Modern.az

Jurnalistlər öz peşələrini bu dərəcədə sevirlər... - MARAQLI

Jurnalistlər öz peşələrini bu dərəcədə sevirlər... - MARAQLI

Media

24 Avqust 2012, 09:36

Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistikanın dördüncü hakimiyyət adlandırılması da təsadüfi deyil. Jurnalistika maraqlı sahə olduğu kimi eyni zamanda çox çətindir. Bəs jurnalistlər öz peşələrini necə qiymətləndirirlər? Peşələrini sevirlər?

Öz peşəsini çox sevən “Anspress.com” saytının əməkdaşı Zülfiyyə Qurbanova jurnalistikanı ağır peşə kimi qiymətləndirir:
“Asan peşə deyil. Jurnalistika elə bir peşədir ki, burada təkcə savad-bilik keçərli deyil. Bu peşəni sevmədən, çox həvəsli olmadan jurnalist ola bilməzsən. Çünki jurnalistikanın çətinlikləri az deyil, jurnalistika həm də yaradıcı işdir. Bu sahədə azdan-çoxdan istedadın olmasa çətin olar. Jurnalist hər gün dünyada baş verən bütün yeniliklərdən xəbərdar olmalıdır”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu qeyd edib ki, məşğul olduğun işi sevməsən, o sənə yalnız əzab gətirər. Jurnalistin sözlərinə görə bu peşəyə marağı onda rəhmətlik Çingiz Mustafayev oyadıb:
“Tələbəlik illərində jurnalistikaya gəlmişəm. 15 ildir mediadayam. Bu artıq mənim işimdir. Peşənin çətin vaxtı, nifrət elədiyin zamanları da olur. Amma jurnalistikanı seçməkdə səhv etməmişəm. Bura indi az-çox “azadlıq adasıdır”. Bu gün Azərbaycanda jurnalistika ilə məşğul olmaq çox çətindir. Dünyada elitar peşə sayılan media ölkəmizdə bir sıra deformasiyalara məruz qalıb. Qəribədir ki, ölkə gündəmini dəyişməyi bacaran media öz sosial və iqtisadi vəziyyətini dəyişdirə bilmir. Mənə elə gəlir ki, mətbuatın menzurkası cəmiyyətdir. Əgər xalq qəzet oxumursa o zaman yüksək dəyərlərdən və savaddan bəhs etmək bir az absurd görünür. Ətrafımızda yaşayanlar – həkimlər, müəllimlər, mühəndislər, iş adamları heç olmasa 3 qəzetə abunə olmurlarsa deməli vəziyyət ağırdır. Mən KİV-in gələcəyini yalnız iqtisadi cəhətdən azad olan, qələmi ilə pul qazanmağı bacaran jurnalist nəslinin yaranmasında görürəm. Hələlik isə bu gün məşğul olduğumuz peşə mənəvi rahatlıq gətirsə də maddi problemlərdən xali deyil”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı deyir ki, sevməsəydi jurnalistikada bu qədər müddət qala bilməzdi: “Çünki ailəli qadının jurnalistikada qalması xüsusilə çətindir. Gərək hardasa nəyisə qurban verəsən, nədənsə keçəsən. Qiymətləndirməyə gəlincə, həddən artıq maraqlı, amma bir qədər təhlükəli və az mənfəətli işdir. Məni jurnalistikada cəlb edən daim yeni nələrisə öyrənmək, həm də yeni-yeni insanlarla tanış olmaq imkanıdır”.

“Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko da həmkarları kimi peşəsini seçən jurnalistlərdəndir. “Sevməsəydim bu sahəyə ayaq basmazdım. Universitetə imtahan verəndə 15 ixtisasdan 13-ü jurnalistika olub”.

ATV-nin “Xəbərlər” redaksiyasının redaktoru Vaqif Aydınoğlu isə jurnalistikaya təsadüfi gələnlərdəndir: “Amma bu sahə ilə tanış olandan sonra anladım ki, mən bu sahədən başqa yerdə işləyə bilməzdim. Ona görə də peşə baxımından özümü bəxti gətirənlər sırasında görürəm. Amma təbii ki, əl qolu sallamaqla buna nail olmaq mümkünsüzdür. Hansı sahədə olursa olsun,  insan daim öz üzərində işləməlidir. Xüsusilə xəbər jurnalistikasında...”.

“Azadlıq” radiosunun əməkdaşı Çingiz Sultansoy jurnalistikanı ən yüksək peşələrdən hesab edir. “Müəllimliklə, həkimliklə yanaşı, onu nüfuzdan salanları qınayıram. Təqsir peşədə deyil, aşağı səviyyəli, ağılsız və satqın adamlardadır”.

Modern.az saytının redaktoru Əziz Rzazadənin isə cavabı digərlərindən daha maraqlı olub. “Jurnalistika ilə könülsüz, məcburi nikahdayam. Onu “boşasam”, axşam “şamsız qalaram”. Üstəlik, qeybətçi qadın kimidir, sənə hər şeydən etibarlı və təfərrüatlı şəkildə xəbər verir – həyatda hamının haqqında hamıdan çox bilgi verib əyani tanıtdırır və sən hamının həqiqi dəyərini, bacarığını bilirsən. Ona görə də hərdən fikirləşirsən ki, bu “qadın”la boşanmasan yaxşıdır. Hətta deyingən, qeybətçi olsa da...”.

“Olaylar” İnformasiya Agentliyinin direktor müavini Fatma Abbasquliyeva jurnalistikaya öz istəyi ilə gəlib: “Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Cahangir Məmmədli, Tofiq Rüstəmov, Nəsir Əhmədli, Təhsin Mütəllibov, Əlyar Səfərli, Əliş Nəbiyev kimi ustad müəllimlərdən dərs almışam. Hansı KİV-də işləmişəmsə, sənətimi sevmişəm. Jurnalistikanı şərəfli peşələrdən hesab edirəm. Hesab edirəm ki, jurnalistlər ən fədakar, cəfakeş insanlardır. Məncə, jurnalistikaya gəlmək kamikadze olmaq deməkdir”. 

“Yeni Musavat” qəzetinin redaktoru Azər Ayxan da peşəsini sevir. Onun sözlərinə görə, jurnalistika, qəzetçilik dünyanın ən gözəl peşələrindəndir. “Ağır, məsuliyyətli olsa da, bu peşədə olduğum üçün çox xoşbəxtəm”.

“Qafqazinfo” saytının əməkdaşı Nigar Məmmədli özünü jurnalistikadan başqa sahələrdə heç təsəvvür etmək belə istəmir. “Jurnalistika bataqlıq kimi bir şeydir. Gəldinsə, batıb qalırsan. Jurnalistikasız özümü sudan çıxmış balıq kimi hiss edirəm. Bir neçə il analıq məzuniyyətində oldum. Düzdür, onun da öz gözəllikləri var. Amma əvvəl-əvvəl sanki çapalayırdım. Evə, işsizliyə, cəmiyyətsizliyə uyğunlaşa bilmirdim. O dövrü keçmək çox çətin gəldi. Amma şükürlər olsun ki, yenə də öz peşəmdəyəm. Jurnalistika mənə çox doğmadır. Demək olar ki, həyatımda ən dəyərli varlıqları jurnalistika mənə verib. Gözəl ailə, dostlar, bir sözlə hər şey...”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi