Modern.az

Suriyadan qayıtmış jurnalist: “Ərəbə “hörmət” edəndən sonra təhlükəsizliyimizi boynuna götürdü”

Suriyadan qayıtmış jurnalist: “Ərəbə “hörmət” edəndən sonra təhlükəsizliyimizi boynuna götürdü”

22 Avqust 2012, 13:55


Uzun müddət Suriyada Əsəd rejimi ilə müxalifət dəstələrinin toqquşması, kütləvi qırğınlar, çox sayda əhalinin ölkəni tərk edib qonşu ölkələrə getməsi dünya mətbuatının gündəmində olan əsas məsələlərdəndir. Azərbaycandan da oradakı mövcud vəziyyəti cəmiyyətə göstərmək üçün müxtəlif KİV orqanlarından jurnalistlər göndərilib. Bir müddət öncə ANS televiziyasından Suriyaya ezam olunan Qənirə Ataşova ilə müsahibə Modern.az-da təqdim olunmuşdu. Hazırda isə saytımız dünən Suriyadan qayıdan Səbuhi Məmmədli ilə müsahibəni sizə təqdim edir.

– Suriyaya getmək ideyası kim tərəfindən irəlü sürüldü?

– Suriya diqqət mərkəzində olan bir yerdir, eyni zamanda Azərbaycana yaxın regiondur. Regionda baş verən hadisələr də hər kəsə məlumdur və biz Lent.az olaraq qərara gəldik ki, oraya müxbirimizi göndərək və mən gedəsi oldum. Vüsalə xanım da dəstəklədi və beləcə səfər reallaşdı.

– Bəs siz razılıq verərkən getməmək, təhlükəsizlik baxımından çətinliklərin olacağı kimi fikirlər söylənilirdi?

– Təbii, ilk növbədə bunlar nəzərə alınırdı, çox təhlükəli səfər idi. İstər Vüsalə Mahirqızı, istər Qabil Abbasoğlu bildirirdi ki, bu təhlükəli səfərdir, ehtiyatlı olmaq lazımdır. Amma getməmişdən öncə bir sıra qabaqlayıcı tədbirlər gördük. Öyrəndik ki, Türkiyə-Suriya sərhədini haradan keçmək olar, Suriyanın Türkiyə ilə hansı sərhəd qapıları var və s. Amma hadisə yerinə gedib çatanda tamam başqa reallıqlarla qarşılaşdıq. Və biz o reallıqlara görə hərəkət etmək məcburiyyətində qaldıq.

– Reallıqlar nədən ibarətdir?

– Məlum oldu ki, Türkiyənin Suriya ilə Hataydan Mardinə kimi 750 km sərhədi var, amma cəmi bir qapıdan keçmək mümkündür. Və biz o şansdan da istifadə etdik.

– Marşrutu necə seçdiniz?

– Əvvəlcə Bakıdan Naxçıvana uçduq. Çünki bizdən Suriyaya, Dəməşqə reys yoxdur. Üstəlik, səfirliyimiz də orada yoxdur ki, bizə kömək etsin. Dəməşqə reys olmadığına görə qərara aldıq ki, Türkiyə üzərindən gedək. Öncə Naxçıvandan İğdıra, oradan Urfaya avtobusla getdik. Urfada qaçqın düşərgəsində olduq. Oradan reportaj yazdıq. Daha sonra Suriya sərhədini keçdik, geri qayıdanda eyni marşrutla qayıtdıq. Suriyaya keçəndə isə maşın kirayələməli olduq və o maşınla hərəkət etdik.

– Bələdçi məsələsini bəs necə həll etdiniz?

– Orada Suriyadan gələn bir ərəb qaçqını var idi. Regionu yaxşı tanıyırdı. Onu dostlar sağ olsunlar tapıb verdilər. Suriyada yaşayan Türkiyə türkləri ilə internetlə yazışmalarımız oldu, onlar həmin ərəbi tapmaqda köməklik göstərdilər. Ərəbə bir az “hörmət” edəndən sonra təhlükəsizliyimizi qismən boynuna götürdü. Həm də o müxalif yönlü adam idi, Suriyanın o hissəsi müxaliflərin əlinə olduğuna görə keçə bildik.

– Neçə gün orada qaldınız?

– Bu gün günorta saatlarında Suriya sərhədini keçdik, o biri günü axşamı qayıtdıq. Suriyanın Azaz şəhərində olmamışdan bir gün qabaq Əsəd oranı bombalamışdı. O şəhərdə olduq, dağıntılara baxdıq, insanlarla söhbət etdik, sonra Hələbə getdik. Hələbin döyüş getdiyinə və təhlükəsizliyimiz təmin olunmadığına görə biz qayıtmalı olduq.

– Hansı bölgələrdə oldunuz, yaşananları qısa necə şərh edə bilərsiniz?


– Yaşananlar sadəcə faciə idi. Türkiyə ilə sərhədi Əssəlama məskənində olarkən insanlarla görüşdüm, ora da bomba atılmışdı. Təxminən 70 minlik şəhər tamamilə dağıdılmışdı. Orada olduğumuz müddətdə Əsəd 25 km aralıda olan Tal Rifat şəhərini bombalayırdı. Hələbin girəcəyinə qədər gəldik, amma orada təhlükəsizliyimizə təminat olmadığına görə geri qayıtmalı olduq.

– Maddi təminat məsələsi bəs necə oldu?

– Mən “APA Qrup”a daxil olan Lent.az-ın əməkdaşıyam. Və təbii ki, maliyyə məsələsi də şirkət tərəfindən ödənilir.

– Sosial şəbəkələrdə sizin ora getməyinizə şübhəli yanaşanlar var, yəni getdiyinizin yalan olduğu qeyd edilir.

– O adamlara cavabı çox sərt verəcəyəm. Hazırda reportaj üzərində işləyirəm, amma bəzi adamlara köşə ilə cavabım sərt olacaq. Onlar sadəcə çox yazıq, cılız, qorxaq, ürkək adamlardır. Məsələn, Xaliq Kazımlı ağzına gələni yazır, sonra mənim reportajımı verir. “Azadlıq” qəzetinin bir-iki müxbiri ağzına gələni yazır, sonra “Azadlıq” oradan hazırladığım reportajı verir. Azərbaycanda başda Modern.az olmaqla başqa saytlara hamısına hörmətim var, qardaşdırlar, dostdurlar. Bu qısqanclıqdır, bacarmadığın işi kimsə bacarırsa, bunu gözü götürməməzlik lazım deyil. Onların bu hərəkəti vecimə deyil, Azərbaycan mətbuatı olaraq bu işi ilk dəfə gördük və çox uğurlu alındı.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi