""Media haqqında" qanun layihəsi aylar öncədən dəfələrlə Medianın İnkişafı Agentliyində bizim və həmkarlarımızın iştirakı ilə müzakirə edilib. Bu layihəni dəstəkləyirik".
Bu fikirləri Modern.az-a Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilən "Media haqqında" Qanun layihəsindən danışarkən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
Baş redaktor bildirib ki, layihədə çatışmayan məqamlar var, təkmilləşdirmə lazımdır və bu mərhələ davamlı olacaq:
"Müzakirələr zamanı sözügedən çatışmazlıqlar Milli Məclisdə keçirilən dinləmələr zamanı diqqətə çatdırıldı, təkliflər səsləndirildi. Əminəm ki, bütün bunlar diqqətə alınacaq və dəyişikliklər layihənin son variantında öz əksini tapacaq.
"Mətbuat haqqında" qanun 1999-cu ildə qəbul olunub. İndiyə qədər 79 dəfə dəyişikliklərə məruz qalıb. Bu qanunun bazasında çap mediası dayanır. Halbuki indi vəziyyət dəyişib, çap mediası sadəcə bir tarix və ənənə funksiyası daşıyır, əsas xəbər daşıyıcısı deyil. Ona görə yeni qanuna ehtiyacımız var idi və bu işi Medianın İnkişafı Agentliyi üzərinə götürdü. Yeni qanun layihəsinə qara yazmağa çalışanlar da oldu. Mən bu cür çıxış edənlərə etirazımı bildirirəm. Bu təşəbbüs bizim üçün, media üçündür və həm də siyasi iradədir. Bilirsiniz ki, Azərbaycan mediası dünya standartlarına nəzər saldıqda daha geridədir. Yeni qanun layihəsinin qəbulundan sonra davamı gələcək, reklam haqqında, media təmsilçilərinin hüquqları barədə və s. məsələlər qaldırılacaq. Xüsusilə, media orqanlarının məhkəməyə verilməsi məqamları, təkzib müddəti ilə bağlı islahatlara ehtiyac var. Kimin məhkəməyə verməsindən asılı olmayaraq, sanki yazılmamış bir qanundur ki, media orqanı həmişə uduzur. Bu durumu dəyişmək lazımdır".
R. Arifoğlu bəzilərini narahat edən media reyestrinin yaradılması məsələsinə də toxunub. Jurnalist bu nüansı müsbət qiymətləndirdiyini vurğulayıb:
"Bütün sistemləşdirilmiş məlumatlar bazası reyestrdə birləşdirilir. Yeni çağırışlara cavab verən bir addım kimi müsbət təşəbbüsdür və ciddi media ilə "reket" jurnalistikasının sərhədlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli sistemdir.
Vahid jurnalist vəsiqəsi ideyasına gəlincə, bu, qətiyyən məcburi deyil. Biz biləcəyik ki, vahid jurnalist vəsiqəsi üçün media reyestrinə daxil olmaq istəməyənlər daha çox qeyri-ciddi qəbul olunacaq".