Modern.az

Qanun süründürməçiliyə son qoyacaq - Baş redaktor

Qanun süründürməçiliyə son qoyacaq - Baş redaktor

Media

11 Dekabr 2021, 10:07

“Media haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub. Qanun dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılıb.

 

Qanunda çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmadığı qeyd olunub.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə məsələ ilə bağlı Modern.az-a danışıb.

 

Baş redaktor bildirib ki, media subyekti təsis etmək sərbəst olmalı, amma bu məsuliyyətsizlik hissinin yaranmasına təkan verməməlidir:

 

“Hesab edirəm ki, media subyekti təsis etmək sərbəst olmalıdır. Təəssüf ki, dövlət qurumlarına işi düşənlər uzun müddət süründürməçiliklə üzləşirlər. Jurnalistlərin bu qayğıdan xilas olması müsbət haldır. Amma bu üstünlük məsuliyyətsizlik hissinin yaranmasına gətirib çıxarmamalıdır.

Media subyekti həm dövlətin, həm də cəmiyyətin qarşısında məsuliyyət daşıyır. Məsuliyyət hissini arxa plana keçirmək olmaz. Etiraf edək ki, Azərbaycanın media mühitində bir qədər nizamsızlıq hökm sürür. Ümid edirəm ki, “Media haqqında qanun”un qəbulu bu sahədə müsbət dönüşə səbəb olacaq”.

 

Onun sözlərinə görə, senzura mediada yox, jurnalistin daxilində olmalıdır:

 

“Jurnalist müstəqil olmalıdır. Yaradıcı adamı çərçivəyə salmaq, onun əl-qolunu buxovlamaq olmaz. Mən həmişə senzuranın əleyhinə olmuşam. Senzura jurnalistin daxilində olmalıdır. Jurnalist öz fəaliyyəti ilə ölkədə açıq cəmiyyət quruculuğuna töhfə verməlidir. Bu isə jurnalistin müstəqilliyindən keçir. Mətbuatın müstəqilliyinə xidmət edən bütün yenilikləri alqışlayıram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər