ancaq proqnoz vermək çətindir. Güman ki, ispanlar yenə çempion olacaq”.
Müstəqil jurnalist Elnur Eltürk isə İngiltərənin qalib gəlməsini istəyirmiş. “Amma, onlar da məğlub oldular. İtalyanların qalib gəlməsini istəyirəm. İspanlar pis oyun göstərmirlər və səliqəli oyunları var. Amma, nəsə italyanların çempion olmasında maraqlıyam”.
“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu Almaniyanın çempion olmasını istəyirmiş. “Amma onlar uduzdular. İndi isə mən düşünürəm ki, İtaliya çempion olacaq. Çünki Almaniyanı udubsa, əminəm ki, İspaniyanı da udacaq”.
Sevinc İltifatqızı