Modern.az

Baş redaktorlar Modern.az barədə nə düşünürlər? - RƏYLƏR

Baş redaktorlar Modern.az barədə nə düşünürlər? - RƏYLƏR

Media

1 Sentyabr 2012, 07:03


Sentyabrın 1-də Modern.az saytının 3 yaşı tamam olur. Xəbər portalının fəaliyyəti barədə həmkarlarımız da öz fikirlərini bölüşüblər. Maraqlıdır, qələm əhli saytın 3 illik fəaliyyətini necə dəyərləndirirlər?

“Xəzər” TV-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Məryəm Qulamova bildirib ki,  saytın yaşı az olsa da, uğurları böyükdür:
“Siz də bizim kimi  hələ yenisiniz, amma yeni olmağınıza  rəğmən uğurlar qazanmısınız. Modern.az bizimlə sıx əlaqə saxlayan, fəaliyyətimizlə maraqlanan xəbər saytlarından biridir.  Əslində Modern.az saytı və “Xəzər” telekanalının təxminən yaranma  tarixləri eyni vaxta düşür.  Oktyabrda da bizim 5 yaşımız tamam olur. Əvvəlcədən hər ikimizi təbrik edirəm.
Düşünürəm ki, “Xəzər” telekanalı ilə Modern.az  saytı davamlı əməkdaşlıq edəcək. Bizim verdiyimiz cavabları qərəzsiz, obyektiv, olduğu kimi oz saytınızda yerləşdirmisiniz”. M.Qulamova  saytın adının özəl və uğurlu bir seçim olduğunu qeyd edib: “Saytın adı olduqca uğurlu bir seçimdir. Modern dünyada baş verən hadisələrlə tanış olmaq üçün Modern.az saytına  daxil olmaq yetər. Saytın fəaliyyətini  çox yaxşı  dəyərləndirirəm. Sizə böyük uğurlar arzu edirəm”.

ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu Modern.az-ın kollektivini təbrik edib və bildirib ki, həm xəbər, həm müsahibə, həm də araşdırma mövzuları ilə bəyənilir:
“Modern.az saytının internet mediasında xüsusi yeri var. Xəbər müdiri kimi kompüterimdə daimi  açıq olan 3-4  xəbər saytı varsa, onlardan biri Modern.az saytıdır. Bir daha sizə uğurlar arzulayıram. Arzu edirəm ki, hər zaman yeniliklərlə ayaqlaşasınız. Oxucularınızın da sayını bu yeniliklərə uyğun artırasınız”. 

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu saytın yaşını çox gənc hesab edir:
Modern. az saytını çox gənc hesab edirəm. Media yaşı olaraq 3 yaş çox gəncdir. Modern.az Azərbaycan mediasının gənc nümayəndələrindən biridir. Kollektivlə müxtəlif zamanlarda  tanış olmuşam.  Həmişə də gəncləri görmüşəm.  Azərbaycanda  yeni medianın, internet  mediasının yaranmasında Modern.az  saytının da özünəməxsus yeri var.  Bu yeri alqışlayıram. Modern.az-çıların  hamısını təbrik edirəm. Elşad müəllim başda olmaqla Modern.az-da Azərbaycanın tanınmış redaktorları çalışır.  Hər birini salamlayıram, kollektivin hər bir üzvünü təbrik edirəm və daha böyük  uğurlar arzulayıram”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə saytımızın mətbu əxlaqın tələblərinə cavab verdiyini bildirib.
”Modern.az saytını 3 yaşı münasibəti ilə təbrik edirəm. Bu gün milli mətbuatının virtual şaxələrindən biri olan elektron saytlarsız Azərbaycan mətbuatını təsəvvür etmək çətindir. Bu sırada Modern.az-ın özünəməxsus yeri var. Azərbaycan ictimaiyyətinin ən müxtəlif sosial, siyasi təbəqələrinə aid olan informasiayalara burada rast gəlmək mümkündür. Müsbət ənənədir ki, Azərbaycan istənilən informasiya tələbatının ödənilməsində yaxşı nümunədir. Eyni zamanda Modern.az mətbu əxlaqın tələblərinə cavab verir. Bununla Azərbaycan informasiya istehsalının əxlaqı keyfiyyətlərini qorumuş olur. Həm də Milli Məclisin fəaliyyətini işıqlandıran Modern.az bundan sonra da əsas prinsiplərini yaşatmalıdır. Təbrik edirəm, uğurlar arzu edirəm”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri  Arif Əliyevin informasiya aldığı ən mötəbər mənbələrdən biri də Modern.az saytıdır.
”Bu sayt müəyyən çətinliklər yaşadı. Amma buna baxmayaraq,  həmin dövrü uğurla keçdi. Artıq keçid dövrü geridə qalıb, böyüməyə başlayacaqsınız. Azru edirəm ki, sayt tez böyüsün. Mənim üçün xoş olan həm də odur ki, 31 avqust mənim ad günümdür, 1 sentyabr da sizin saytın ad gunudur. Bir daha təbrik edirəm”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Modern.az xəbər portalını 3 yaşı münasibətilə təbrik edib.
“Modern.az qısa müddət ərzində yeni təşəkkül tapmaqda olan internet medianın cəmiyyətdəki yeri və rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə bağlı kifayət qədər bitkin təsəvvür formalaşdırmağa nail olub. Portal rəngarəng dəst-xətti ilə ortaya bu yeniliyin nümunəsini qoymağı bacarıb. Özünəməxsus təqdimat tərzi və peşəkarlıq xüsusiyyətləri ilə seçilib.
Hesab edirəm ki, Modern.az-ı Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir. Portal əməkdaşlarına bu yolda yeni-yeni uğurlar, çoxsaylı ad günləri, yubileylər arzulayıram”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ilk növbədə,  kollektivi təbrik edib: “Modern.az kollektivini təbrik edirəm, o gün olsun  ki, 5-10 illiyinizi qeyd edəsiniz. Ən böyük arzum budur  ki, peşəkarlığınız, operativliyiniz, dəqiqliyiniz artsın. Azərbaycan dili daha mükəmməl və daha gözəl olsun”

“AnsPress.com” saytının baş redaktoru Azad Əliyev : “Azərbaycan çap və internet məkanında fəaliyyət göstərən hər bir mətbu orqanın özünəməxsus yeri var. Həmçinin də Modern.az saytının. Kollektivinizi təbrik edirəm. Yaradıcılıq uğurları arzulayıram. Qələminiz iti, sözünüz kəsərli olsun”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-ın əməkdaşlarını təbrik edib: “İlk fəaliyyətə başladığı gündən izləyirəm. Xoşdur ki,  bəzi yeni saytlar kimi hay-küyçü xəbərlər, yalanlar, şayiələr üzərində Modern.az öz işini qurmadı. Ciddi, sanballı layihələrlə  addım-addım özünütəsdiqə çalışdı. Tez gələn şöhrət, tez də gedər. Modern.az öz şöhrətini, etibarını yavaş-yavaş, zamanla qazandı. Oxucular güvəndilər, etibar etdilər. İnanıram ki, elə bu templə də  davam edəcək, ləngərli, ağır yerişi ilə sonda hamını - bərk qaçanları, yüyürənləri, təngnəfəs edəcək. Səbr, əzm, inad və yorulmadan, həvəsdən düşmədən calışmaq arzulayıram”.

“Şərq”qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, Modern.az onun daim izlədiyi saytlardan biridir: “Modern.az saytı hər səhər, daimi izlədiyim saytlardan biridir. Sayt internet jurnalistikasının çox keyfiyyətli, çox ciddi, vacib informasiyalarını öz  oxucularına çatdıran bir informasiya məkanı kimi mənə çox maraqlıdır. Təbii  ki,  Modern.az saytı əvvəl  yarananda  Parlament Jurnalistləri Birliyinin hesabına təşkil olunmuşdu. Burada parlamentin fəaliyyəti daha  geniş  işıqlandırılırdı. Ayrı-ayrı deputatların fəaliyyəti, qanunvericilik fəaliyyəti ilə bağlı  məsələlər gündəmdə idi. Son dövrlərdə Modern.az-ın fəaliyyəti artıq  təkcə parlamentin fəaliyyətindən,  ayrı-ayrı deputatların təqdimatından ibarət deyil. Ümumiyyətlə, normal informasiya siyasəti yürüdən bir saytdır. Saytın kollektivini təbrik edirəm. İndi klassik media ənənələri ilə yeni qurulan media sistemi arasında bilavasitə ciddi rəqabət gedir. Mən istərdim ki, bütün saytlar klassik media ənənələrinin örnəklərinə sadiq qalsınlar və  informasiyanın təkcə operativ şəkildə ötürməsinlər, eyni zamanda ciddi, dolğun çatdırılmasına tam riayət edə bilsinlər.   Sizin sayt ciddi bir mühit formalaşdırıb, inanıram ki, bundan sonra da o formanı qoruyub saxlayacaq”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da kollektivi təbrik edərək, sayt haqqında fikirlərini bildirib:
“Baş redaktor başda olmaqla,  kollektivi təbrik edirəm. Bir neçə oxuduğum, xəbərini  paylaşdığım, bəzi hallarda qəzetimizin istifadə etdiyi informasiya mənbəyidir. Bu az bir vaxt, məhdud imkanlar çərçivəsində sayt böyük işlər görüb, uğurlara imza atıb. Azərbaycanın informasiya saytları arasında öndə yer tutur.  Bu, çox  böyük bir işdir. İndiki zamanda, xəbər məkanına daxil olub, uğur qazanmaq,  yer tutmaq fəaliyyətə yeni başlayan bir qurum üçün çox çətindir. Elşad bəy öz kollektivi ilə birgə bu işin öhdəsindən gəlir və Modern.az oxunaqlı bir portala çevirilib. Tək ad günü yox,  ümumi proses baxımından bu kollektivi təbrik etmək yerinə düşər”.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi