Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” Qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib ki, internet televiziyaların lisenziya alması könüllü olacaq.
Media Turk TV-nin rəhbəri, Əməkdar jurnalist Elşad Eyvazlı Modern.az saytına danışarkən deyib ki, qanun layihəsi əsasında internet televiziyası ilə blogger fəaliyyəti bir-birindən seçiləcək:
“Biz MediaTurk TV olaraq, türk ölkələrindəki internet medianın fəaliyyətindən xəbərdarıq. Türk ölkələri arasında mediası ən çox inkişaf etmiş ölkə Türkiyədir. Türkiyədə internet televiziyaları illərdir ki, lisenziyalaşdırılıb. Amma bu lisenziyalaşdırılma internet televiziyalarına heç bir zərər vermir. Əksinə internet televiziyası ilə blogger fəaliyyəti ayrı-ayrılıqda bir-birindən fərqlənir. Layihə, toplantı, akkreditasiya məsələləri olduqda artıq internet televiziyaları dəvət olunur, amma bloggerlər media orqanı sayılmadığı üçün dəvətlilər arasında olmur. Bizim qanun layihəmizdə də artıq belədir. MediaTurk TV olaraq biz də lisenziya alacağıq və bu lisenziya bizim işimlərimizə daha da böyük təkan verəcək”.