Modern.az

Qəzetlərin öz şəxsi arxivi varmı?

Qəzetlərin öz şəxsi arxivi varmı?

Media

2 İyul 2012, 09:56

“Ola bilsin ki, bir neçə nömrə itib”

İş prosesində müəyyən qədər də olsa hər birimizə bir sıra sahələrin arxiv materiallarını araşdırıb oxumaq lazım gəlir. Amma bəzən isə axtarışlarımızın heç bir nəticəsi olmur, çünki həmin müəssisə, təşkilat, ya da hər hansı media orqanı öz arxiv materiallarını zamanında toplamayıb. Hər bir arxiv materialı tarixin bir parçasıdır. Bu işdə xüsusilə medianın da böyük rolu olmalıdır. Toplanan hər bir arxiv material müəyyən zamandan sonra tarixdə xüsusi bir önəm daşıyacaq.

Modern.az saytının əməkdaşı qəzetlərin arxiv materiallarının toplandığını öyrənmək üçün həmin qəzetlərin baş redaktor və redaktorları ilə əlaqə saxladı.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru  Hikmət Babaoğlu qəzetin arxivinin toplandığını qeyd etdi: ““Yeni Azərbaycan” qəzeti fəaliyyətə başladığı ilk gündən bu günə kimi arxivləşdirmə işini aparır. Qəzetin bütün nömrələri ən azı üç nüsxədə arxivləşdirilir. Bunlar da şəxsi arxiv fondunda saxlanılır. Bundan başqa, biz qəzetin tək-tək nüsxələrini bir neçə ünvana göndəririk. Bura bir sıra kitabxanaları aid etmək olar, o cümlədən Axundov adına Milli Kitabxanaya da göndərilir “.

“Ayna-Zerkola” qəzetinin baş redaktoru və təsisçisi Elçin Şıxlı 90-cı ildən bu günə kimi fəaliyyət göstərdiyini və qəzetin də hər bir nömrəsinin arxivləşdirdiklərini vurğuladı:
“O zaman kompüter olmadığı üçün hər nömrəni qovluqlara yığırdıq. İndi hər iki halda arxivimiz var, həm elektron versiyada, həm də qovluq halında“.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid qəzetin ilk günündən arxivləşdirmə işinin aparıldığını söylədi: “Biz redaksiyada qəzeti iki nüsxədə cildlənmiş şəkildə də toplayıb saxlayırıq. Əvvəllər altı aylığı, ya da bir illiyi toplayıb cildləyirdik. Qəzet gündəlik çıxandan sonra isə üç aylığı toplamağa və cildləməyə başladıq. 2000-ci ildən sonra isə qəzetin internet versiyasını da toplayırıq. Bir neçə dəfə də internet səhifəmizi yeniləmişik və ona görə də tam olaraq o qədər köhnə arxiv yaddaşı saxlamaq olmur. Hazırda da yeniləmişik, amma arxivi isə köhnə sayt kimi saxlamışıq. Onun da müəyyən həddi var və daima da saxlamaq olmur. Ən etibarlı mənbə yenə də kağızdır. İtən nömrələr isə lap ilk illərə aiddir. 92-93-cü illərdə çıxan nömrələrdən ola bilsin ki, hansısa yoxdur. Redaksiya hələ o vaxt yeni idi, özünün hələ normal bir ofisi yox idi. Ola bilsin ki, yerdəyişmə zamanında bu nömrələr itib”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov qəzetin arxivləşdirilməsindən danışdı: “1989-cu ilin dekabrın 24-dən bu günə kimi bütün nömrələri toplamağa çalışırıq. Səhv eləmirsə, qəzetin 2006-cı ildə nəşr olunan bir neçə nömrəsi itib, amma 2005-ə kimi bütün nömrələri var. Biz redaksiyada qəzetin bütün nömrələrini cildləyib saxlayırıq”.

“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan qəzetin hər nömrəsinin arxivini olduğunu qeyd etdi: “İlk gündən bu günə kimi qəzetin arxivi yığılır. Ola bilsin ki, qəzetin qeyri-rəsmi çıxdığı müddətdə bir neçə nömrəsi itsin. Amma demək olar ki, 99%-i yığılıb. Biz qəzetin hər aylıq materialını toplayıb cildlədirik və arxivə gedir. “Yeni Müsavat”ın son iyirmi iki ildə çıxan bütün nömrələrini tapıb ortalığa qoya bilərik. Azərbaycanın yaxın iyirmi iki illik tarixini özündə əks elətdirən nömrələrimizi göz bəbəyimiz kimi qorumalıyıq. Çünki bu qəzetə tarixi nöqteyi-nəzərdən yanaşanda bu, çox önəmli bir məsələdir “.

Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var