Bir universitetdə, bir fakültənin tələbələri idik, amma bir o qədər ünsiyyətimiz olmamışdı. Yaxşı ki, olmamışdı, yoxsa canım indikindən daha çox yanardı. Səni tanımadan sən barədə yaşadığım hisslər bu qədər təsirliykən, tanış olsaydıq görəsən necə olardım??? Düşünmək belə istəmirəm. Sizin qrupda oxuyan qızların və oğlanların çoxunu tanıyırdım. Ancaq nə sən, nə də sevdiyin oğlan mənim tanışlarım qrupuna aid idi. Səninlə, ümumiyyətlə, sizinlə birgə bildiyim bir həqiqət var idi, mən sizi hər zaman bərabər görürdüm. Sən kənardan mənə həmişə, soyuq qız təsiri bağışlayırdın. İndi anlayıram, ölümün doğma bildiyin birinin əli ilə ola biləcək qədər çətin və yorğun həyat yaşamısan. Elə bu səbəbdəndir ki, sənin şən vaxtlarına az rast gəlmişəm, bəlkə də heç rast gəlməmişəm.
Xəbər axtarmaq istəyəndə son zamanlar daha çox kriminal hadisələrlə dolu xəbərlərlə rastlaşırıq. Kiçik bir ölkə də bu qədər cinayət hadisəsinin olması qulağa pis gəlsə də, buna alışmışdım, adi qəbul edirdim. Bir neçə gün əvvəl eşitdiyim xəbər isə qanımı dondurdu. Sənin ölüm xəbərin...
İlk xəbər idi ki, rahat dinləyə, ya da oxuya bilmirdim. Hadisə haqqında öyrəndiyim hər yeni məlumat məni bir az daha çökdürdü. Sevinc, niyə sənin adını sevinc qoydular? Niyə sənə bu adı qoyan valideynin sənin yaşam, həyat sevincini öz əli ilə, daha doğrusu əlindəki balta ilə qırdı. Öldürmək üçünmü? Sevinci üzündə donan gözəl, günahın nə idi? Niyə arzularına yetişmədən həyata, səni sevənlərə vida etdin?
Sevinc, biz ki yaxın deyildik, niyə sənin yoxluğun məni bu qədər incidir? Bizim ki, birgə xoş günlərimiz olmayıb, niyə hər adını xatırlayanda ağlamadan dura bilmirəm. Niyə bütün Sevinclər mənə səni xatırladır?
Az öncə xəbərləri izlədim, ölümünlə bağlı qadına qarşı şiddət hallarının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilər. Sən jurnalist idin Sevinc. Karyera fəaliyyətinə yeni başlamışdın. Bilmirəm yaşasaydın nə dərəcədə güclü jurnalist olacaqdın, amma fakt budur ki, ölümün bütün jurnalistləri ayağa qaldırıb. Hər kəs sənin və günahsız ananın tərəfindədi. Müəllimən Billurə xanıma bədbəxt insan olduğunu demisən. Amma səbəbləri gizlətmişdin, gözəl qız. İndi o sirlər açılır. Əsl gizli həqiqətləri isə sən o dünyalar sığdırdığın balaca qəlbinlə o dünyana apardın. Sevinc sağkən sussanda, varlığınla deyə bilmədiklərini, ölümünlə dedin. Bunun üçün kolleqa yoldaşın olaraq, səninlə qürur duyuram.
İndi mərhum türk müğənnsi Barış Akarsunun ifasında “Öldüyümü söylemeyin” mahnısına qulaq asıram. Tanımadığım SƏNi xəyalımda canlandırıram.
Sevinc, gözünü yolda qoyduğun sevdiyini düşündükcə dəhşətə gəlirəm. O, bundan sonra sənin yoxluğunla necə bacaraq? Bir vaxtlar əsgər yolu gözləyirdin, qayıtmağını, Saminlə birlikdə ailə quracağın günləri gözləyirdin. İndi o səni gözləyir Sevinc. Cavab ver Sevinc, bəs sən nə zaman qayıdacaqsan??? Bəlkə, mahnının sözlərindəki kimi gizlədək...?
Söylemeyin, bilmesin, aşkima
Dayanamaz böylesi acıya,
Uzakta deyin, dönecek deyin,
Öldüyümü söylemeyin...
Dürrə HƏSƏN