Modern.az

Yeni qanun “reket” jurnalistikasını YOX edəcək...

Yeni qanun “reket” jurnalistikasını YOX edəcək...

Media

10 Fevral 2022, 22:23

“Müasir çağırışlara cavab verən yeni “Media haqqında” qanuna ehtiyac var idi. Media ilə bağlı qanunların bir çoxu, o cümlədən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun müasir tələblərə cavab vermirdi".

 

Bu sözləri “Media haqqında” yeni qanunun əhəmiyyəti barədə Modern.az-a danışan media eksperti Vüqar Zifəroğlu deyib.

 

Ekspert qeyd edib ki, media hər zaman dinamik və dəyişkən bir sahədir. Çünki texnologiyalar inkişaf edir, jurnalistika simasını və özünüifadəsini daim dəyişir:

 

“Bu gün biz XIX əsrlə XX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XXI əsr jurnalistikasında da o qədər yeniliklərin şahidi oluruq. Bu, seçilmə getdikdə daha qabarıq şəkildə özünü göstərir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, onun fəlsəfəsinə baxış dəyişir. Əslində son illərdə aparılan media islahatlarının ən vacib komponenti kimi dəyərləndirilməli olan yeni qanun, həm də müasir çağırışları əks etdirən sənəd kimi səciyyələndirilməlidir.

 

Qanunda media subyektlərinin dəqiq təsnifatının verilməsi çox mühüm məsələdir. Bu mənada tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədlərin müəyyən edilməsi də vacib xüsuslardan biri kimi qeyd oluna bilər. “Media haqqında” qanun bir tərəfdən bu günə qədər qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri tənzimləyir, digər tərəfdən isə artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir”.

 

 

V.Zifəroğlu qeyd edib ki, “Media haqqında” qanun həm də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması baxımından da qiymətləndirilməlidir.

 

Hələ yaxın keçmişdə, on il bundan əvvəl indiki qədər ümumilikdə beynəlxalq jurnalistika üçün ciddi problem olmayan məqamlar, indi ən çox müzakirə olunan, prioritet, həlli üzərində müzakirələr aparılan məsələlər kimi aktualdır. Məsələn, biz bu gün artıq “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, “kütləvi dezinformasiya axını”, “rəqəmsal faşizm” kimi problemlərdən danışırıq. Bütün bu yeni və aktual olan problemlər, heç şübhəsiz ki, bu və ya başqa dərəcədə media ilə bağlı qanunverilik aktlarında öz əksini tapmalıdır. Media savadlılığı məsələsi də ilk dəfə olaraq qanunda öz əksini tapır. Bu məsələ dünya ölkələrində, o cümlədən Türkiyədə prioritetdir. İnformasiya ilə iş prinsipinin müəyyənləşdirilməsi isə ayrı-ayrı media quruluşları arasında sağlam rəqabəti təmin edəcək. Həmçinin beynəlxalq təcrübədəki müxtəlif məqamların qanun layihəsinə salınması öz müsbət nəticəsini verəcək.

 

Ümumiyyətlə, media-dövlət, cəmiyyət-media münasibətlərinin tənzimlənməsi baxımından da qanunun əhəmiyyətini vurğulamaq yerinə düşərdi. Unutmaq olmaz ki, qanun qarşılıqlı münasibətləri tənzimləyən bir hüquqi aktdır. Bu mənada onda bütün maraqlar nəzərə alınmalıdır”.

 

 

Mütəxəssis hesab edir ki, burada yalnız jurnalistlərin deyil, eyni zamanda bizim jurnalist olaraq bilgiləndirməklə, maarifləndirməklə, ictimai nəzarəti həyata keçirməklə xidmət etdiyimiz cəmiyyətin də maraqları təmin olunmalıdır:

 

“Əslində media sahəsində son illərdə aparılan islahatlar, müşahidə olunan müsbət dəyişikliklər, media qurumlarının, o cümlədən media subyektlərinin də fəaliyyət və hüquqlarının müəyyənləşdirilməsində, eləcə də media mənsublarının fəaliyyət azadlığı, jurnalistin peşə fəaliyyətinin təmin olunmasının hüquqi təminatını yaradan yeni qanunun qəbulunu, Azərbaycan mediasının inkişafa və yeni çağırışlara hazır olmasını hədəfləyən bir proses kimi qiymətləndirmək olar”.

 

V.Zifəroğlu onu da qeyd edib ki, yeni qəbul edilən qanun Azərbaycan mediasının son 30 ildə ciddi probleminə çevrilmiş olan reketçiliklə mübarizəsinə də öz töhfələrini verəcək: 

 

“Lakin unutmaq olmaz ki, bu kimi neqativ hallarla mübarizədə peşəkar jurnalist olaraq bizlər də öz töhlələrimizi verməli və həmrəylik nümayiş etdirməliyik”.

 

 

Digər ekspertlərin də fikrincə, “Media haqqında” yeni qanun “reket” jurnalistikasının qarşısının alınmasında mühüm rol oynayacaq. Qanunda nəzərdə tu­tulan vahid Media Reyestrinin tətbiqi məhz “reket” jurnalistlərin peşəkar KİV sıralarından çıxdaş olmasına gətirib çıxaracaq. Ümumilikdə isə medianın hüquqi əsaslarla tənzimlənməsi, yeni prinsiplərin tətbiqi jurnalist adından sui-istifadə və “reketçilik” hallarının aradan qaldırılmasında önəmli rol oynayacaq. Şübhəsiz ki, yeni qanunun tətbiqi bir sıra neqativ məqamların aradan qaldırılması ilə yanaşı, saxta jurnalist şəbəkəsinin də yolunu bağlayacaq.

 

Eyni zamanda vurğulayaq ki, demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycanda belə nadürüst əməllərə yer yoxdur, istər ictimaiyyət, istərsə də dövlət orqanları mətbuatın “korbağırsağına” çevrilmiş “reket jurnalistika”nın fəaliyyətinə son qoyulmasında maraqlıdır. Bu baxımdan, əminlikə deyə bilərik ki, media məkanının “reket” jurnalistlərdən təmizlənməsi prosesində yeni qanun geniş imkanlar yaradacaq. Bu isə hər bir media mənsubunda yaxın gələcəkdə mətbuat müstəvisində əsaslı dönüşün şahidi olacağımıza əminlik yaradır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu