Modern.az

Mərhum fotojurnalistin xanımı: “Alimin fotoarxivini qardaşı it-bata saldı” - REPORTAJ

Mərhum fotojurnalistin xanımı: “Alimin fotoarxivini qardaşı it-bata saldı” - REPORTAJ

13 Sentyabr 2012, 09:52

Düzünü desəm, sağlığında nə özünü görmüşdüm, nə də çəkdiyi fotolarla tanışlığım var idi. İnternetdə axtarış verdim, haqqında bu xəbəri tapdım: “2005-ci il uyunun 18-dən 19-na keçən gecə “Yeni Müsavat” qəzetinin fotoqmüxbiri Alim Kazımlı dünyasını dəyişib. Həyat yoldaşı ilə birlikdə şəxsiyyət vəsiqəsi almaq üçün Nərimanov rayon Polis idarəsinin Pasport Qeydiyyat şöbəsinə gedən jurnalist burada məmur özbaşınalığı ilə üzləşib. O, idarə rəisi Abil Məmmədovun mənəvi və fiziki zorakılığına məruz qalaraq, əsəb sarsıntısı keçirib, nəticədə insult olub. Hadisədən sonra fotomüxbir uzun müddət xəstəxanada müalicə olunub, daha sonra isə ev şəraitində reabilitasiya kursu keçib. Lakin aldığı kəskin psixoloji sarsıntının təsirindən bütünlüklə qurtula bilməyib. Yenidən koma vəziyyətinə düşən jurnalist sonda dünyasını dəyişib”.

Mərhum fotojurnalist Alim Kazımlının ailəsi ilə görüşmək üçün çox səbrsizlənirəm. Budur artıq çatmışıq. Bura “Yeni Müsavat” qəzetinin fotoqrafı olmuş mərhum Alim Kazımlının evidir. O, 2005-ci ilin iyununda dünyasını dəyişib, artıq ölümündən 7 il keçir.

Ailə ilə tanışlıq

Söhbətimiz tanışlıqdan başlayır. Elminaz İmanova mərhumun həyat yoldaşıdır. Birinci övladı Könülün 21 yaşı var. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib . İkinci qızı Günelin isə 19 yaşı var və orta məktəbin 9-cu sinifindən çıxdığına  görə ali məktəbə daxil olmayıb, telefonda məni evlərinə dəvət edən sonbeşik Aysel isə 11-ci sinif şagirdidir və ali məktəbə hazırlaşır.

Elminaz xanımın əhvalı diqqətimizdən yayınmır və öncə onun vəziyyəti ilə maraqlanırıq: “Üstünüzə sağlıq, bir az xəstəyəm, şəkərim var, pəhriz saxlayıram. Alim rəhmətə gedəndən məndə bu xəstəlik əmələ gəlib. Onu xərəkdə görəndə çox həyəcan keçirtdim. Sən demə, artıq onda mən şəkər olmuşam. Görürdüm nəsə çox su içirəm, məndə arıqlama gedir. Həkim dedi ki, yüksək faizli şəkərsən. Bir müddət xəstəxanada yatdım, indi evdə müalicə olunuram. Allah hamının canını sağ eləsin, mən də bu qızları bir yana çıxarım.

İndiki qızları bilirsən də, seçimi özləri edir. Hələ ki, böyük qızım Könül “yox” deyir. Qız 21-22 yaşı keçməsə, yaxşı olar. Bir vaxtlar deyirdi ki, “oxuyuram”, indi də deyir ki, “qoy işə düzəlim”. Nə bilim, Allah xeyirlisindən versin”.

Anasının sözlərinə qıraqdan baxıb dodaqaltı qımışan Könüldən nə üçün işləmədiyini soruşdum.


Könül:
“İş üçün imtahan verdim, keçdim. Özü də ən yüksək balla. 70 manat maaşla işləmək üçün də 3000 manat rüşvət istədilər. Müəllimə olmaq istəyirdim, bu maaşı görüb vaz keçdim. Magistraturanın da birinci turundan keçmişdim, ikinci tura getmədim”.

Elminaz xanım da işləmir. “130 manat təqaüd alıram. Mətbuat Şurası 14 min manat pul vermişdi. Onunla da Alimin arzusunu yerinə yetirib bu evi tikdirmişəm. Kiçik qızım 65 manat müavinət alır. Alimin sağlığında yaşadığımız evi də kirayə vermişik. Bizim gəlir yerimiz dediyimiz mənbələrdir, vəssalam”.


“Alim məni 15 yaşımdan sevirdi”

Ailə başçısı bizə bir az da mərhum jurnalist Alim Kazımlı ilə tanışlığından danışır:

“Alim böyük qardaşımla dost idi. Məktəbi bir qurtarmışdılar, əsgərliyə də bir getmişdilər, bir gündə də gəlmişdilər. Alim məni 15 yaşımdan sevirdi. 25 yaşım olanda məni qaçırdı. Uşaqlarım gec olub. Ailə həyatı quranda mənim 25, Alimin isə 32 yaşı var idi. 10 ildən sonra uşağımız oldu. Rəhmətlik Alim bazara uşaqları aparanda deyirdi ki, “gəlin, nəvələrim, gəlin gedək”. Uşaqlarımıza “nəvələrim” deyirdi. Yadımdadır, bir dəfə Könül məktəbə getmişdi. Könülü o biri uşaqlardan ayırıb başqa sinfə keçirmişdilər. Alim getdi məktəbə, dedi ki, “həll etdim, gəldim”. Könül də ağlaya-ağlıya gəldi ki, “ana, düzəlmədi, uşaqlardan ayrıldım”. Bu səfər də mən getdim məktəbə. Direktor məni gördü, qızıma dedi ki, “ay qız, babanı gətirmişdin, indi də nənəni gətirmisən?”.
Ailədə münasibətimiz  çox yaxşı idi. Adi bazarı tanımırdım ki, haradadır. Neçə illər Alimlə birgə həyat sürdüm, evdən kənara çıxmadım. Özü alırdı, gətirirdi. Səhər tezdən bazarlıq edirdi. Deyirdi, “nə qədər canım sağdır, balalarım yesinlər-içsinlər, kef etsinlər”. Eyni zamanda da tələbkarlığı var idi. Gün batdı, deyirdi, “qapını bağla, uşaq nədi, qaranlıqda çöl nədi...””.

“Atamın ən yaxın dostu mən idim”


Könül:
“Atamızdan qorxmağa qalanda hamımız qorxurduq. Elə olub ki, döyüb də məni. Amma deyib ki, “ən çox istədiyim qızım Könüldür”. Həmişə çöldə dava  olanda anam, bacım qaçırdı çölə. Bir dəfə atam dedi ki, “sən niyə getmirsən?” Dedim ki, nəyimə lazımdır, camaat dalaşacaq mən də onlara baxacağam. Ondan sonra mənə dedi ki, “sən mənim adamımsan”. Bəlkə də ona görə məni çox istəyirdi. Həmişə mənimlə zarafat edirdi. Hərdən qadınları göstərib deyirdi ki, “bax, qızım, gör mənə necə baxırlar”. Bir də görürdün nəyisə dağıdırdım, deyirdi ki, ata-qız aramızda sirr qalsın. Hərdən xatirələrim yadıma düşür, oturub ağlayıram. Tez-tez yuxularımda görürəm.

Mənim şəkil çəkməkdən və ya çəkdirməkdən xoşum gəlmir. Amma jurnalist olmaq istəyərəm”. 

Günel: “Atam rəhmətə getməmişdən 6 ay qabaq soruşdum ki, ay ata, hansımızı çox istəyirsən? Dedi ki, Könülü...”.


“Çəkdiyi şəkillərdən evdə danışmırdı”


Elminaz xanım deyir ki, iş həyatını evə gətirməyi sevməyən Alim Kazımlı eyni zamanda evə daxil olanda xaraktercə də fərqli olurdu.

“Bir şey də var ki, çöldə deyib-gülən, evdə isə qaraqabaq, xasiyyəti bir az da tünd, ağır idi. Əsəbiliyi isə sonradan oldu. Əvvəllər elə deyildi. 2003-cü ilin prezident seçkilərində Xaçmazdakı mitinqdə başına dəyənək dəymişdi. Ondan sonra başı ağrıyırdı. Hər şeyə əsəbiləşirdi. Həkimə getmirdi, getməyi də sevmirdi, dərman atmırdı.
2005-ci il dekabrın 28-i idi. O hadisə baş verəndə mən də kiçik qızımla orada idim, maşında oturub onu gözləyirdim. Özünə də, mənə də şəxsiyyət vəsiqəsi düzəltdirirdi. Dedi, “sən otur maşında, lazım olsa, gəlib səni də çağıracağam”. Fotoaparatı da qoydu maşında. Balaca qızımı maşında tək qoyub gedə bilmirdim. Bir az  keçdi, bir qız çağırdı ki, “İmanov Elminaz kimdir?” İçəri keçib gördüm ki, Alim xərəkdədir, yanında da həkim var, ağzı da əyilib. Qaçdım həkimin üstünə ki, nə olub ona? Həkim dedi ki, iflic olub. Oradan apardıq xəstəxanaya. Bir aydan sonra evə gəldik. Bir ay ərzində ağzı düzəlsə də, qolu düzəlmədi. Sonra da işə getdi.
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu ona demişdi ki, “maaşını verəcəm, gəlmə işə”. Amma Alim çox darıxırdı. Bir dəfə də işdə kiminsə atası rəhmətə getmişdi, onsuz məclisinə getmişdilər. Evə çox fikirli gəldi. Dedi ki, “gör mən nə günə qalmışam...”.  

Könül: “Zarafatla soruşurdum ki, ata, gücün çatmadı “pasportstol”un rəisi Abil Məmmədovu vurasan? Onda dedi ki, “növbətçi polis məni dəyənəklə vurdu”. Davaya səbəb isə o olub ki, camaatı gözlədirdilər. Atam da deyib ki, “niyə bu camaatı qoyun yerinə qoyub gözlədirsiniz?”  Bu söhbətin üstündə mübahisə düşüb, əlbəyaxa olublar. Atam Abil Məmmədova əl qaldırmaq istəyəndə, növbətçi polis dəyənəyi başına endirib. Abil Məmmədov demişdi ki, “müalicə xərcini verəcəyəm”, amma atam qəbul etmədi. Biz sadəcə haqqımızı tələb edirdik, o, həbs edilsin.
Dəfələrlə “pasportstol”a getmişəm, amma deyə bilməmişəm ki, Alimin qızıyam. Özəlləşdirmə ilə bağlı oraya gedəndə Abil Məmmədov haradan olduğumu soruşdu. Hətta onu da soruşdu ki, “toyun olub qızım?” Dedim, yox. Dedi ki, “toyun olanda çağırarsan, gələrəm”. O anda bilmədim ki, nə edim (ağlayır).”

“Arxivləri necə yoxa çıxdı özümüz də bilmədik”


Ailə üzvləri mərhumun iş yoldaşlarından razılıq etdi.

Elminaz xanım: “Qurban bayramında, Mətbuat Günündə gəlib baş çəkirlər. Rauf Arifoğlu, Ələsgər Süleymanov kömək edib. Sağ olsunlar, deyirlər, nə lazım olsa, zəng edib deyin. Amma onların da vəziyyəti bir o qədər qənaətbəxş deyil. Hərdən Alim özü də zarafatla deyirdi ki, “naharda yemək əvəzinə, tum çırtlayan jurnalistlər””.

Könül: “Atam 2003-cü ildəki mitinqdən olan şəkillərini, bir də xarici qonaqlar gələndə çəkdiyi şəkilləri qoruyub saxlayırdı. Amma yasda başımız qarışdı, əmim hamısını yığıb apardı. İndi də deyir ki, guya, şəkillər onda yoxdur. Hazırda əmimgillə əlaqəmiz yoxdur. Atamdan sonra münasibətimiz dəyişmişdi.
Düzünü desək, atamızın müəlliflik hüququnu qorumaq üçün Mətbuat Şurasına müraciət etməmişik. Fotoaparatı isə işə qaytarıldı”.

“Alim Kazımlının ən böyük arzusu”


Könül
: “Son zamanlar əsəbləri tarıma çəkilmişdi. Evdən çıxıb qaçırdı. Biz və qonşularımız tutub gətirirdik. Sol qolunda hissiyyat qalmamışdı. Soba qolunu yandırmışdı, o isə yanğının ağrısını hiss etmirdi. Həkimə getməklə arası yox idi. Qapıya həkim gələndə qovurdu. Həmişə deyirdi ki, harada qırıldı-qırıldı. Ölümünə az qalmış ağlayırdı. Gecələr də yata bilmirdi, elə hey öz-özünə danışırdı. Ölümünə 3 gün qalmış isə dili tamamilə tutuldu.  

Ən böyük arzusu o idi ki, İsa Qəmbər prezident olsun. Buna da inanırdı...

İsa Qəmbər evimizə gəlməsə də, adamları vasitəsi ilə bizimlə maraqlanır. Nəsə bir şey olanda, deyir, bunu niyə vaxtında deməmisiniz...”.







Şahanə Rəhimli
Fotomüxbir Elçin Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi