Standart cavab: “Hələ ki heç nə deyə bilmərik”
Azərbaycan televiziya kanallarında bədii şuralar yenidən bərpa oluna bilər. Bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli televiziyalarda bədii şuraların yenidən bərpasına ehtiyac olduğunu və bu məsələnin xeyli vaxt müzakirə olunduğunu deyib. Bu təklifə uyğun olaraq, Modern.az yaxın zamanlarda hansı kanallarda bədii şuraların yaradıla biləcəyini öyrənib.
Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki,əvvəllər AzTV-də bədii şura olub: “AzTV-də əvvəllər Bədii Şura var idi, sonra olmadı. Amma Mədəniyyət kanalı yaradılanda AzTV-nin rəhbəri Arif Alışanov elan etdi ki, Bədii Şura yaradılır. Şuraya müavinlər, baş redaktorlar, digər ziyalılar daxildir. Bədii Şura televiziyanın fəaliyyəti haqqında ümumi fikir yürüdür. AzTV-də bədii şuradan başqa efirqabağı nəzarət komissiyası var. Bütün verilişlər hamısı oradan keçir, komissiyanın rəyi olmadan veriliş efirə getmir. Həmin komissiyanın da sədri tanınmış aparıcı Telli Pənahqızıdır. Bundan başqa verilişlərə texniki baxış da var. Əgər veriliş texniki baxışa uyğun gəlmirsə, o, veriliş efirə buraxılmır”.
İctimai Teleradionun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov isə bildirib ki, telekanalda Bədii Şuranın yaradılması ilə bağlı hələ heç bir müzakirə aparılmayıb: “Hələ ki bu məsələ müzakirə olunmayıb, yəqin ki gələn həftə müzakirə olunacaq. Onda nəsə deyə bilərik. Ola bilər ki, birinci gün iclas olanda, bu məsələyə də toxunsun”.
“Azad Azərbaycan” telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, bu televiziyada bədii şuranın yaradılması gündəmdədir: “ATV-nin gündəmində belə bir məsələ var. Biz televiziyalarda bədii şuraların olmasını dəstəkləyirik. Bizim də planda bədii şuraların yaradılması var. Amma nə vaxt, yaxud da ki, yaxın zamanda yaradılması barəsində heç nə deyə bilmərəm”.
ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov bu barədə heçnə deyə bilməyəcəyini qeyd edib: “Bu barədə mən heç nə deyə bilmərəm, ANS-də Bədii Şura yaradılacaq, ya yox. ANS-də əvvəllər bədii şura olub, indi yoxdur”.
“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev bildirib ki, bu, sadəcə bir təklifdir: “Bu barədə indidən danışmaq tezdir, çünki bu, hələki bir təklifdir, qanun olandan sonra nəsə deyə bilərik”.
Nihadə Eyyubova