Modern.az

Azərbaycanda niyə ancaq iki telekanal ekspertlərə qonorar ödəyir? - MARAQLI

Azərbaycanda niyə ancaq iki telekanal ekspertlərə qonorar ödəyir? - MARAQLI

29 Dekabr 2012, 12:48

Bu gün televiziya verilişlərini daha dolğun etmək, tamaşaçını daha dərindən məlumatlandırmaq məqsədilə aparıcılar öz proqramlarına tanınmış ekspertləri dəvət edirlər. Bu, artıq Azərbaycan telekanallarında da bir ənənə halını alıb. Verilişlərdə ekspert təhlili və şərhləri çox vacib bir element olduğundan, bəzən ekspertlərsiz proqramlar dolğun təsir bağışlamır, qiymətləndirmə, təhlil də yarımçıq kimi görünür. Buna görə verilişlərə dəvət olunan ekspertlərin rolu xüsusi qeyd olunmalıdır.

Maraqlıdır ki, Azərbaycan telekanallarında vaxtlarının və enerjilərinin bir hissəsini bu verilişlərə sərf edən ekspertlər çıxışları müqabilində qonorar almırlar.
Halbuki, qonşu Rusiya, Türkiyə və Avropa ölkələrində belə deyil. Orada populyar verilişlərə çağırılan tanınmış ekspertlərə müəyyən məbləğdə qonorar ödənilir. Bəs Azərbaycanda niyə bunu etmirlər? Axı bizim  teleməkanda reytinqli verilişlər maliyyə sarıdan şikayətlənə bilməzlər. Çünki həmin verilişlərin minimum 3-4 imkanlı sponsoru olur. Bu sponsorlar verilişin təşkilinə böyük məbləğdə pullar xərcləyirlərsə, o  vəsaitdən az bir qismini qonorar kimi ekspertlərə də vermək olmazmı?

Bəzi belə verilişlərin aparıcıları məsələylə bağlı özlərini təmizə çıxarmağa çalışaraq, deyirlər ki, “mən həmin eksperti proqramıma çıxarmaqla, ona tribuna verir, Azərbaycana tanıdıram, daha qonorar niyə ödəməliyəm?”. Amma axı əgər o adam tanınmış ekspert və ya mütəxəssisdirsə, onun yenidən tanıdılması həmin şəxsə nə qazandırır? Bir də həmin ekspert tanınmasa, telekanallar da onu efirlərinə dəvət etməzlər axı...    

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Modern.az-a açıqlamasında bildirib ki, ekspertlərə qonorar verilməsilə bağlı məsələ qaldırmaq adıçəkilən qurumun səlahiyyətində deyil:

 “Qanunvericilikdə bununla bağlı hər hansı bir maddə yoxdur. Televiziya kanalları ora dəvət olunan ekspertlərlə bağlı işi özləri öz daxili nizamnamələrinə uyğun olaraq həyata keçirirlər, yəni bu kanallarla ekspertlər arasında olan məsələdir. Kimi istəyirsə, qonorar sistemi ilə işləyir, kimi istəyir qonorarsız. Bu, artıq onların daxili işidir. Teleradio Şurasının səlahiyyətlərinə aid olmadığından, buna ayrıca diqqət yetirilmir”.

Media eksperti Qulu Məhərrəmli isə qeyd edib ki, yalnız iki televiziya kanalı – “Xəzər” və İctimai TV ekspertlərə iştirak üçün müəyyən məbləğdə qonorar ödəyir.

“Azərbaycanda müxtəlif sahələr üzrə tanınan ekspertlər var: sosial, iqtisadiyyat, mədəniyyət və s. Amma bunların qonorar məsələsi belədir ki, bizdə çox az televiziya kanalları var ki, onlar dəvət olunan ekspertlərə pul ödəyirlər. Bunun bir neçə səbəbi var. Birincisi, televiziyalar, xüsusən də özəl televiziyalar bu imkana malik deyillər. İctimai və “Xəzər” telekanallarıda bəzi ekspertlərə pul ödənilir”.

Q.Məhərrəmli əlavə edib ki, simvolik də olsa, ekspertlərə pul ödənilməsi yaxşı olardı: “Bu daha məqsədəuyğundur, çünki o əməyin qiymətləndirilməsidir, yəni bu ödəniş olanda hansısa bir əməyə yüngülvarı qiymət verilir. Amma indiki halda təəssüf ki, bu aktual məsələ deyil. Televiziyalar o mənada haqlıdırlar ki, tanınmaq üçün başqa vasitə yoxdur. Düşünürəm ki, bununla bağlı fikirləşmək lazımdır. Bəlli bir həddə qədər televiziyaların ekspertlərə ehtiyacı olur. Məsələn, mən proqram aparıramsa, çox arzu edirəm ki, tanınan, tamaşaçının sevdiyi bir ekspert iştirak etsin, əlbəttə bu institutun özünü inkişaf etdirmək üçün stimullaşdırma rol oynayır”.

Media ekspertinin sözlərinə görə, Azərbaycanda bu, 10 nəfər üçün aktual problemdir: “Amma mən öz təcrübəmdən deyə bilərəm ki, elə ekspertlər var ki, televiziya onlara qonorar boyun olmasa, gəlmirlər. Belə ekspertlər var və mən onları da çox haqlı hesab edirəm”.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi