Hərbi hissələrdə hərbi və bədii ədəbiyyat bütün zamanlarda aktuallığını qoruyub saxlayır. Əsgəri xidmətdə olan insanların yalnız fiziki, texniki-taktiki deyil, həm də psixoloji hazırlığının formalaşdırılmasında ədəbiyyatların önəmli rolu var.
Müstəqil Azərbaycan öz hərbi birliklərini keçmiş SSRİ-dən qalma hərbi mirasın üzərində qurdu. Və bu "miras" içərisində bizə təkcə sınıq-salxaq hərbi texnika deyil, həm də hərbi hissələrdə kif atmış leninçi ədəbiyyat da qalmışdı.
Cildi qırmızı qalın-qalın kitablar, üst-üstə qalaqlanmış sarı qəzetlər. Bir zamanlar çeşidli xalqların övladlarını "böyük vətənin müdafiəsi" ruhunda tərbiyə edən ədəbiyyat...
Doğrusu, bu tipli ədəbiyyat müstəqillikdən sonra da bir çox hərbi hissələrdə "hərbi əmlak" kimi qorunub saxlanırdı.
Lakin, müstəqil Azərbaycanın əsgərinə yeni biçimdə, milli ruhda, xalqın ağır dərdlərini özündə əks etdirən oxu lazım idi...
Bugünlər fəaliyyətə başlamasının 10 illiyini qeyd edən "Hərbi and" qəzetini mən, hərbi hissələrimizdəki bu boşluğu doldurmağa çalışan ədəbiyyat kimi qəbul edirəm.
"Hərbi and"la elə ilk saylarından tanışlığım qəzetin təsisçisi və baş redaktoru Emin Həsənli ilə uzun illərə dayanan dostluğumuzdan qaynaqlanıb. Bir də qəzetin hər il sentyabr ayında Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi münasibətilə keçirdiyi silsilə tədbirlər bizi doğmalaşdırıb. Dəfələrlə bu mövzuda yazılarım "Hərbi and"da dərc olunub.
Açığı, 15 sentyabr - Bakının, əslində bütün Azərbaycanın azadlığı gününə "Hərbi and"ın əksər qəzetlərdən fərqli şəkildə əhəmiyyət verməsi təqdir olunası məsələdir. Axı, bu qəzeti hərbi hissələrdə əsgər və zabitlərimiz oxuyur, Azərbaycanın dostlarını və düşmənlərini bu qəzetin səhifələrindən tarixi faktlarla tanıyırlar.
Tarixdən söz düşmüşkən, "Hərbi and" qəzeti Azərbaycan və ümumən Türk dünyasının hərb tarixinə, hərbi ənənələrinə, tarixi döyüşlərə, müzəffər sərkərdələrə də daim geniş yer ayırır. Bu isə 200 illik rus əsarəti zamanı hərbdən zorla kənar tutulmuş Azərbaycan xalqının, əslində ciddi ənənələrə söykənən hərb tarixinin olduğunu gənc nəsilə çatdırır. Fəxr etmək və öyünmək üçün.
Zaman irəli getdiyi kimi hərb sistemi, hərbi sənaye də inkişaf edir, təkmilləşir. "Hərbi and"da müşahidə etdiyim aparıcı istiqamətlərdən biri də, dünya orduları, onların sahib olduğu müasir silahlar, həmin silahların funksiyaları haqqında oxucuya ətraflı bilgilər verməsidir. Bu yazılar isə indiki dövrdə təkcə maraqlı məqalə deyil, həm də, tədrislə məşğul olan zabitlərimiz, hərbi müəllimilərimiz üçün əla dərs vəsaitidir.
Bütün bunların yanında, sizin bir xəbərinizə möhtacıq.
Qarşıdakı saylarınızda Milli Ordumuzun Qarabağdan qələbə müjdəsini manşetinizdə görmək diləyi ilə necə belə 10 illərə, əziz "Hərbi and"çılar!