Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər müəyyənləşib.
Modern.az xəbər verir ki, bu barədə Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Tələblər aşağıdakılardır:
14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:
14.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
14.1.2. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
14.1.3. dövlət dili normalarına riayət edilməlidir;
14.1.4. irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
14.1.5. terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
14.1.6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
14.1.10. sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
14.1.12. parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
14.1.13. pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.14. qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.15. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
14.1.16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
14.2. Yerüstü yayımçı proqramlarında bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir.
14.3. Yerüstü yayımçı proqramlarında yalnız Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər.