Modern.az

Dillər Universitetinin mətbuat katibi: “İlk qonorarımı xatırlamıram, az olduğu üçün...” - MÜSAHİBƏ

Dillər Universitetinin mətbuat katibi: “İlk qonorarımı xatırlamıram, az olduğu üçün...” - MÜSAHİBƏ

23 Avqust 2012, 16:16

Modern.az-ın müsahibi Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovadır.


– Anam ya həkim, ya da hüquqşünas olmağımı istəyirdi. Atam isə sənət seçməyimə heç vaxt qarışmadı. Mənim jurnalist olmaq həvəsim daha çox televiziya ilə bağlı idi. O zaman, oxuduğumuz dövrdə televiziya diktorları mənim üçün kumir idilər. Rus dili müəllimimiz demişdi ki, diktorları seçmək üçün onların təhsil aldığı instituta gəlirlər. Bu institut o zaman Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu idi (İndiki Bakı Slavyan Universiteti – BSU). İllər sonra taleyim məni həmin təhsil ocağına da gətirib çıxardı. Amma artıq siyasi elmlər üzrə dissertant və elmi işçi kimi. Mən də rus dili fənninə daha çox maraq göstərir və düşünürdüm ki, seçimlərə gedib diktor olacağam. O zaman rus dili bilmək mütləq, lakin bununla yanaşı, Azərbaycan dilində səlis nitqə malik olmaq da vacib idi. Bu sahədə isə özümə arxayın idim. Orta məktəb illərində oxuduğum məktəbdə qiraət kurslarına gedirdim. Bütün tədbirlərdə çıxış edirdim, şeir oxuyurdum, məktəbimizdə keçirilən tədbirlərin aparıcısı mən olurdum. Həm də yaxşı inşa yazırdım. Ədəbiyyat müəllimimiz mənə həmin yazıları intonasiya ilə oxutdururdu. Yuxarı sinifdə oxuyanda Azərbaycan klassiklərinin qəzəlləri sinif yoldaşlarımın dilinə yatmırdı, hər dəfə müəllim məni lövhəyə çağırırdı. Azərbaycan müstəqilliyini yenicə qazanmağa başlayanda televiziyada da yeni nəfəs duyulmağa başlamışdı. Biz artıq ekranlarda Sahib Alıyevi, Rafiq Həşimovu, Dilarə Səlimovanı, Sevil Nuriyevanı, Sevinc Osmanqızını,Çingiz Mustafayevi izləyirdik. Artıq yuxarı sinifdə oxuyanda qətiləşdirdim ki, mən jurnalist olacağam. Məktəbdə artıq bu mənim adımın önündə mütləq deyilirdi. Jurnalist ifadəsi mənim üçün çox sevimli bir ifadə idi.
1994-1998-ci illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq jurnalistika üzrə bakalavr təhsili aldım. 1999-2001-ci illərdə beynəlxalq jurnalistika üzrə magistraturanı oxudum. 2005-ci ildən BSU-nun dissertantı və elmi işçisiyəm. Mövzumun əsası Fransa mətbuatı ilə bağlıdır. 2009-2010-cu tədris ilində Brüssel Universitetində siyasi elmlər üzrə elmi işçi statusu almışam və bununla bağlı həmin ölkədə iki ay işləmişəm. Azərbaycanda xaricidilli mətbuatla bağlı araşdırma aparmışam və bu istiqamətdə işimi davam etdirirəm. Təsadüfi deyil ki, fəaliyyətimin bir hissəsi də bununla bağlıdır. 2007-ci ildən Azərbaycanda yeganə fransızdilli mətbu orqan olan “Le Carrefour” qəzetinin baş redaktoruyam. 2008-ci ildən isə Azərbaycan Dillər Universiteti İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəriyəm.     

– Mətbuat xidmətinin rəhbəri olmamışdan öncə hansı mətbu orqanlarda çalışmısınız?

– Jurnalist fəaliyyətimə 1995-ci ildə Dövlət Radiosunun iqtisadiyyat şöbəsində başlamışam. İlk dəfə reportyor kimi məni xalça sexinə göndərdilər ki, süjet hazırlayım. Süjetim efirə verilən zaman öz səsimi radioda eşidəndə qulaqlarıma inanmadım. Çox xoşbəxt idim. Həmin ilin yayında bizi universitetdən KİV-də təcrübəyə göndərdilər. Mən o zaman təcrübə keçmək üçün öz doğma ata yurduma - Qazaxa getdim. O zaman valideynlərim orada yaşayırdılar. Qazaxda radioda təcrübə keçdim. Rayon radiosuna Bakıdan stajor getməyim orada çalışan jurnalistlər üçün də maraqlı idi. Hər gün demək olar ki, süjetlər hazırlayırdım. Rayon xəbərlərinin aparıcısı oldum. Daha sonra qəzetlərlə əməkdaşlıq etməyə başladım. “Şərq”, “Yeni Zaman”, “Faktor”, “Etimad” qəzetləri ilə əməkdaşlıq etmişəm.

2002-ci ildə Azərbaycanda fransız dilində nəşr olunan “Az-Media” qəzetində müxbir kimi işə başlamışam, elə həmin il Beynəlxalq Fransızdilli Mətbuat Birliyinə üzv seçildim. 2003-cü ildə qəzetin baş redaktoru, həmçinin Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsinin rəhbəri seçildim. 2004-cü ildə Birliyin Parisdəki baş qərargahında və “La Gazette” qəzeti redaksiyasında “Fransız dilində yazı jurnalistikası” üzrə təcrübə keçdim. Həmin il Birliyin Burkina Faso Respublikasında (Afrika) keçirilən 36-cı illik sessiyasında Azərbaycandan nümayəndə kimi iştirak etdim. 2006-cı ildə AzTV-nin  İctimai-siyasi verilişlər və xəbərlər redaksiyasında müxbir işlədim. Paralel olaraq o dövrdə BSU-da çalışırdım. Həm Beynəlxalq münasibətlər, həm də Jurnalistika fakültəsində dərs deyirdim. Sentyabrda dərslər başladığına görə AzTV-də fəaliyyətimi davam etdirmədim. Bununla belə, 2007-ci ildə  “Le Carrefour” (“Yol qovşağı”) adlı qəzet təsis etdim. Hazırda Azərbaycanda fransız dilində çıxan yeganə mətbu orqandır. 2008-ci ildən isə Azərbaycan Dillər Universitetində (ADU) çalışıram. Burada fəaliyyətim çoxşaxəlidir. Çünki rəhbərlik etdiyim şöbənin daxilində həm protokol xidməti, həm də Azərbaycan Dillər Universitetinin rəsmi orqanı “Poliqlot” qəzeti redaksiyası var. “Poliqlot” qəzeti mənim rəhbərliyimlə nəşrə hazırlanır. Bir faktı da qeyd edim ki, ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq Dillər Universitetinin “Poliqlot” qəzeti Mətbuat Şurasına üzv qəbul olunub.

– İlk məqaləniz nə barədə olub? Qonorarınızı xatırlayırsınız? 

– Yazılı mətbuatda ilk məqaləm sosial mövzuda olub, səhv etmirəmsə,  Bakıdakı dayanacaqlarla bağlı idi. Qonorarımı xatırlamıram, az idi, hər halda, ona görə yadımda qalmayıb.

Necə oldu ki, Azərbaycan Dillər Universitetinin mətbuat şöbəsinin müdiri oldunuz?

– Bu təklifi Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidovdan aldım. 2008-ci ildə onun əmri ilə ADU-da İctimaiyyətlə əlaqələr və mətbuat xidməti struktur olaraq yaradıldı və mən xidmətin rəhbəri təyin olundum. Bu mənim həyatımda ən mühüm bir addım oldu. Sanki mən özümü tapdım. Bu universitetdə işlədiyim üçün, məhz  rektorumuz Səməd Seyidovla işlədiyim üçün özümü çox şanslı, bəxti gətirən jurnalist və insan hesab edirəm.

– Mətbuat xidmətinin rəhbəri olmaq çətindir, yoxsa jurnalist?


– Hər işin öz çətinliyi var, amma mən bu bölgü ilə elə də razılaşmıram. Fikrimcə, jurnalist peşədir, ixtisasdır, mətbuat xidmətinin rəhbəri isə vəzifədir. Jurnalist olaraq mətbuat xidmətində olmaq bir az asandır deyərdim. Xüsusən də KİV-də müəyyən təcrübə qazanmış jurnalist üçün. Lakin hər halda sizin bölgü ilə razılaşsaq, həm mətbuat xidməti rəhbəri, həm də jurnalist ilk növbədə ona tapşırılan işin öhdəsindən gəlməyi bacarmalıdır. Bu da sırf peşəkarlıqla bağlıdır.      

– İşlədiyiniz bu illər ərzində olubmu ki, jurnalistlərlə konfliktlər yaşayasınız?

– Əksinə, jurnalistlərlə  xoş, səmimi münasibət və işgüzar əməkdaşlıq mühitində fəaliyyət göstəririk. Mətbuat xidmətinin işi təmsil etdiyi müəssisə ilə KİV-in münasibətlərini yüksək səviyyədə qurmaqdır, nəinki münaqişə etmək. Çox sevindirici haldır ki, jurnalistlərlə münasibətlərimiz öz qaydasındadır.  

– Mətbuatla əlaqə işinə xüsusi diqqət ayırırsınız. Bu, rəhbərlikdən, yoxsa jurnalist olmağınızdan irəli gəlir?

– Mətbuatla əlaqə bizim işimizin tərkib hissəsidir, biz buna xüsusi diqqət ayırmalıyıq. Amma bu, ilk növbədə rəhbərlikdən irəli gəlir. Əgər rəhbərlik bizə lazımi şərait yaratmasa və etibar etməsə, bu alınmaz. Bir misal deyə bilərəm. Bizim mətbuat xidməti ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq 2009-cu ildə KİV nümayəndələri üçün brifinq təşkil etdi. O zaman bizim şöbə cəmi yeddi ay idi ki, fəaliyyət göstərirdi. Rektor Səməd Seyidov mənə tapşırıq verdi ki, mətbuat katibi olaraq KİV nümayəndələrinin bütün suallarını cavablandırım. Bu onu göstərdi ki, rəhbərlik mətbuat xidmətini yüksək qiymətləndirir, onun vəzifə və səlahiyyətini müəyyənləşdirir. Burada mətbuat katibinə inam və etibar önə çəkilir. Səməd Seyidov nümunə göstərdi ki, mətbuat xidməti heç də adi şöbə statusu daşımır. Medianın yeri istənilən müəssisədə daha vacib və əhəmiyyətlidir, o cümlədən ali təhsil müəssisəsində. Belə olmasaydı, biz bu gün irəli gedə bilməzdik. Çünki ADU mətbuat xidməti yaradılana qədər bir çox ali təhsil müəssisələrində analoji strukturlar fəaliyyət göstərirdi. Lakin ali təhsil müəssisələrinin mətbuat xidmətləri çox passiv idilər. Hətta illər öncə yaradılmış qurumların mövcudluğuna baxmayaraq onlar KİV-lə əlaqələri ya qura bilmirdilər, ya da istəmirdilər. Məhz bizim mətbuat xidmətinin fəaliyyəti nəticəsində biz bu işləri ortaya qoyduq. Bizə isə Səməd Seyidov dəstək verdi. Onun sayəsində ADU-nun mətbuat xidməti öz fəaliyyəti ilə göstərdi ki, ali təhsil müəssisəsi üçün bu qurum nə dərəcədə vacib bir strukturdur. Bütün bu işləri görmək üçün isə təbii ki, rəhbərlik bizim strukturun fəaliyyətinə önəm verir.

– Mətbuat xidmətinin rəhbəri olaraq, jurnalistlərin və mətbuat xidmətlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?


– Mətbuat xidmətlərinin fəaliyyətinə qiyməti Azərbaycan Mətbuat Şurası, müvafiq orqanlar və çox hörmətli jurnalist həmkarlarım, KİV nümayəndələri hər zaman verirlər. ADU-nun mətbuat xidməti 4 ilə yaxındır fəaliyyət göstərir, 2008-ci ilin dekabrında yaradılıb. 2009-cu ildə ali təhsil müəssisələri içərisində təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılmasına, KİV ilə təmsil etdikləri təhsil müəssisəsi arasında ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərə görə hörmətli nazirimiz, Azərbaycan Respublikası təhsil naziri cənab Misir Mərdanov tərəfindən təşəkkürnamə ilə təltif olunmuşuq. 2010-cu ildə “İlin mətbuat xidməti”, 2011-ci ildə “İlin mətbuat katibi” seçilməyimiz bizə verilən yüksək qiymətin təzahürüdür.

İşinizidə hansı çətinliklər var?

– Çətinlik gördüyün işin məsuliyyəti ilə bağlıdır. Çünki mətbuat xidmətində çalışmaq çox məsuliyyət tələb edir. Mətbuat xidməti rəhbərinin imici universitetin imicini müəyyən edir. Ona görə xidmətin rəhbərinin məsuliyyəti ikiqat çoxdur. Çünki mətbuat katibi müəssisənin danışan dilidir. Deyilən hər bir ifadənin məsuliyyətini öz çiynində hiss etməlisən.   

– Yəqin ki, siz də jurnalist işləyərkən məlumat almağın çətinliklərini yaşamısınız?

– Bəli, belə hallar olub. Qəzetdə işlədiyim vaxtlar daha tez-tez belə çətinliklə üzləşmişəm.

– Mətbuata məqalələr verirsinizmi? Heç fikriniz varmı ki, mətbuat xidmətinin rəhbəri kimi yox, mətbuatda yenidən jurnalist olaraq çalışasınız?

–  Əslində mən jurnalist fəaliyyətimi dayandırmamışam. İstər “Poliqlot”, istərsə də “Le Carrefour ” qəzetində yazılarım, müsahibələrim çıxır. 

– İş və ailə... İkisini bir arada çatdırmaq çətin deyil ki?

– Anama çox minnətdaram ki, o, hər zaman əlimdən tutur. Bir də sevinirəm ki, qarşıma məni başa düşən, anlayan bir insan rast olub. Yoldaşım mənim işgüzar xanım olmağımı qəbul edib və o, buna çox hörmətlə yanaşır. Yeri düşəndə o, mənə kömək edir. Bəlkə də bu, onun uzun müddət Azərbaycandan kənarda yaşaması ilə, digər xalqların mədəniyyətini görüb-götürməsi ilə bağlıdır. Amma yenə də təbii ki, çətindir. İkisini bir arada çatdırmaq olar, amma bir tərəf hər zaman bu və ya digər dərəcədə axsayacaq. Bir yaşında oğlum var, oğluma hər addımında var gücümlə sevgimi çatdırmağa çalışıram. Amma elə bilirəm, yenə azdır.




Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi