Azərbaycanda jurnalistikanın inkişafı istiqamətində müəyyən tədbirlər görülsə də, həll edilməyən məsələlər çoxdur. Jurnalistikadan şantaj vasitəsi kimi istifadə edilməsi və ya jurnalistlərin sifarişlə yazılar yazmasını buna misal göstərmək olar. Şantajla məşğul olmaq üçün yaradılan mətbuat orqanları reket adlandırılır və müəyyən qədər seçilir. Amma sifarişlə yazıların yazılması hadisəsilərinə daha çox cəmiyyətin ciddi və professional Kütləvi İnformasiya Vasitəsi kimi qəbul etdiyi meddia orqanlarında rast gəlinir.
Jurnalistikada şantaj təhlükəlidir, yoxsa sifarişlə yazı yazmaq?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Modern.az saytına bildirib ki, şantaj jurnalistikaya aid deyil, bu cinayət əməlidir. Onun sözlərinə görə şantajı media, jurnalistika ilə qarışdıranlar KİV sahəsinə böyük zərbə vururlar və onun imicinin aşağı düşməsinə təsir göstərirlər.
“Bu gün hüquq mühafizə orqanları digər sahələrdə cinayətkarlığa qarşı mübarizə aparmalıdırlar, amma təəssüf ki, bunun nəticələrini hələ görmürük. Sözsüz ki, jurnalistlər də bu cür hallara qarşı kəskin mövqe nümayiş etdirməlidirlər. Amma yenə də bu xətti dəqiq çəkmək lazımdır ki, şantaj artıq jurnalistika deyil. Necə ki, dəfələlərlə müşahidə olunub, Daxili İşlər Nazirliyinin sənədindən, Heydər Əliyev Fondunun, Milli Təhlükəsizlik Nazirliyinin adından şantajla məşğul olanlar var və onlar nə cür həbs olunublar, nə cür təqib olunublar. Onları heç kim bu orqanlarla qarışdırmır, eyni ilə də şantaş edənləri gerçək jurnalistlərlə qarışdırmaq lazım deyil”.
A.Əliyev qeyd edib ki, sifarişlə yazı yazmaq jurnalistikaya aid olan və faktiki olaraq jurnalistikanın korrupsiya münasibətlərində iştirakına dəlalət edən əməldir.
“Çünki bu cür sifarişlər adətən dövlət strukturlarından və ya dövlət məmurlarından bir-birini vurmaq üçün gəlir və bu utanc gətirən bir şeydir. Amma indiki vəziyyətdə onun kökünün kəsmək imkanını görmürəm, çünki səbəb bunda deyil ki, hansısa jurnalistlər vicdansızlıq edirlər. Hərçənd bunu peşə vicdansızlığı hesab edirəm. Amma əsas fikir bundan ibarətdir ki, KİV-in böyük əksəriyyəti məmurlar, nazirlər arasında bölünüb, dövlət strukturları onlara pul verir, ona görə də həmin media orqanları onların çaldığı ilə oynamadılarlar. Məsələn, qəzetlərin əksəriyyətində müşahidə edirik ki, “filankəs filankəsin sahəsinə girdi”, “filankəs filan sahəni ondan alır” və s. Bunların əksəriyyəti sifarişlə yazlan yazılardır”.
A.Əliyevin sözlərinə görə, bu problem çox mürəkəbddir və onun həlli jurnalistikada peşə kodekslərinə əməl edilməsi, professionallığın artırılması kimi tələblərdən keçmir.
Hansının daha təhlükəli olmasına gəlincə isə Arif Əliyev “jurnalistikadan söhbət gedirsə, əlbəttə, sifarişlə yazı yazmaq daha təhlükəlidir” deyə qeyd edib.
“Çünki burada faktiki olaraq sən qanunla üzləşmirsən. Yəni qanunla ciddi problemlərin olmur, vicdanla, ictimai maraqlara arxa çevirməklə problemlərin olur. Bu medianın içərisindəki xəstəlikdir. Şantaj əslində jurnalistikanın zəifliyindən deyil, gücündən irəli gəlir. Peşədən istifadə edərək, öz cinayət işlərini yorğanın altında görməyə çalışılar. Amma sifarişli məqalələr özü jurnalistikanın zəifliyindən gəlir və medianı başqalarının əlində oyuncağa çevirir. Peşə prinsiplərinə yanaşmaq baxımından sifarişli yazı daha təhlükəlidir”.
A.Əliyev bildirib ki, sifarişli yazılarla daha çox professional təbəqə məşğul olur.
“Profesional jurnalistin şantajla məşğul olmasına az-az rast gəlirik. Amma sifarişli yazılarla daha çox professional media işçiləri məşğul olur. Peşənin içində qalmaqla peşə prinsiplərinə faktiki olaraq arxa çevirir və pula işləməyə başlayır. Medianın ümumi xəstəliyini göstərmək baxımından sifarişlə yazmaq daha təhlükəlidir, çox pis adətlər yaradır və bu “adətlərə” çox vaxt professional nəşrlər və professional KİV və jurnalistlər də qoşulur”.
Aytən ƏLİYEVA