“AHİK sədri “jurnalistlərə yazığım gəlir” deyir, sonra da “yazıqlardan” üzvlük haqqı yığır”
Jurnalistlər daim müxtəlif problemlərin üzə çıxarılmasında, ayrı-ayrı insanların üzləşdikləri çətinliklərin işıqlandırılmasında vasitəçi rolunu oynayır. Bəs maraqlıdır, onların özləri necə, hər hansı problemlə qarşılaşarkən həmkarlar ittifaqından yararlana bilirlərmi? Ümumiyyətlə, qəzet redaksiyalarında həmkarlar təşkilatı varmı?
Modern.az qəzetlər arasında sorğu keçirərək məsələyə münasibət öyrənib.
“Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı rəhbəri olduğu mətbuat orqanının bu cür ittifaqa daxil olmağa niyyətinin olmadığını bildirib.
“Əgər söhbət hökumətin əlinin altında yaşayan həmkarlardan gedirsə, ora daxil olmağa heç bir fikrimiz, təşəbbüsümüz də yoxdur. Əslində jurnalistlər birliyi elə həmkarlar təşkilatıdır”.
“Kaspi “ qəzetinin baş redaktoru Natiq Məmmədli isə ümumiyyətlə jurnalist həmkarlar təşkilatının olmadığı qənaətindədir.
“Biz jurnalistlərin həmkarlar ittifaqında təmsil olunmuruq. Redaksiyamızda da həmkarlar təşkilatı yoxdur. Jurnalistlərin həmkarlar təşkilatının heç özü də yoxdur. Nə həmkarlar təşkilatımız var, nə də ölkə miqyasında təmsil olunuruq. Dünyada həmkarlar təşkilatı vacib qurumdur. Orada bu qurum işçilərin hüquqlarını qoruyur. Çox ciddi fəaliyyət göstərir. Azərbaycanda isə həmkarlar təşkilatı ancaq yollayış verən qurumdur . Başqa heç bir səlahiyyəti yoxdur. Ona görə də düşündük ki, belə bir şeyi yaratmağa heç ehtiyac da yoxdur”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan da heç bir təşkilatın üzvü olmadıqlarını deyib.
“Həmkarlar təşkilatımız yoxdur və redaksiyamız da həmkarlar ittifaqının üzvü deyil. Heç işçilərimiz arasında da həmkarlara müraciət olunmayıb”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı gələcəkdə belə bir təşkilata müraciət etməyi nəzərdə tutur. “Redaksiyada həmkarlar təşkilatı yoxdur. Biz həmkarlar təşkilatının üzvü deyilik. Gərək birinci növbədə jurnalistlərin həmkarlar təşkilatı bu işlə məşğul olsun. Bilirsiniz, bu işlə məşğul olan qurum var və müəyyən layihələr də həyata keçirir. Fikrim var ki, redaksiyada həmkarlar təşkilatı yaradaq və AHİK-ə müraciət edək ki, bizi üzv kimi qəbul etsin”.
“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev isə redaksiyanın həmkarlar təşkilatına üzvlük haqqı ödəməsinə baxmayaraq, bunun bir xeyrini görmədiklərini qeyd edib.
“Biz həmkarların üzvüyük. Ora üzvlük haqqı ödəyirik. Amma oradan heç vaxt yararlanmamışıq və yaxın perspektivdə də yararlanmaq fikrimiz yoxdur. Həmkarlar Konfederasiyasının sədri də danışanda deyir ki, jurnalistlərə yazığım gəlir. Yazığı gəldiyi təbəqədən üzvlük haqqı alır, amma bir dəfə də olsun bir jurnalistə yollayış vermir. Odur ki, elə bir təşkilata üzv olmaq yox, oradan çıxmaq lazımdır. Gələcəkdə o məsələyə baxacağıq. Heç bir xeyri yoxdursa, niyə biz uşaqların pulunu AHİK-ə verək!? Bir dəfə danışanda deməyib ki, “mən jurnalistlər üçün nəsə bir şey edəcəm”. Azərbaycanda həmkarlar təşkilatının heç bir fəaliyyəti yoxdur. Onlar jurnalistlərin hüquqlarının müdafiəsi üçün səslərini çıxartmırlar”.
“Ədalət” qəzetinin redaktor müavini Əbülfət Mədətoğlu redaksiyada həmkarlar təşkilatının olduğunu və 15 ilə yaxın bir zaman ərzində fəaliyyət göstərdiyini deyib.
“525-ci “qəzetin baş redaktoru Rəşad Məcid də az-az hallarda həmkarlar təşkilatından yararlandıqlarını bildirib. “Konfederasiyanın mədəniyyətlə bağlı hissəsinin üzvüyük. Pulumuzu da keçiririk. İstədiyimiz vaxt yox, hərdən ondan yararlana bilirik. Bakıdakı sanatoriyalara yollayış almaqla bağlı. Amma redaksiya daxilində elə bir fəaliyyət yoxdur”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu redaksiya daxilində jurnalistlərin həmkarlar ittifaqı olduğunu vurğulayıb. “Bizim jurnalistlərin hamısı müxtəlif şəklidə həmkarlar təşkilatının üzvləridir. Jurnalistlərin həmkarlar ittifaqının formalaşdırılması istiqamətində müəyyən addımlar atılır, hesab edirik ki, lazımlı bir şeydir. Strukturlaşma başa çatarsa, əlbəttə, bizdə həmkarlarımızın həmkarlar ittifaqında təmsil olunacağıq”.
Şahanə Rəhimli