Modern.az

Jurnalistlər üçün tikilən binadan kimlərə mənzil verilməlidir? - TƏKLİFLƏR

Jurnalistlər üçün tikilən binadan kimlərə mənzil verilməlidir? - TƏKLİFLƏR

Media

22 Avqust 2012, 17:18

Beş jurnalist təşkilatından cavab...


Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binası tamamlanmaq üzrədir. Artıq binanın aşağı mərtəbələrinin bir neçəsində təmir işləri də başlayıb. 
Əldə etdiyimiz məlumata görə, mənzillər üçün Çindən mebel də sifariş edilib.

Kitab formasında layihələşdirilən bina iki blok, 16 mərtəbə və 154 mənzildən ibarət olacaq. Jurnalistlərin binası 2013-cü ilin sentyabrında tam təmir olunmuş vəziyyətdə qələm sahiblərinin istifadəsinə veriləcək. 

Mənzilləri jurnalistlər arasında bölüşdürəcək KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu hələki onların hansı meyarlar əsasında paylanacağını açıqlamayıb. Maraqlıdır, mənzillər hansı meyarlarla jurnalistlərə verilə bilər?

Modern.az saytı məsələ ilə bağlı  bir neçə jurnalist təşkilatının təkliflərini öyrənib. 

 Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, indidən hər hansı bir meyarın formalaşması haqqında fikir söyləmək tezdir: “Mən Kütləvi İnformasiya Vasitələrinnin İnkişafına Dövlət dəstəyi Fondunda da təmsil olunuram. Hələki heç bir şərt müəyyənləşməyib. Şərtlər müəyyənləşəndə müzakirələr olacaq. Təbii ki, o zaman da fikirlər səslənəcək. İndidən heç bir fikir demək istəmirəm, çünki çox tezdir. Zamanı çatanda bir fikir demək olar”.

M.Ələsgərli qeyd edib ki, gələn il mənzillərin verilməsi ilə bağlı müzakirələr olacaq və həmin müzakirələrdə fikir söyləmək daha məqsədəuyğundur:
“Müzakirələr zamanı söyləniləcək fikirlər komissiya üzvlərində rəylərin formalaşmasına təsir edəcək. O zaman məqbul bir variant seçiləcək. Mən özüm də həmin komissiyada təmsil olunuram. Yaxşı olar ki, jurnalist təşkilatları, redaksiyalar fikirlərini formalaşdırsınlar və rəsmi müzakirə keçiriləndə həmin fikirləri səsləndirsinlər. Mən KİVDF-nin Müşahidə Şurasının üzvüyəm, fikir söyləməyim bir rəy formalaşdıra bilər. Ona görə də heç bir fikir söyləmək istəmirəm”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də hələki heç bir meyarın müəyyənləşmədiyini deyib: “KİV DF-nin rəhbəri Vüqar Səfərli dəfələrlə bildirib ki, bina tikilib hazır olan ərəfədə meyarları bir yerdə müzakirə edəcəyik. Məsələ ilə bağlı yaradılacaq qrupda media nümayəndələri və jurnalist təşkilatları iştirak edəcəklər.

Mənim fikrimə gəldikdə isə onu deyə bilərəm ki, bununla bağlı ictimai müzakirə olmalıdır. İctimai müzakirələrdə mediada kifayət qədər təcrübəsi olanlar, jurnalist təşkilatlarının rəhbərləri, media rəhbərləri fikir bildirməlidirlər. Burada əsas odur ki, ehtiyacı olanlara ev verilsin”.

Y.Məmmədli hesab edir ki, bu zaman  jurnalistin yaşı, uzun müddətli təcrübəsi də nəzərə alınan meyarlar olmalıdır:
“Bir də nəzərə alınmalıdır ki, bu, yalnız paytaxtda çalışan jurnalistlərə deyil, ölkə boyu bütün jurnalistlərə şamil olunsun. Bizim bölgələrdə o qədər istedadlı jurnalistlər var ki, bu və digər səbəblərdən  paytaxta gələ bilmirlər. Ona görə də media nüvəsindən kənarda qalırlar. Amma onlar da regionlarda media ilə bağlı  fəaliyyətlərini davam etdirirlər.  Onlar Bakıya  gələ bilmədiklərinə görə, Bakıdan ev  almaq şansından yararlana  bilməlidirlər. Mən istərdim ki, müzakirələrdə bu fikirlər səslənsin. Müzakirlərdən sonra ən optimal variantlar meyar formasına salınıb jurnalistlərin ixtiyarına verilməlidir. O da yaxşı olardı ki, ediləcək müraciətlər hər hansı qurumlar tərəfindən  deyil, müsabiqədə istirak edəcək jurnalistlərin özləri tərəfindən olunsun”-deyə liqa sədri  bildirib.

Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova qeyd edib ki, ilk növbədə,  peşəkarların və sıravi jurnalistlərin evlə təmin olunması əsasdır: “Bununla yanaşı, burada jurnalistin təcrübəsi də önə çəkilən  məsələlərdəndir. Jurnalist var ki, 5 ildir mətbuatdadır, jurnalist də var ki, 20 ildir mətbuatdadır, yəni uzun zaman mediaya öz töhfəsini verib, amma yaşayış səviyyəsi, maddi təminatı aşağıdır. Peşəkarlarla və təcrübəsi olanlarla yanaşı, bu gün cəmiyyətə təsir qüvvəsi olan media nümayəndələri sözsüz ki, burada əsas yer tutur. Yaşlı, təcrübəli nəsil evlə təmin olunduqdan sonra, əgər yer qalarsa, onda gənclərə də oradan da ev vermək lazımdır. Əgər bu 154 mənzildə yer qıtlığı olacaqsa, hər kəs təmin olunmayacaqsa, gələcəkdə belə binaların tikintisi davam etdirilməlidir. O zaman gələcəkdə tikiləcək binalarda da gənclər üçün evlər nəzərdə tutulmalıdır. Fikrimizcə, həyatının böyük bir hissəsini mediaya həsr edən jurnalistlərə mütləq ev verilməlidir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə deyib ki, burada hər hansı bir təklifin verilməsinə ehtiyac yoxdur:
“Mənim heç bir təklifim yoxdur. Ümumiyyətlə, məsələ ilə bağlı heç bir təklif verə bilmərəm, heç bir meyar tapa bilmərəm. Özlərinin meyarları var, özləri də verəcək. Təsəvvür edin ki, orada 100 mənzil var, amma  minlərlə jurnalistimiz var. Burada nə meyar? Mən ora nə meyar seçə bilərəm? Yaşına, hansı qəzetdə işlədiyinə, hökumətə nə qədər liberal olduğuna görəmi? Nə qədər tənqidçi olduğuna görəmi? Bilmirəm, bu barədə heç nə deyə bilmərəm. Bir dənə bina ilə problem həll olunmayacaq.  İpoteka kreditləri olmalı, jurnalist də adam kimi pul qazanmalıdır ki, həmin kreditlərlə, qazandığı pulla istədiyi yerdə mənzil ala bilsin. Bu, belə olmalıdır, yoxsa 10 dənə o cür bina tikilsin, onsuz da bu problem  həll olunası deyil”-deyə E.Şıxlı bildirib.

Parlement Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə bildirib ki, jurnalistikamızın inkişafında xidmətləri olanlar bundan yararlanmalıdırlar:
“Çox istərdim ki, jurnalistlər üçün tikilən binada məhz belələrinə mənzil verilsin. Bizim təşkilatın bu məsələ ilə bağlı təklifləri var. Məsələ müzakirə olunanda təkliflərimizi irəli sürəcəyik. Hesab edirəm ki, Azərbaycanda bu məsələ ilə bağlı təklif səsləndirməyə haqqı olan jurnalist təşkilatlarından biri də bizik. Çünki bu məsələnin dəstək qazanması üçün uzun illər biz fəaliyyət göstərmişik. Amma bir gerçəklik də var ki, istənilən və ən ədalətli hesab edilən meyar heç də bütün jurnalistlərimizi razı salmayacaq”.

 Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi