Modern.az

“Hərdən mənə “Rauf əmi” deyə müraciət edirlər” - MÜSAHİBƏ

“Hərdən mənə “Rauf əmi” deyə müraciət edirlər” - MÜSAHİBƏ

23 İyul 2012, 16:48

Rauf Arifoğlu: ““Yeni Müsavat” birinci yerdədir”

Bu gün “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun doğum günüdür. O, 46 yaşını qeyd edir. Modern.az Rauf Arifoğlunun doğum günündəki müsahibəsini oxucular üçün təqdim edir.

– Hazırda əvvəlki enerjiylə işləmək mümkündür?

– İndi işimiz daha sistemlidir, mexanizmlər var. Ona görə də əvvəlki enerji ilə işləməyə ehtiyac yoxdur. Amma lazım gələrsə, fövqəladə vəziyyət olarsa, mənim əvvəlki, yəni 20 il bundan öncəki enerji var. Amma o nə qədər davam edə bilər, onu Allahın bilir.

– Mətbuata gələndə necə düşünürdünüz, indi necə düşünürsünüz? Düşüncənizdə hansı dəyişikliklər olub?

– Mətbuata 23 il əvvəl gəlmişəm. Sovet hakimiyyətinə qarşı mübarizədə sadəcə biz antikommunist qəzet buraxmaq istəyirdik. Və onun da qoyulması, yayılması, o missiyanın davam etdirilməsi Yeni Müsavat Partiyasının üzvləri, qurucusu tərəfindən mənə həvalə olundu. O zaman mətbuata baxış tamamilə fərqli idi. Bu baxış mərhələ-mərhələ, dövran davam etdikcə dəyişikliyə uğradı. O zamanla indini müqayisəsi tamamilə fərqlidir. Düşüncəmdə dünya çapında, dünya standartlarına uyğun bir qəzet qurmaqdır. Biz bunun elektron versiyasını qurmuşuq, musavat.com-u ortaya qoymuşuq. Amma ağ-qara qəzetlərdən də qurtulmaq niyyətindəyik. Dünyanın çağdaş ölkələrindəki kimi rəngli, gözəl böyük qəzetlər buraxmaq iddiasındayıq.

– Bəs düşündüklərinizdən nələri gerçəkləşdirə bilməmisiniz?

– Ən böyük uğurumuz odur ki, 23 ildir “Yeni Müsavat” missiyasını davam etdiririk. Onun da təxminən 15-16 ilini ölkə mediasında, media düşərgəsində birinci olmuşuq. Bu böyük nailiyyətdir. Azərbaycandakı şərtlər altında mövcudluğumuzu qorumaq böyük uğurdur. Amma gerçəkləşdirə bilmədiklərimiz də var. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.

– 46 yaş ömrün hansı çağıdır?

– Kənardan baxanlar hərdən mənə “dayı”, “əmi“ deyə müraciət edirlər. Baxıram ki, az qala mənim yaşımdan 2 dəfə az olan gənclərdir. İnsan özü hiss etmir ki, yaşlaşır. Yaş artsa da, ürək, ruh qocalmır. Buna görə də, mənə demək çətindir ki, ömrün hansı çağıdır. Amma yaradıcılıq, fəaliyyət baxımından mən deyə bilərəm ki, insan üçün bu yaş, bu yaşdan sonrakı mərhələ ən verimli, əlverişli, məhsuldar dövrdür. Bu yaş müdrikliyi formalaşdırır, dünya görüşünü daha da möhkəmləndirir.

– Bu gün geri baxanda təəssüfləndiyiniz və qürur hissi keçirdiyiniz nələr var?

– Həm təəssüfləndiyim həm də qürur hissi keçirdiyim çox şeylər var. Həyatda nəyim varsa, bu son 23 ildə əldə etmişəm. Həm ictimai sima olaraq, şəxs olaraq, həm də millətin fərdlərindən biri olaraq. Ölkənin azadlığı, müstəqilliyini, ailəmi, uşaqlarımı, hər şeyimi bu müddət ərzindən tapmışam. Eyni zamanda çoxsaylı dostlarım şəhid olublar. Mən onlara, o itkiyə təəssüflənirəm. Onlara ağrıyıram. Torpaqlarımıza təəssüflənirəm. İnsan həyatıdır bu, sevincli kədərli günlər olur. Eləcə də düz və səhv addımlar olur. Onların hamısını dilə gətirmək çətindir.

– Hər kəs dünyanın sonunun necə olacağı ilə bağlı müxtəlif fərziyyələri var, sizcə dünyanın sonu necə olacaq?

– Dünyanın sonunu insan bilməz ki. Qiyamət gününün necə olacağını heç kim bilmir, təkcə Allah bilir. Mən də Allaha inanan bir insan kimi, o cür məsələləri Yaradanın sərəncamına buraxmağa üstünlük verirəm, özümü o məsələlərlə məşğul etmirəm.

– Bu gün mətbuatda “Yeni Müsavat” qəzetinin yerini necə görürsünüz?

– Mən elə oxucuların, insanların gördüyü yerdə görürəm. Birinci yerdədir ölkə üçün.

– Oxuculardan necə razısınızmı? Qane edirmi sizi?

– Əlbəttə. Bizim şikayətimiz ola bilməz. Oxucularımız bizim hər şeyimizdir. Biz onları sevirik, onlara bağlıyıq. Nə ediriksə onlar üçün edirik. Oxucunun timsalında millətimizi düşünüb edirik. Onun söz haqqını, azad söz haqqını qorumaq üçün bu yoldayıq. Biz sözümüzün və sözün böyük hərflə sözün əsgərləriyik. Oxucunun həm də xəbərdaşıyıcısıyıq, onun xidmətçisiyik. Oxucularımızı çox sevirik.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi