“Cəmiyyətdə və ictimai həyatımızın bütün sahələrində informasiyanın yeri və rolu artdıqca bu münasibətərin yeni qanunlarla tənzimlənməsi də aktullaşır . “Media haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin ortaya çıxması da bu zərurətdən yaranıb”.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu "Media haqqında" Qanun layihəsini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, bugünkü zamanda informasiya əlahiddə bir vasitəyə çevrilib:
“Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” Qanun layihəsinin hazırlanması istiqamətində addımların atılması da tarixi inkişafımızın hazırkı mərhələsində yaranmış bu çağırışlarla ayaqlaşmaq tələbindən irəli gəlib.
İnformasiya əlahiddə bir vasityə çevirilib. O, fərdin sosial kimliyini formalaşdıran əsas təsirlərdən birinə çevrilməklə bərabər, həm də sosial-siyasi münasibətlərimizin keyfiyyətini təyin edir. Belə olan halda media və ictimai məsuliyyət problemi də gündəmə gəlir. Eyni zamanda, media qurumları yaxud təmsilçilərinin qlobal informasiya məkanında informasiya təhlükəsizliyi kontekstində fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Bu zaman media azadlığı və məsuliyyəti tandem təşkil etməklə yeni hüquqi bazada tənzimləmə zərurətini yaradır”.
Deputatın fikrincə, indiyə qədər sistemli və kompleksli yanaşma olmadığı üçün 79 dəfə media haqqında qanuna dəyişiklik edilsə də, heç bir nəticə olmayıb:
“Media haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə nəzər saldıqda, bütün bunların qanun çərçivəsində xüsusi fəaliyyət kimi təşkil olunmasının hüquqi əsaslarını görürük. Məsələ ondadır ki, bu günə qədər müvafiq sahədə qanunvericilik bazası qismində çıxış edən “Kütləvi informasiya vasitələri haqqında” qanuna 79 dəfə dəyişiklik etsək də, arzuolunan effektə nail ola bilməmişik. Çünki sistemli və kompleks yanaşma olmadan bu həssas və strateji sahəni nizamlamaq mümkün deyil. Bu baxımdan yeni qanun layihəsini mütərəqqi hesab etmək olar".
Elə təqdim olunan qanun layihəsinin ən əsas xüsusiyyətlərindən biri də məhz sistemli olması və əsas zəruri istiqamətləri tam əhatə etməsidir. Buraya dövlət –media münasibətlərinin tənzimlənməsindən tutmuş media subyektlərinin fəaliyyət prinsiplərinə qədər geniş münasibətlər sistemi daxildir. Ən əsası isə odur ki, bu münasibətlər sisteminin formalaşmasında hər hansı dövlət müdaxiləsi nəzərdə tutulmur. İstər çap mediasının, istərsə də elektron medianın tam sərbəst fəaliyyəti üçün qanuni təminat yaranır. Bununla belə qanun nəzərdə tutduğu müddəalarla media məsuliyyətini artırır. Media reysrtinin yaradılması, jurnalist anlayışının yenidən tanımlanması, sosial medianın və vətəndaş jurnalistikasının qanunun təsir dairəsində kənarda tutulması da yeni qanun layihəsinin konkret məzmun kəsb etməsi, konkret sahədə effektiv hüquqi münasibətləri tənzimləməsi baxımından əhəmiyyətlidir. Yəni yeni qanun layihəsi məzmun etibarı ilə əhatəli, hüquqi, məntiq və texnika baxımından konkret və işlək mexanizm yarada bilmə imkanları baxımından səmərəlidir”.
H.Babaoğlu vurğulayıb ki, qanun layihəsi qeyri-qanuni informasiya mübadiləsinin qarşısını alacaqdır:
“Burada əsas məsələlərdən biri də media haqqında qanun layihəsi məhz informasiyanın təkrar olunması və yaxud qeyri-qanuni mübadilə prosesinin önləməsi olacaqdır. Biz hər hansı informasiya yayan mənbədən məlumat götürərək paylaşmağımız üçün icazə almalıyıq. Qanun layihəsi bu sahədə müəyyən bir nizam yaradacaqdır.
Bu qanun layihəsi müqavilə əsasında müxtəlif informasiya subyektlərində öz xəbərlərini satmaq hüququ tanınılacaqdır. Düşünürəm ki, bu özlüyündə copypaste jurnalistikasının qarşısını alacaqdır. Bundan kənar fəaliyyət artıq qanun pozuntusudur. Qanunun nəyə icazə verdiyi layihədə dəqiq şəkildə göstərilir”.