Modern.az

MEDİA Qanunu, iki tələbə və təmənnalı sevgi

Media

29 Dekabr 2021, 12:21

İki il əvvəlin söhbətidi və ilk dəfə açıqlayıram. Almaniyada, Çexiyada Qarabağla bağlı yazı verməyə çalışırdıq, amma bacarmırdıq. Göndərdiyimiz hər bir yazıya qərəzli material kimi baxırdılar, guya “tərəfsiz” yazı istəyirdilər. Bir az da konkretləşdirsək, Ermənistana işğalçı deməli deyildik. Bizsə istəyimizdə israrlıydıq və alternativlər axtarırdıq.

 

Əlqərəz, qərara gəldik ki, elmi yazı ilə çıxış edilsin. Mövzunun adını mən təklif etdim “İşğalçılıq siyasətinin Ermənistan iqtisadiyyatına təsiri” – (IMPACT OF AGGRESSIVE POLICY TO THE ECONOMY OF ARMENIA).

Ən azı bir ilə başa gələcək bu iş “Economic and social development” jurnalında (Amerika İqtisadi Assosasiyası tərəfindən nəşr olunan akademik ədəbiyyatın bazası xidmətidir) iki ay müddətində yekunlaşdı.

İmkan yaranmışdı, UNEC-in iki tələbəsi elmi rəhbərləri ilə ürəkdən və yorulmadan çalışırdılar.

Statistika, keçmiş, indi, gələcək və s. Məqalənin ikinci hissəsinə Ermənistanın işğalçı olduğunu, bu siyasət nəticəsində regionun bərbad hala gəldiyini, elə Ermənistanın öz siyasətinin öz başında çatladığını, iqtisadi cəhətdən itirdiyini qeyd etmişdi tələbələr.

Mövzunun baxımlılığını nəzərə alıb online müzakirəyə çıxarmışdılar və deyim ki, çox böyük diqqət çəkmişdi.

Əsas isə o idi ki, bizim tələbələri erməni bilmişdilər, onlara geniş imkanlar açmışdılar. Aldadıcı başlıq öz işini görmüşdü.

Mövzu müzakirə olunanda yarıya qədər tələbələrimizə “əhsən” demişdilər. Çünki orada Ermənistan iqtisadiyyatına münaqişənin vurduğu ziyandan söhbət gedirdi. Siyasi yanaşma yox idi.

İkinci hissədə paneli aparan professor tələbələrin sözünü kəsərək, “Siz erməni deyilsiniz, bəs, biz elə bildik siz ermənisiniz?” sualını vermişdi...

Tələbələr emosiyaya qapılaraq “Biz işğala məruz qalan Azərbaycandanıq, işğal edilmiş bölgədənik, Ermənistan işğalçıdır, bu işğal siyasəti regionu bərbad edib”, - demişdilər. Və məsələnin iqtisadi izahını vermişdilər.

14 öllkədən olan elm adamları xeyli təəccüblənmişdilər. Görünür, mövzunun adı onları aldatmışdı.

İndi o tələbələrdən biri, Avropada təhsil alır, CV-də həmin məqaləni yerləşdirmir, səbəb bilirsiniz nədir, o məqaləyə görə maneələr ilə üzləşir. Tələbəni iqtisadi mövzu adı altında siyasi ambisiya ortaya qoymaqda ittiham edirlər.

 

 

*****************************

 

Dövlət yaşlı babadı, nənədi, atadı, anadı, körpə övladdı.

Dövlət müəllimdi, həkimdi, əsgərdi.

Dövlət sənin varlığındı.

Sən yaşlı babanın, bir yaşında övladının əlindən tutmalısan, müəllim, həkim, əsgər sənin əlindən tutduğu kimi.

Bu münasibətlər təmənnaya bağlanmamalıdır.

 

 

*****************************

 

“Media haqqına” Qanun layihəsinin müzakirəsindəki bir az qəribə yanaşmalar tələbələrin məqalə olayını yadıma saldı.

 

Kimsə kimsənin kitabını oxumadığı bir dönəmdə hər kəs qəhrəman kimi danışır.

Mənə görə dövlət maraqlarımız Azərbaycanda medianın güclü, dünyada sözünü deyəcək qüvvə olmasını diqtə edir. Buna qarşı olanlar birmənalı olaraq Azərbaycanı istəməyənlərdir.

 

44 günlük Vətən savaşı dövlətimizin çox güclü mediaya ehtiyacı olduğunu bir daha göstərdi.

Hətta savaşın ilk günlərində erməni təbliğat maşını az qala dünyaya “Azərbaycan Ermənistanın torpaqlarını işğal edir” fikrini yeritməyə başlamışdı. Halbuki həmin Ermənistan 30 il Azərbaycanın 20 faiz ərazisini işğalda saxlamışdı. Və indi o torpaqlar azad edilirdi.

Savaş cəbhəsində olduğu kimi bu cəbhədə də düşmən təxribatının qarşısını Azərbaycan Prezidenti aldı. Hələ də xarici jurnalistlərlə hər dəfə qarşılaşanda bundan danışır, İlham Əliyevə heyranlıqlarını gizlətmirlər.

Əlbəttə ki, informasiya savaşında qardaş Türkiyə mediası da bizə böyük dəstək oldu.

*******************

 

Azərbaycanda bir çox məmurlar dövləti jurnalistlərdən çox sevdiklərini düşünürlər. Bir çox jurnalistlər də Vətəni hamıdan çox istədiklərini zənn edirlər.

Və özlərini inandırıblar buna. Nə yazıq ki, bu sevgini, bu istəyi yaltaqlıqda, dəbdəbəli yaşayışda, ikiüzlülükdə görürlər.

Əfəndilər, Azərbaycanı gerçəkdən sevirsinizsə, nə gözəl. Amma ətrafınızdakıların Azərbaycanı ən azı sizin qədər sevdiyini qəbul edin. Ən azı...

Örnəyi yuxarıda qeyd etdiyim tələbələrdir...

Əminəm ki, o iki tələbənin əvəzində sizlər olsaydınız yumurtlaq toyuq kimi qaqqıltınız aləmi başına götürmüşdü. O tələbələr isə bu işi Vətəndaşlıq borcları kimi sakitcə yerinə yetirdilər.

 

**********************

 

Əzizlərim, bir çoxlarınızın istinad etdiyi xarici ölkələrin təcrübələrinə o qədər də takılmayın. Nə deyəcəklərinə də fikir verməyin.

Onların bizə münasibəti aydındır. Hətta kosmik bir layihə hazırlasaq belə, onların xoşuna gəlməyəcək.

Yerlərdəki adamları yenə də ağız büzəcəklər.

Bu ağızbüzmə isə Vətən sevgisi ilə izah olunacaq.

Kütləni aldatmaqda davam edəcəklər.

Onların təbirincə, diqtələrindən kənar işlər anti-demokratikdir.

Unutmayın, əgər Sovet İmperiyası Qərb İmperiyasına qalib gəlsəydi, indi dünyada demokratiya dərsini Qərb deyil, ABŞ deyil, sovet adamları keçirdi.

“Media haqqında” Qanun layihəsinin ictimai münasibətlərin tənzimlənməsində əvəzsiz rol oynayacağını kim bilmir ki...

“Media haqqında” Qanun layihəsinin azad mediaya yol açmasını kim istəmir ki...

Azad medianın dövlətin əsas təsisatı olduğunu kim anlamır ki...

*****************************

Yeri gəlmişkən, İnternet televiziyalarının könüllü şəkildə lisenziyalaşdırılmasının əleyhinə çıxanları heç anlamaq olmur.

Jurnalistlərə vahid vəsiqənin verilməsi əleyhinə olanları da başa düşmək çətindir.

Blogerliklə İnternet televiziyasını fərqləndirmək çoxmu təhlükəlidir?

Vahid jurnalist vəsiqəsi yaradıcı adamların əl-qolunumu bağlayacaq?

Türkiyədə bu təcrübə kimsəyə mane olmayıb. Ölkədə minlərlə İnternet televiziyası, bloger fəaliyyət göstərir. Orda çox ünlü jurnalistlər var ki, “Basın kartı” yoxdur.

Layihənin mahiyyətini bir tərəfə qoyub hansısa məqamı döyəcləyəcək qədər nadan olmayın.

Dövlətimizi təmənnasız, valideyniniz, övladınız kimi sevin.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir