Modern.az

Radiomuzun 86 yaşlı anası

Radiomuzun 86 yaşlı anası

6 Noyabr 2012, 11:04

[email protected]  

“Danışan qutu”nun kəşfi insanlığı yeni eraya qədəm qoymasına səbəb oldu. Artıq uzaq məsafədən danışılanı eşitmək, xəbərlər almaq, əlaqə saxlamaq mümkün oldu. Radio elektron medianın anası idi və onun bətnindən sonralar televiziya, internet çıxdı. Zaman dəyişir, “Ana” unudulur yavaş-yavaş...

Radiounun yaradıcısı rus mühəndisi Aleksandr Popov 1895-ci ildə elektromaqnit dalğalarını kəşf etmiş və onun tapıntısı dərhal təcrübədə sınaqdan keçirilmişdi. Radiotexnikanın inkişafından sonra dünyanın siyasi mərkəzlərində bir-birinin ardınca radiostansiyalar fəaliyyətə başladı. Moskvada 1922-ci ildə radioverilişlərinə başlandı. Bakıda isə bundan 4 il sonra.

1926-cı il noyabrın 5-də “Bakinski raboçi” qəzeti oxucularına xəbər verirdi ki, paytaxtın bütün meydanlarında və klublarda səsucaldan qoyulub və sabah Bakıda radiostansiya işə başlayacaq. Noyabrın 6-da artıq SSRİ-nin böyük şəhərlərindən birinə çevrilmiş Bakının iri küçə və meydanlarında, həmçinin şəhərin digər kütləvi yerlərində quraşdırılmış radiocihazlar xışıldayaraq dilə gəldi. Əvvəlcə rus, sonra isə Azərbaycan dilində qırıq-qırıq “Alo! Alo! Danışır Bakı stasionu!” sözləri eşidildi. Bununla da Azərbaycan mətbuatında, mədəniyyətində və texnologiyasında yeni bir eranın əsası qoyuldu.

90-cı illərədək Azərbaycan radiosu 2 kanalda yayımlanırdı. 2-ci proqramın adı Araz radiosu idi. Sonra həmin radiokanal bağlandı. Yeri gəlmişkən, bir qədər əvvəl bu adda yeni bir radio açıldı. Amma bu orta və yaşlı nəsil dinləyicilər arasında yaxşı qarşılanmadı- onlar Araz adı ilə bir radio tanıyırlar- o da artıq yoxdur...

Maraqlıdır ki, əvəllər radioya qulaq asmaq üçün yalnız bir vasitə var idi- radioqəbuiledici, dinləyici isə əskinə bol idi. İndi isə, radio dinləmək üçün vasitələr çoxdur, amma dinləyici azdır. Televiziya və internet insanları daha çox cəlb edir. Lakin radionun öz sadiq auditoriyası var və onlar üçün bunu heç nə əvəz eləmir.

Təəssüflə qeyd etmək lazımdır ki, ana radiomuzu dinləyənlərin sayı getdikcə azalır. Gənclərin çoxu fasiləsiz olaraq hayküylü musiqilər verən özəl radioları dinləyirlər. Son illər internet radioların da sayı çoxalır. Bu stansiyalar bütün günü ancaq musiqi və hərdən də bir neçə dəqiqəlik xəbər buraxılışı verirlər. Nə vaxt açırsan, ya rep gedir, ya bədbin türk mahnıları ya da meyxana filan.

Azərbaycan radiosu isə müxtəlif mövzuda dəyərli verilişlər yayımlayır, bütün sahələrdə sanballı proqramlar hazırlayır. Bu radioda yerli və əcnəbi müəlliflərin radiopyeslərini, radiohekayələrini, və hətta romanlarını da dinləyə bilərsiniz. Üstəlik, uşaq verilişləri, radionağılları çox maraqlıdır.

Azərbaycan radiosu həm də xalqımızın canlı səs arxividir. Burda son 86 illik radio arxivi saxlanır. Tez-tez ana radiomuzun efirində ötən əsrin müxtəlif dövrlərinə aid verilişlər təkrar yayımlanır və maraqla dinlənir. Burda Azərbaycan və dünya musiqisinin şedevrlərini dinləyə biərsiniz, küçə müğənnilərinə burda yer yoxdur. Bir sözlə Azərbaycan radiosunu özünə, mədəniyyətə, incəsənətə hörmət edənlərin radiosu saymaq olar.

Bu radiomateriallar bizim tarixi mədəni sərvətimizdir, onu qorumalı, yaşatmalı, təbliğ etməliyik. Radioda səsləndirilmiş pyeslər, hekayələr, romanlar, nağıllar xalqımızın qızıl səs fonduna daxildir, orta və yaşlı nəslə bu janr yaxşı tanışdır, amma gənc nəslə də onu çatdırmalıyıq.  Çünki o radiomaterilallarda humanizm, zəhmətkeşlik, vicdanlılıq, elmkeşlik kimi gözəl xüsusiyyətlər təbliğ olunur.

Azərbaycan radiosunu uzun və orta dalğada dünyanın böyük hissəsində dinləmək olurdu. Amma texnologiyanın inkişafı radioyayımı qısa dalğaya keçirdi və FM-də yayımlanmağa başladı. İndi bir çox ölkələrdə Azərbaycan radiosunu dinləmək mümkün deyil.

Səslər dünyasının tarixində bizim də imzamız var. Bu imzanın arxasında böyük bir arxiv dayanır- XX əsrin qiymətli audiosənədləri.

Bayramın mübarək Azərbaycan raduosu!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi