Sentyabrın 1-də Modern.az saytının 3 yaşı tamam olur. Hər zaman dövlət qurumları ilə əlaqə saxlayan, dəqiqləşdirilməmiş məlumat yaymamağa çalışan Modern.az-ın fəaliyyəti haqqında onlar nə fikirdədirlər? Mətbuat xidmətlərinin rəhbərləri bu barədə danışıblar...
Modern.az-ı ad günü münasibətilə təbrik edən Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, təkçə o, yox, bütün jurnalistlər bütün xəbər izləyiciləri etiraf edirlər ki, Modern.az 3 il əvvəl yaranmasına baxmayaraq kütləvi informasiya vasitələri arasında xüsusi yer tutub. Artıq bu bir həqiqətdir:
“Düzdür, 3 yaş çox da böyük yaş deyil. Amma bu müddət ərzində özünə böyük auditoriya toplaya bilib. Əgər mən ilk olaraq başqa saytlara baxırdımsa, indi birinci olaraq açdığım və oxuduğum Modern.az saytı olur. Saytın bir xüsusiyyəti var ki, burda jurnalistikanın bütün janrlarına rast gəlmək mümkündür. İstər, müsahibələr, reportajlar, istərsə də sorğular olsun. Ona görə mən belə hesab edirəm ki, 3 il müddətində bütün kəsimin diqqətini toplaya bilib. Bir də görürsən ki, insanlar eyni şeyi, eyni xəbəri oxumaqdan bezir. Amma Modern.az saytında buna rast gəlmək olmur. Yəni hər dəqiqə hər saniyə gözləyirsən ki, sayta fərqli, yeni, rəngarəng yazılar qoyulacaq. Sükanı belə saxlasanız yaxın vaxtlarda Modern.az saytı ilə rəqabət apara biləcək başqa sayt tapmaq çətin olacaq. Mən bir daha sizi təbrik edirəm. Universitetin fəaliyyətini işıqlandırmağa gəldikdə isə Modern.az həmişə bu məsələdə operativ olub. Hətta siz məni elə pis öyrəşdirmisiniz ki, inanmıram ki, bizim hər hansı materialımızı yerləşdirməyəcəksiniz. Bu da saytın tək dövlət universitetinə yanaşması yox, bütünlükdə ölkə təhsilinə olan münasibətdir”.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli 3 yaşı münasibətilə Modern.az-ın yaradıcı heyətini təbrik edərək bildirib ki, nazirliklə Modern.az saytının əməkdaşlığından razıdır:
“İşçilər operativliyi ilə seçilirlər. Orijinal suallar, maraqlı mövzular verilir. Sayt kollektivi çalışır ki, səhiyyənin hər bir sahəsini işıqlandırsın. İnanıram ki, bundan sonra da bu əməkdaşlıq davam etdiriləcək”.
Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da təbriklərə qoşularaq bildirib ki, Modern.az bu gün ölkədə sayılıb-seçilən, izlənilən, müraciət olunan, oxunaqlı xəbər xidmətidir:
“Mən işimdən dolayı hər gün yazıları izləyirəm. Xəbər lentindəki ən son xəbərlərin siyahısı ilə tanış oluram. Təbii ki, Modern.az bizim də Komitənin fəaliyyətini işıqlandırır. Bütün məlumatları işıqlandırarkən obyektivlik nümayiş etdirməsi bu sayta etibarlılığı artırır”.
Komitə rəsmisi Modern.az-a öz təkliflərini də verib:
“Çox istərdim ki, gələcəkdə komitənin əhatə etdiyi fəaliyyət sahələri ilə bağlı xəbər yox, daha çox araşdırma yazıları olsun. Düzdür, əmtəə nişanları, patentlər, nəzarət xidmətləri ilə bağlı araşdırmalara ara-sıra rast gəlmək olur. Komitənin fəaliyyətini obyektiv işıqlandırdığınız üçün təşəkkür edirik”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev:
“Modern.az aqrar sahədə yenilikləri həmişə işıqlandırıb. Xüsusilə problemlərə obyektiv yanaşması ilə seçilir. Kollektivinizi ad günü münasibətilə təbrik edirəm. Uğurlar və nailiyyətlər arzu edirəm. Bundan sonra da Modern.az saytı informasiya məkanında öz sözünü deyəcək. İnanıram ki, həmişə də tutuduğu obyektiv mövqeni sonrakı illərdə də davam etdirəcək. Artıq xeyli müddətdir bizim əməkdaşlığımız var. Təbii ki, Modern.az da bu etibarı qazanıb. Jurnalistikada əsas olan ünsiyyət qurmaq bacarığı Modern.az-ın kollektivində var. Ona görə də artıq nazirliklərlə Modern.az kollektivi arasında dostluq münasibətləri qurulub. Bütün bunlar onu deməyə əsas verir ki, Modern.az saytı informasiya məkanında öz sözünü deyib və bundan sonra da bu birinciliyi qoruyub saxlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-ın bu dövlət orqanı ilə əmədaşlığını yüksək qiymətləndirərək, əlamətdar gün münasibətilə saytın kollektivinə uğurlar arzu edib. Saytın yarandığı qısa müddət ərzində orijinal mövzuları, problemləri ilə gündəmi tutduğunu deyən İ.İbrahimova Modern.az kollektivinin həmişə maraqlı reportajları, müsahibələri ilə seçildiyini söyləyib:
“Sosial, mədəni, siyasi mövzularda həmişə aktiv mövqe tutub. Regionda və dünyada baş verən bütün xəbərləri işıqlandırır. Reportajlarınız, müsahibələriniz çox oxunaqlıdır. Yarandığı ilk gündən seçilməyi bacarıb. Bu saytın yaranmasında, inkişafında bütün əməyi olan insanları nazirlik olaraq təbrik edirik”.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytının kollektivini təbrik edərək uğurlar arzulayıb. Nazirliklə saytın əməkdaşlığını normal hesab edən A.Əliyev bundan sonra da informasiya mübadiləsinin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Camalxanov Modern.az saytını ad günü münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb:
“Mənim ilk canlı tanışlığım Modern.az kollektivindən Şahanə xanımla olub. Modern.az çox səmimi, ünsiyyət qurma bacarığı olan kollektivə malikdir. İnanıram ki, bundan sonrada əməkdaşlığımız davam edəcək”.
Daxili İşlər Nazirliyinin mətbaut xidmətinin şöbə rəisi Orxan Mansurzadə ad günü təbriklərinə qoşularaq saytımıza geniş oxucu auditoriyası arzulayıb:
“Bu gün ölkəmizdə demokratiyanın əlaməti kimi qəzet və jurnallar, kütləvi informasiya agentlikləri sərbəst şəkildə fəaliyyət göstərir. Onlardan biri də bu üç ildə özünə xüsusi yer tutmuş Modern.az saytıdır. Qısa müddətdə yaranmış özünə oxucu auditoriyası toplayıb. Bu auditoriyanın daha geniş olmasını arzulayıram. Bu çox gözəl başlanğıcdır. İnanıram ki, DİN-lə Modern.az-ın əməkdaşlığı bundan sonra da davam edəcək”.
Rabitə və İnformasiya Texnologiyalar nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov səsləndirilən fikirlərə qoşularaq bildirib ki, nazirliklə saytın informasiya mübadiləsindən razıdır. Onun fikrincə, qısa müddət ərzində Modern.az özünə kifayət qədər oxucu kütləsi toplaya bilib:
“Bu gün Azərbaycanda informasiya saytları, agentlikləri çoxdur. Bu çoxluğun arasında sayılıb-seçilmək çox mürəkkəb məsələdir. Amma bu qısa müddət ərzində Modern.az bunu bacardı. Kollektivinizi ürəkdən təbrik edirəm. İnanıram ki, bundan sonra da informasiya texnologiyaları sahəsindəki informasiyaları operativ şəkildə işıqlandıracaq”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova Modern.az-ın fəaliyyətini yüksək qiymətləndirərək ad günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, Modern.az universitetin bütün tədbirlərini, fəaliyyətini daim işıqlandırıb:
“Düşünürəm ki, bizim Modern.az saytıyla gözəl əlaqələrimiz və iş birliyimiz var. Əməkdaşlığımızdan razıyam. Hamınıza və saytın rəhbərliyinə təşəkkür edirəm. Uşaqla müqayisə edəndə 3 yaşlı uşaq dünyanı dağıdır. Bu yaş uşağın ən aktiv vaxtı olur. Uğurlu olsun. İnşallah 30 yaşını qeyd edək”.
Gültəkin ƏLƏSGƏR