“Payızdan redaksiyalarda Həmkarlar İttifaqının yaradılması üçün fəaliyyətimizi gücləndirəcəyik. Çalışacağıq jurnalistlərin ümumi həmkarlar təşkilatı yaransın”. Bu sözləri Modern.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Eyni zamanda Mətbuat Şurasının sədri bildirib ki, jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi, bu sahədə güzəştli xidmət barədə ayrı-ayrı qurumlarla danışıqların aparılması gündəmdədir.
“Başqa ölkələrdə bu xidmət redaksiyaların hesabına həyata keçirilir. Redaksiya öz əməkdaşına kart verir ki, ictimai nəqliyyatdan pulsuz istifadə etsin. Azərbaycanda redaksiyaların maliyyə imkanları yaxşı olmadığına görə və redaksiyalarda Həmkarlar Təşkilatının olmaması bu sahədə problemlərin baş verməsinə gətirib çıxarır". Ə.Amaşovun sözlərinə görə, jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi üçün, yenə də müvafiq qurumlarla danışıqlar aparılır. “Vəziyyət belə idi ki, əvvəllər Azərbaycanda ictimai nəqliyyatdan güzəştli istifadə olunması ayrı-ayrı qruplar şəkilində həyata keçirilirdi. Həmin güzəştlər ləğv olunanda jurnalistlər də imtiyazlarını itirdilər. Amma indi biz bunun bərpası üçün lazımi orqanlarla danışıqlar aparırıq”.