Modern.az

30 ildən sonra kəndimizdə: Öncə dəli, sonra manqurt oldum

Media

10 Yanvar 2022, 11:28

Jurnalist Elşad Eyvazlının dünyanın 40-dan artıq ölkəsində yayımlanan “Global media” jurnalında Kəlbəcərlə bağlı yazısı ingilis və Türkiyə türkcəsində dərc olunub.

Yazını Azərbaycan dilində təqdim edirik.

 

Bir anlıq təsəvvür et, doğulub böyüdüyün ev, həyət, kənd sənə yaddır...
Uşaqlığın keçdiyi yerləri görüb də bir şey xatırlaya bilmirsən...
Bir zamanlar hər nöqtəsini tanıdığın cığırları, yolları, dağları, daşları, heç nəyi, heç nəyi tanımırsan...
Özünə yadsan, özünü xatırlaya bilmirsən, özünü  tanımırsan...
Dəli kimisən...
..........................

2021-ci il 6 sentyabr...


Atam və dostlarımla kəndimizdəyəm.
Ermənistanın işğalından əvvəl 120 evi olan xoşbəxt bir kənd,  SARIDAŞ kəndi... İndi tamam unudulmuş, 1000 illər əvvəl salınmış, gözdən, könüldən uzaq qəbiristanlığı xatırladır.
Elə bil hər şey kiçilib bu kənddə...
Ən yaxşı halda evlərin yerindən qəbir daşlarına oxşayan daşlar boylanır...
Yolları kol-kos basıb, yollarda 30 illik həsrət boyda ağaclar bitib, bulaqlar yerini, səsini, quşlar rəngini, nəğməsini dəyişib...
Həyətində əlinlə əkdiyin ağaclardan biri də qalmayıb. Əvəzində başqa qara-qara ağaclar bitib...
Düzənliklər dərə- təpə olub, dərə-təpə düzəngaha çevrilib... Hər şeyin, hər şeyin sifəti dəyişib...
Yox, bəlkə sən dəyişmisən, heç nə anlaya bilmirsən...
Gözünü yumursan, özünü zorlayırsan ki, nəyisə xatırlayasan, gördüklərini keçmişdəkilərə oxşadasan...
Olmur, bacarmırsan...
Manqurt kimisən...

...............

Sonuncu dəfə kəndimizi 1993-cü ilin aprelində görmüşdüm.
Əsgər idim o zaman. Kəndimizin 15-20 kilometrliyində xidmət edirdim.
Rayonumuzun, Kəlbəcərin işğalına saatlar qalırdı...
Postu tərk etmək əmri almışdıq. Kəndimizi görüb getməyi qərar vermişdim o vaxt...
Onda da kəndimizi görmək bir başqa dərd idi...
Adamlar canlarını götürüb qaçmışdılar.
İtlər bağda ulaşırdı...
Evlər də, dağlar da, daşlar da, yollar da, ağaclar da adamsız misgin görünürdü, bu mənzərədən başının tükü qabarırdı, ətin ürpəşirdi...
Adamsız kənd olar...
Adamsız kənd...
................

2021-ci il 6 sentyabr...


Atam və dostlarımla kəndimizdəyəm.
Tam anlaqsız durumdu...
Nəsə anlamaq üçün özümü toparlayıb kənara, tənhalığa çəkilirəm...
Kəndimizin bəxtəvət günlərini xatırlamağa çalışıram.
Ətrafda görünənlər buna imkan vermir.
Gözümü yumuram.
Sanki beynimdəki ölmüş hüceyrələr dirilir.
Anam sağdır...

Kəndimizin bütün ölənləri sağdır...
Evimiz, həyətimiz, qonum-qonşu, uşaqlıq illəri...
Kəndimizin yaşlı adamları...
Yollar, məktəbimiz, müəllimlərimiz...

.......................

Gözümü açan kimi hər şey yox olur...
Anamla bərabər dünyam ölür...
İki metrliyimdə dayanan dostlar gözaydınlığı verir...
Qəfldən diksinirəm...
81 yaşlı atam...
Heç özündə deyil...
Kəndə gəlməzdən öncə atamla planlar qurmuşduq...
Filan yerə gedərik, filan bulaqdan su içərik, filan ağacdan meyvə dərərik, filan qohumun məzarını ziyarət edərik, özümüzə yeni evi harada tikəcəyimizi dəqiqləşdirərik.
Gördüklərimiz bütün planlarımızı alt-üst edir...
Atamın “Əziz, Ələmdar (30 il əvvəl kənddəki qonşularımız ) rəhmətə gedib, məni bura nəyə gətirdin, kimlə görüşəcəm” deməsindən bir az da diksinirəm.
Yazıq atam gözünün ucu ilə belə qonşularının xaraba qalmış evləri tərəfə baxmır...
Ürək etmir...
Düşüncələri dolaşır...
Dili dolaşır...
Dolaşıq danışır...
Bir zamanlar övladlarını böyütdüyü evindən, əllərinin qabarı ilə saldığı həyətdən tez uzaqlaşmaq, qaçıb getmək istəyir...
30 il əvvəl məcburən tərk edtiyi evinə, bağına dönəcək ümidində imiş...
Milyon dəfə eşitmişdi evlər dağılıb, yollar bağlanıb...
Amma hər şeyin qəbiristanlıq olduğunu öz içində qəbul etmirmiş...
İndi bütün ümidləri itmişdi...
Eləcə ora, bura vurnuxur, nəsə axtarırdı...
Soruşdum ki, ata, doğrudanmı kəndimizdə sənin tanıyacağın bir şey qalmayıb.
Bir cökə ağacı tapmışdı, sızıltılı səslə “O, mən əkdiyim şökə ağacıdı və bir də buranın yalnız havası dəyişməyib” deyə bildi.

.........


2021-ci ilin 6 dekabrı...


Bakıdayıq...
Düz 3 aydır ki, atamla Kəlbəcər barədə, kəndimiz barədə heç nə danışa bilmirik...
Gördüklərimizi dilimizə gətirməyə ürək etmirik heç birimiz...
Amma atam kəndimizin xarabalıqlarını ziyarət edəndən sonra xeyli düzəlib, qaməti də, danışığı da, əsəbi də...
Daha Kəlbəcər Ermənistanın işğalında olduğu zamanlardakı kimi xəstəlikdən, qocalıqdan, zəmanədən gileylənmir...
 

........

 Və nəhayət...
Atam dillənir: Yusiflə (nəvəsini nəzərdə tutur) kəndimizdə yeni ev tikəcəyik...
Daha yaxşısını...
Bax, yalnız bunu anlaya bilmirəm, niyə mənlə, öz oğlu ilə kəndimizdə yeni ev tikmək istəmir, mənim oğlumla istəyir...

 

Məqalə aşağıdakı linklərdə:

 

www.gjc.org.tr/e-magazine/    

www.kgk.org.tr/e-dergi/#dflip-df_10304   

 

ELŞAD EYVAZLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir