Modern.az

Emin Musəvi : “Məşhurluq və populyarlıq o demək deyil ki, sevilirsən” – MÜSAHİBƏ

Emin Musəvi : “Məşhurluq və populyarlıq o demək deyil ki, sevilirsən” – MÜSAHİBƏ

26 Dekabr 2012, 12:03

“İşləmək üçün o qədər başqa yerlər var ki...”

Modern.az-ın müsahibi ATV kanalının keçmiş aparıcısı Emin Musəvidir. 

– İlk olaraq bugünkü fəaliyyətinizdən danışaq. Sizin 106.3 FM-dən getməyiniz müxtəlif söhbətlərə və şayiələrə yol açmışdı. Aydınlıq gətirmək istərdinizmi?

– Məncə, ATV-dən getməyim qalmaqallı hadisə deyildi. Eyni yerdə əbədi olaraq heç kim işləyə bilməz. Sadəcə bizdə insanlar da belə stereotiplər var ki, əvvəldən axıra qədər harada işləyibsə, orada da qalmalıdır. İnsan dəyişməlidir, yeni məqsədlər olmalıdır. Bir neçə ildir ki, PR və media ilə bağlı şirkətim fəaliyyət göstərir. İl yarıma yaxındır ki, Latviya səfirliyinin KİV-lə əlaqə üzrə baş məsləhətçisiyəm. ATV-dən getməyim isə subyektiv səbəb idi. Menecmentdə müəyyən dəyişiklər oldu, ona görə təklif olunan yeni formatda işləmək istəmədim və getdim. Bu da sağlam qərardır. Sadəcə olaraq bəzi şeyləri jurnalistlər şişirdilmiş formada yazırlar. Sonra da məlumatlar yayıldı ki, Diaspora Komitəsində işləyirəm. Orada müəyyən danışıqlar var idi, ştata daxil olmaq məqsədim, fikrim yox idi. Onu da düzgün yazmadılar. Ən əsası da odur ki, heç kim mənə zəng edib bu barədə soruşmadı. Komitədə sadəcə olaraq məni kimsə görüb və belə xəbər yazıblar.

– O zaman gələcəkdə dövlət qulluğunda işləmək ehtimalınız ola bilərmi?

– Ümumiyyətlə, hər kəs öz yerində olanda dövlətə daha xeyirli olar. Ən böyük vətənpərvərlik nədir? Taksi sürücüsü öz işinə insafla yanaşırsa, tutaq ki, müştəri ilə ozü söhbətə başlamırsa, əlavə sual vermir, sükan arxasında telefonla danışmırsa və ya həkim xəstənin sağlamlığı haqqında düşünürsə, artıq əlavə zəngə, kiminsə tapşırmağına ehtiyac yaranmırsa, həmçinin bizim sahədə jurnalistlər, aparıcılar nəyisə yazanda, çatdıranda ona dəqiq, obyektiv yanaşırsa, insafla edirsə, bu ən böyük vətənpərvərlikdir. Ona görə dövlət üçün nəsə etmək istəyirsənsə, mütləq deyil ki, sən hansısa dövlət qurumunda olasan. Birmənalı deyə bilmərəm, hələ ki planlarım başqadır.

– Ümumiyyətlə tamam başqa ixtisas üzrə təhsil almısınız, amma bu günün tanınmış aparıcılardan biri oldunuz. Jurnalistikaya həvəs nədən yarandı?

– İki ixtisasım var. Tibb Universitetini bitirmişəm, ixtisasca psixiatram, ikinci təhsilim isə Prezident Yanında İdarəçilik Akademiyasının politologiya ixtisası üzrədir. 1997-ci ildən isə stabil olaraq jurnalistikaya meyl yarandı. Ondan qabaq da müxtəlif jurnallarda işləyir, müsahibələr hazırlayırdım. ANS ÇM-də işləməyə başladım və iki il orada qaldım. Radio üçün əsas olan şeyləri orada öyrəndim. 1999-cu ildən fasilələrlə Azad Azərbaycan Teleradio Şirkətinin, hələ ATV mövcud olmayanda 106 FM-də onun ilk əməkdaşlarından olmuşam. Əvvəl aparıcı, daha sonra direktor vəzifəsində işləmişəm. 106.3 FM isə bir icraçı kimi birbaşa mənim iştirakımla açıldı. Onun tam milli olmasını, yalnız Azərbaycan mahnılarını verməsi mənim təşəbbüsümlə oldu. Ona görə deyilə bilər ki, “necə oldu ki, bu onu yaradıb, indi gedir”. Amma hər günün öz hökmü var və belə şeylərin olmağı normaldır.

– Fikir versək, Azərbaycanda məşhur aparıcıların əksəriyyəti başqa sahələrdən gələnlərdir. Nə fikirləşirsiniz, bu, jurnalistika ixtisasını seçənlərin yetərli qədər qabiliyyətli olmamasından irəli gəlir?

– Mütləq deyil ki, sənin təhsilin jurnalistika ilə bağlı olsun və sən təhsilə uyğun işləyəsən. O qədər insan var ki, bir ixtisas üzrə diploma alıb, amma tamam başqa sahə üzrə işləyir. Nərgiz Cəlilova Neft Akademiyasını, Çingiz Mustafayev Tibb Universitetini bitirib. Bu normaldır. Ola bilər ki, kiminsə bu sahəyə marağı olub, amma ailədən məsləhət biliblər ki, konkret olaraq filan universitetə qəbul olasan, o üzrə ixtisası olsun.

– Sizdə də belə olub?

– Anam istəyib ki, Tibb Universitetinə daxil olum. Bəyəndiyim ixtisası özüm seçdim. O zaman bizdə ixtisas seçimini Əhliman Əmiraslanov aparırdı. Onda şəxsi tanışlığımız yox idi. Nə zəng, nə də tapşırıq olmadı. Bir-iki sual verəndən sonra psixiatriya ixtisasını seçməyimə razılıq verdi. O zaman bizə rəhmətlik Ağabəy Sultanov dərs deyirdi. O çox istəyirdi ki, psixiatriyada qalım. 1990-cı illərin ortaları və sonu bir az çətinliklərin yaşadığı anlar idi, işləmək lazım idi və gördüyüm iş də mənim üçün maraqlı idi. Bu gün prodakşn kimi fəaliyyət göstəririk, fikirləşirəm ki, keyfiyyətli verilişlər prodakşnlar tərəfindən hazırlanır. Telekanallar adətən, xəbərlər və ya bu formatda olan verilişlər hazırlayırlar, qalan verilişləri isə prodakşınlardan alırlar.

 

– İlk fəaliyyət gününüzü xatırlayırsınız? Bəs ilk əmək haqqınızı? Məbləğ nə qədər idi?

– Bəli, xatırlayıram. Jurnalistika ilə bağlı aldığım ilk qonorar 1997-ci ildə o vaxtın pulu ilə 150 dollar idi. Bu həmin zaman üçün normal bir məbləğ idi. Nəzərə alsaq ki, tələbə idim və bu mənə çatdırdı. Sonra maaş qalxıb 250 dollar oldu.

– Çoxları televiziyanı məşhurlaşmaq üçün bir vasitə seçirlər, bu fikirə necə yanaşırsınız?

– Məşhurluq və populyarlıq o demək deyil ki, sevilirsən. O qədər məşhur aparıcı və müğənni var ki, məsələn, müğənnidirsə, sən onu maraqlı və reytinqli tədbirlərdə görməyəcəksən. Həmçinin aparıcı rəsmi və qeyr-rəsmi sanballı tədbirlərdə aparıcılıq etməyəcək. Çünki camaat onları istəməyəcək. Nə olsun ki, televizorda çox görünür. Sevilmək və məşhur olmaq ayrı-ayrı məfhumlardır.

– Sizi tamaşaçılar “Qəfəs” realiti-şousundan tanıdı, fikrinizcə, burada yadda qalan nə etmişdiniz?

– Tamaşaçılar xoşlayır ki, başqalarının həyatına kənarda baxsınlar: kim kimlə söhbət etdi, kimin kimlə şəxsi münasibəti oldu.

– Sizcə “Qəfəs” özünü doğrultmuş bir layihə idi?

– Hər halda zaman qiymətini verəcək.

– Eləcə də sonradan aparıcısı olduğunuz “Nömrə 1” layihəsində müğənni Natəvan Həbibi ilə sizin münasibətləriniz olduğu deyilirdi.

– Natəvanla heç vaxt şəxsi münasibətim olmayıb. Bir müddət fəaliyyətində fasilə olarkən ona kömək eləməyə çalışdım. Çox maraqlıdır ki, o qədər işlər kənarda qalır, kimlərsə şəxsi münasibətlərdən danışır. Və çox maraqlıdır ki, kiminləsə real münasibətlər olub, onu bildirməyiblər, ancaq olmayanı qabardıblar. Ümumiyyətlə, belədir ki, göz qabağındasansa, sənin haqqında danışılacaq.

– Bir sıra verilişlərin müəllifi və aparıcısı olmusunuz, sizin üçün ən yadda qalan hansı olub?

– Mənim üçün ən yadda qalanı, o dövr üçün ən uğurlu olanı 106.3 FM radiosu oldu. Vaxtilə Brilyant Dadaşova da demişdi ki, bizdə bir saat ərzində ancaq xarici mahnılar gedir, bir-iki Azərbaycan mahnısı səslənir, əslində bu əksinə olmalıdır.

– “Rəsmilər qeyri rəsmi” əvvəlcə radioda aparıldı, sonra televiziyaya keçirildi, bunu elə ilk olaraq vizual görüntüdən niyə başlamadınız? Həmçinin çətin respondentləri qonaq seçməyiniz iş prosesində çətinliklər yaratmırdı ki?

– Televiziyada görüntü sənəti olduğu üçün onu icra etmək daha çətindir. Radioda isə biz layihəni tamam başqa cür qurmuşduq. Populyar rəsmi şəxslər, tanınmış adamlar, millət vəkilləri, ictimaiyyət arasında tanınan simalar, bir sözlə çətin müsahiblər bir saat ərzində qonağımız olur, sualları cavablandırır və bu müddət ərzində onun sevdiyi mahnılar səslənir. Bununla dinləyici onun musiqi zövqünü, qeyri rəsmi tərəflərini öyrənirdi. Televiziya açılanda isə daha kütləvi oldu, amma yenə də hesab edirəm ki, o uğurlu proyekt idi. Tutaq ki, Polad Bülbüloğlunu səfir kimi ilk dəfə evində, iş yerində görüşlərini biz çəkmişdik. Orada hətta qeyd etdi ki, “şəxsi münasibətinə etibar etdiyi üçün bizim çəkiliş qrupunu evə buraxdı”. Çətin respondentlər o zaman İsrailin prezidenti Şemon Peres, Latviyanın o vaxtkı prezidenti Valdis Zatler, bəzi millət vəkilləri, bir-iki nazirimiz oldu. Qeyd edim ki, bunlar asan başa gəlmirdi, istehsalı çox çətin idi.

– Ümumən televiziyanın simasını, aparıcılarımızı necə qiymətləndirirsiniz?

– Elə aparıcılar var ki, onlar öz üzərində işləyir, peşəsinə hörmət edir. Elə aparıcılar da var ki, onlar hazırlaşmır, fikirləşir ki, onun efirdə görsənməyi çox böyük işdir. Bütövlükdə optimistəm, pessimist deyiləm, bu gün televiziyamızda yaxşı tərəflər də çoxdur. Əgər qiymət “5”-dirsə, tamaşaçı kimi “3” verərdim.

Dünən hansısa kanalda verilişə baxdım, qız, yaxud oğlan mikrofonu götürüb, kimisə yanına salır harasa gedib baxırlar. Nə rejissor işi var, nə montajı düzgündür. Suallar, aparıcının özünü aparması düzgün deyil və insana elə gəlir ki, bu veriliş və bir sıra belə verilişlər bağçadakı uşaqlar üçün hazırlanır. Fikirləşmir ki, buna ağıllı, normal düşüncəli insan baxa bilər.

- Sonuncu dəfə televiziyada “22-ci saat” layihəsini reallaşdırdınız. Ancaq bu verilişin adı ilə başlama vaxtı ilə bağlı mübahisələr oldu.

– Düzdür, veriliş 23-cü saatda başlayırdı. Əslində 22-ci saatda olmalı idi. Sonra efirə gedəndə vaxtı dəyişdi, amma format qaldı. Bir-iki dəfə bunu mənə demişdilər və biz bunu təbii ki bilirdik. Bu şərti ad idi. Ümumiyyətlə, tok-şou formatında veriliş hazırlamaq çox çətindir, orada böyük komanda işləməlidir. Bizdə qeyd edirlər ki. xarici telekanallarda tok-şoular daha yaxşıdır. Çünki orada operatordan tutmuş aparıcı, redaktora kimi hər kəs öz işini görür, daha qaça-qaça görmür. Bizdə isə bəzən operator çəkiliş edəndə telefonda qurdalanır və respondenti çəkə-çəkə baxır ki, zəng edən varmı? Ona görə hər kəs öz işini görsə yaxşı olardı. Məncə, “22-ci saat” uğurlu proyekt idi.

– Qeyd edilir ki, əyləncəli verilişlər aparmağınıza baxmayaraq, çox mühafizəkarsınız, fikrinizcə, belədir?

– Düşünürəm ki, hə.

– Mətbuatımızı və internet medianı izləyirsiniz?

– İzləyirik, show.az saytımız var, mədəniyyət, şou ilə bağlıdır və bu gün komandamız onu yenidən işləyir. İnternetin gücü və rolu bu gün daha böyük olub. Media saytlarını və qəzetləri izləyirəm, xüsusən də fikirləşirəm ki, saytlarda, qəzetlərdə jurnalistlər hardasa dost, onlara yaxın olan ictimai adamları, populyar müğənniləri çox tərifləyir, kiminləsə başqa münasibəti var, onu “vururlar”. Hesab edirəm ki, obyektiv və peşəkar olmalıyıq. Media adamlarından cəmiyyət düzgün informasiya almalıdır. Əgər bunu bacarmırsansa, o zaman buradan getmək lazımdır, işləmək üçün o qədər başqa yerlər var ki...

– Bəs istər televiziya, istərsə də yazılı mediada gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Biz təzə başlayanda fəal, dinamik idik. Özümüz də istəyirdik ki, yaxşı, keyfiyyətli işlər görək. Çünki son anda hazırladığının yayımlanması böyük iş idi. Bu gün də gənclərin fəal olmağı çox yaxşıdır. Bu gün də yeni adlara rast gəlirik. Amma yeni adlarla yanaşı, yeni yanaşma da olmalıdır.

– Evlənməmisiniz, işlərinizin çoxluğu buna mane olur, ya idealınız qarşınıza çıxmayıb?

– Özüm ideal insan deyiləm ki, qarşıma da ideal insan çıxmağını gözləyim. İstənilən məsələ üçün vaxt tapmaq olar. Ancaq tam əmin olmalısan ki, bu insanla bir ola biləcəksən, o sənə qarşı çox etibarlı olacaq, eyni zamanda bu hisslər qarşılıqlı olacaq. Amma hesab edirəm ki, stereotip 25-27 yaşında evlənmək deyil.

– İşə gələrkən evdə və dostlarınızın yanında olan Emini çöldə qoyub tamam başqa tempdə ofisə daxil olursunuz, yoxsa özünüz olursunuz?

– Bu gündən asılı olur, bəzən evdə qoyuram, qalır. Bir də görürsən evdə bir cür oluram, səhər bir cür, işə gələndə başqa cür.

 

 

 

 

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?