Bir neçə gün öncə Mətbuat Şurası “reket” qəzetlərin yeni, son siyahısını açıqladı. Maraqlıdır ki, zaman keçdikcə bu siyahı da uzanır.
Ən maraqlısı isə odur ki, bu siyahıda olan “reket jurnalistlər” ayda bir-iki dəfə və ya iki aydan bir qəzet çıxarsalar da, onlar bu gün heç bir maddi çətinlik çəkmədən yaşayır, varlı həyat sürürlər. Üstəlik bahalı maşınları, evləri, bir sözlə onlar üçün hər şey öz qaydasındadır. Amma ciddi jurnalistika ilə məşğul olanlar neçə illər çəkdikləri zəhmətin qarşılığında bunları əldə edə bilmirlər.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ümumiyyətlə, “reket jurnalistikası” terminini qəbul etmir. O, həmin adamları jurnalist saymır: “Ona görə də həmin adamları normal jurnalistlərlə müqayisə belə, etmək istəmirəm. Quldur, “julik”, insanları təhdid edən, ondan-bundan pul qoparan jurnalist ola bilməz, bu, başqa şeydir. Düşünürəm ki, jurnalistlər öz işlərini görməlidir, quldur və oğruları da hüquq-mühafizə orqnaları tutmalıdır”.
“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu qeyd edib ki, bu gün Azərbaycanda əsl jurnalistikanın bazarı bir az dardır, qəzetlərin tirajı çox deyil və onların reklam bazarı yoxdur: “Ona görə də normal jurnalistlərin az maaş almağı və pis yaşamağında qeyri-adi heç nə yoxdur. Bu mühitdə elə belə də olmalıdır. O birilər isə başqa yollarla pul qazanaraq varlanırlar”.
Modern.az saytının redaktoru Əziz Rzabəyli "reket jurnalistikası" və "reket jurnalist" adına həmişə etiraz edənlərdəndir: “Çünki reket - təhdid, çox vaxt da silahlı təhdidlə cinayətkar əməldir. Haqqında söhbət gedən növ isə medianı şantaj alətinə çevirmiş adamlardır. Və yüz fazi əminəm ki, bu adamların arxasında güc strukturlarının konkret vəzifəli şəxsləri dayanır. Bir dəfə hətta heç bəyənmədiyim Mətbuat Şurası da bunu etiraf etmək həddinə çatmışdı. Amma Mətbuat Şurası sadəcə qorxdu. Şantajçının pulunun çoxluğundan, bahalı maşınından deyil, kölgədəki arxadan qorxdu. Çünki bu dələduz-şantajçı adamların həbsi ilə bağlı xəbərləri hətta televiziyalarda izlədikdən az sonra onların müəmmalı şəkildə məhkəməsiz-mühakiməsiz azad edildiyinin şahidi olmuşuq. Bu adamlara TV və mediada yol açanlar var. Durum bu cürdür. Başqa səhih və məntiqli izah görmürəm. Və sonda: onları görəndə əsla heyfslənmirəm. Onlara "Hammer" lazımdır, mənə evimdəki səliqəli hamam da kifayət edir”.
Araşdırmaçı jurnalist Çingiz Sultansoy hesab edir ki, ölkəmizdə yalandan demokratiyadan danışan quruluşda bu normaldır və burada qeyri-adi heç nə görmür:
“Həqiqəti yazan, namusla çalışan jurnalistin qədri bilinmir. Təbii ki, o özünü çətin həyata məhkum edib. Eyni zamanda “reketlik” sözünün əleyhinəyəm. Ona “dilənçi jurnalistikası” deyirəm. Bu cür dilənçiliyi edənlər isə maddi təminatla yaşayır. Azərbaycanın bugünkü ictimai-siyasi müstəvisində bu normaldır”.
Ç.Sultansoy “reket jurnalistlər”in kübar həyat sürmələri fikri ilə isə razı deyil: “Varlı olmaq hələ kübar olmaq demək deyil. Tarixən varlı və kübar adamlar fərqləniblər. Bunların qazancları haramdır”.
Aytən ƏLİYEVA