Modern.az

Mətbuat günü və mətbuatın günü

Mətbuat günü və mətbuatın günü

21 İyul 2012, 12:56

MƏMLƏKƏTİN BÜTÜN ƏKİNÇİ YAZARLARI, BİRLƏŞİN!

UNUTMAYIN Kİ, BİZ HƏM DƏ AXİRƏT DÜNYASININ ƏKİNÇİLƏRİYİK...

 ...”Əkinçi” ... 137 il əvvəl doğma türkcəmizdə nəşr ediləcək ilk qəzetə necə də dahiyanə düşünülmüş bir ad... Bəli, əsl yazar, jurnalist, yazıçı, şair, bir sözlə, qələm əhli əkinçi olmalıdır. Nəyin əkinçisi... Vətənin, xalqın, millətin, dünyanın gələcəyinin əkinçisi... Haqq, ədalət, halallıq, düzlük, əxlaq, mənəviyyat, mədəniyyət toxumlarının əkinçisi...

Allah sənə rəhmət eləsin, Həsən bəy!

Bu günlər külli Azərbaycan mətbu ictimaiyyəti hay-küylə Milli Mətbuat Gününü- “Əkinçi”nin 137 illiyini qeyd edir. Və təbii ki, Mətbuat Günündən danışan çoxdur. Bəs mətbuatımızın günündən danışan varmı? Danışan var. Ancaq əksəriyyət tərif deyir. Mətbuatın həqiqi günündən danışan çox azdır. Çünki həqiqəti deyən azdır. Həqiqət əkinçiləri azdır. Əkinçi yazarlar, jurnalistlər azdır. İndi məmur, ağa, xan jurnalistlər zamanıdı. Əkinçi yazarı, jurnalisti saya salan varmı? Əkinçi həmişə olduğu kimi istismar obyektidir...

“Əkinçi” bağlanandan  30 il sonra Sabirin bu sətirləri niyə yaranmışdı?

Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!..

Millətin də, mətbuatın da əsl halını əkinçilər, zəhmət əhli bilər. Çünki qalanlar yalnız öz halına yananlardır. Mətbuat günü keçirmək asandır. Mətbuatın gününə ağlayıb mətbuata gün ağlamaq gərəkdir, əfəndilər. Teleekranlardan nitqlər sərgiləyən bəylər Həsən bəyin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Sabirin o dövrün qəzet və jurnallarında Vətənin, xalqın, millətin taleyi barədə həqiqətləri yazdıqlarını buyururlar. Soruşan yoxdur ki, əfəndilər, əcəba, bəs bu günkü həqiqətləri yazanlar kimlərdir və haralardadır, hansı şəraitdə yaşayıb-yaradırlar. Həsən bəy və sairləri çar Rusiyasının köləsi olduğumuz bir dövrdə həqiqəti yazır və təzyiq-təqiblərə məruz qalırdılar. Amma nə Həsən bəy, nə də qeyriləri polis dəyənəyi yemədi, maskalılar tərəfindən oğurlanaraq təhqir edilib döyülmədi, ağzından güllələnmədi. İmperiya zamanında...

Doğrudur, bu gün qəzetlərin sayı çoxalıb, yazı və çap texnologiyası dünya standartlarına yaxın inkişaf edib.

Lakin  məsələyə  milli standartlardan yanaşsaq, gəlin görək 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki maddi və texnoloji imkanlar nisbətində bu günkü mətbuatın milliliyi, maarifpərvərliyi çoxdur, yoxsa o dövrün?

Müasir məddahlar bu gün senzuranın olmamasını da böyük bir inkişaf kimi qələmə verirlər. Hüquqi baxımdan senzura doğrudan da yoxdur. Ancaq gəlin görək istənilən bir yazar hər hansı nazir və ya adi bir müəssisə rəhbəri barədə dürüst faktlara əsaslanan bir yazını təhqir olunmasını, söyülməsini,  döyülməsini, məhkəmə vasitəsilə həbsə atılmasını, ən azı, yüksək məbləğdə cərimə olunmasını gözünün qabağına almadan, bir sözlə, qanını qaşığa qoymadan yaza bilərmi?..  Deməli, içimizdə bir XOF SENZURASI var.  Təəssüf ki, çoxlarının qələmi həm də qəlblərindəki bir ƏQİDƏ SENZURASINA bağlıdır. Yəni ki, yazarın gözü ilə gördüyü həqiqəti yazmaq imkanı olsa da, onu yazmır. Nədən ki, əqidəsi çürükdür. Düşünür ki, tənqid edib “pis kişi” olunca birini yalandan tərifləyim, cibimə pul qoysun. Belələri ən yaxşı halda HƏQİQƏTLƏ ALVER edir; birinci mərhələdə bir məmur haqqında həqiqətləri çılpaqlığı ilə yazır. Bu yazılar bəzən silsilərlə davam edir. Ta o vaxta qədər ki, biabır olan və arxasına arxayın olmayan məmur həmin “həqiqətpərəst” yazarı çağırıb cibinə babat pul basır ki, səsini kəs.

Bu “hörmətli” yazar da qəzetin növbəti saylarında başlayır  təzə “dostunu” bala-bala tərifləməyə, yəni tüpürdüyünü iştahla yalamağa; “əziz oxucular, biz səhv etmişik, bu kişinin heç bir qələt işi yox imiş, o Azərbaycanın ən qeyrətli, ən vətənpərvər oğlanlarından biri imiş...”

Bu cür misallar peşəkar oxucular  üçün təəccüblü bir şey deyil, müasir  mətbuatımızın sifətlərindən biridir.

 Gəlin etiraf edək ki, mətbuatımız HƏQİQƏTİN BAŞINA İP DOLAYIB SÜRÜYÜR... Qələm maddiyyat və siyasətin girovuna çevrilib. Yaltaqlıq, məddahlıq, siyasətbazlıq... Azərbaycanın milli dəyərlərini ayaq altda tapdayan siyasətçı və ya müğənniləri  parladıb ulduz edən mətbuat, radio, televiziya deyilmi?

10-15 jurnalistə ad vermək, onlara hay-küylə bina tikdirib ev əldə etmək uğrunda bir-biri ilə savaşa, məddahlığa, yaltaqlığa məcbur etmək hələ milii mətbuatın inkişafı demək deyil... Əsl inkişaf insanlara, o cümlədən qələm, söz sahiblərinə HƏQİQƏTİ SÖYLƏMƏYƏ ŞƏRAİT YARATMAQDADIR...

Gözəl qələm sahiblərinin olmasını inkar etmirik, amma bayaq dediyim kimi, onların da əksəriyyəti  ya maddiyyatın, ya da siyasətin girovuna çevriliblər. Yalnız Allah, vətən, xalq naminə həqiqəti yazmaq istəyən müstəqil yazarlar isə bəzən aylarla qəzetlərdən qonorar ala bilməyən, ad-san, mükafat dalınca düşməyən biriləridir. Mətbuatın gününü onlar daha yaxşı bilirlər... Elə bu bayram da əslində onların bayramıdır- sadə, əkinçi yazarların... Qalstuklu, sığallı, tumarlı mədhiyyəçilər isə “Əkinçi”dən – Həsən bəy Zərdabidən çox uzaqdır –  ən azı 137 il...

Bütün həyati sahələr kimi mətbuatımızın da bataqlığa düşməsinin əsas səbəbi dinimizdən –İslamdan uzaqlaşmağımızdır. Təəssüf ki, üzdə olan yazar və jurnalistlərimizin əksəriyyəti İslamdan uzaq, Avropasayağı, materialist düşüncəli insanlardır... Odur ki,  bayaq dediyim kimi, öz şəxsi və ya qrup məqsədlərinə uyğun olaraq həqiqətin başına yüz oyun açır, çox vaxt haqqı batilə qatırlar. Həzrət Əlinin(ə.s.) belə bir fikri var ki, haqqı batilə qatmayın, haqq batilə qatılan yerdə haqq-ədalətdən danışmaq olmaz...

Əzizlərim , unutmayaq ki, biz hamımız həm də Axirət əkinçiləriyik, bu dünyadakı əkdiklərimizi o biri dünyada mütləq biçəcəyik... Odur ki, “Allahdan qorxun və doğru söz söyləyin!”(Qurani-Kərim, Ahzab surəsi, 70-ci ayə)...

[email protected]

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi