Bu gün “lent.az” saytı Qarabağ qazısı, tanınmış jurnalist Rey Kərimoğlu ilə bağlı yeni bir layihəyə başladı. Üstündən 20 il keçəndən sonra Rey Kərimoğlu Qarabağ müharibəsi ilə bağlı xatirələrini yazacaq. Bizimlə söhbətində R.Kərimoğlu bu ideyanın çoxdan olduğunu, dostları, tanışları, silahdaşları dəfələrlə təkid etsə də, sadəcə, tənbəllik etdiyini və daha real təklif olmadığından bir qədər gözləyəsi olduğunu deyib:
“Əslində bu ideya çoxdan var idi, dəfələrlə Aqil Abbas, Fəxri Uğurlu, Vahid Qazi, Hikmət Sabiroğlu, Qabil Abbasoğlu, Səhər xanım, Xanəmir, Ceyhun Musaoğlu, İlham Tumas, İlqar Rəsul, Qan Turalı, Cəlil Cavanşır və digər dəyərli jurnalistlərimiz, qələm adamları məndən müharibə xatirələrmi yazmağı təkid edirdilər. Amma nədənsə həm tənbəllik edirdim, həm də harada və hansı qaydalarla yazmaq məsələsi məni çox düşündürürdü. Bu dostlarımızın sırasında “APA-Group”-un rəhbəri Vüsalə Mahirqızı daha praktik təkliflə çıxış etdi. Mən də böyük məmnuniyyətlə razılaşdım. Sonra məndən təkidlə yazıları yazmağı tələb etdi, hətta, sözün yaxşı, mənasında arada məni utandırdı da. Artıq Cəbhə xatirələrimi yazmağa başlamışam. Düzdür, mən ötən illərdə ara-sıra savaş xatirələrimi yazmışam, amma bu hadisələrin çox az hissəsi yazılıb, o da və sistemsiz olub. Bu dəfə gördüklərimin, eşitdiklərimin əksəriyyətini ardıcıl və sistemli şəkildə yazmağa çalışacam. Yeri gəlmişkən, bu gün saytalrda, bütövlükdə mediada Qarabağ müharibəsi ilə bağlı çox adamları danışdırılar, xatirələrini yazırlar. Onların arasında çox qəhrəman döyüşçülərimizin danışdıqları, yəni həqiqəti əks etdirən, real müharibə səhnələri də var, əksinə müharibəyə şəkil çəkdirməyə getmiş adamların uydurma və həqiqətdən uzaq şişirtmələr də. Bəzən Qarabağda bir erməni öldürmədən belə şəhid olan əsgər haqqında elə danışırlar ki, guya yüz azərbaycanlını mühasirədən çıxarında şəhid olub, ay nə bilim nə qədər erməni qırıb, tank vurub! Onu tanıyan döyüşçülərimiz belə şeylər görəndə çox narahat olurlar. Oxularımız bu yazılarda məndən Azərbaycan əsgərinin bir döyüşdə 5-10 erməni tankını necə “məhv” etməsi, yüzlərlə ermənini bir dəfəyə necə “qırması” kimi şişirtmə şeylər gözləməsin. Çalışacam necə var, elə də yazım. Əlbəttə yazılması mümkün olmayan çox az məqamlardan savayı”.