“Atası tərəfindən qətlə yetirilmiş Sevinc iki ay əvvəl anası ilə birgə iş üçün yanıma gəlmişdi”. Bunu Modern.az-a açıqlamasında “Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud bildirib. Baş redaktorun sözlərinə görə, o, Sevinc Mənsimovanı idman müxbiri vəzifəsinə təyin edib:
“Dedi ki, işləyərəm. İşinə başladı və işlədi. Hər gün özünə deyirdim ki, Azərbaycanda ən məşhur idman yazarlarından biri olacaqsan. Hazırda kollektivimiz şokdadır. Kollektivlə birlikdə dəfn olunduğu yeri ziyarət edəcəyik. Xatirəsini qəlbimizdə yaşadacağıq”.
E. Ərudun verdiyi məlumata görə, mərhum S.Mənsimovanın özündən başqa iki ailəli bacısı da var.
Qeyd edək ki, noyabrın 11-də saat 19:00 radələrində Mənsim Mənsimov yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zemfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb. Bundan sonra M.Mənsimov otaqda divara vurulan dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.
Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Anar Kəlbiyev