“Prokurorun Əvəz Zeynallı barəsində 11 il həbs cəzası istəməsi tamamilə əsassızdır və vəkil kimi çıxışımda bunu qeyd edəcəyəm”. Bu sözləri Modern.az-a açıqlamasında Əvəz Zeynallının vəkili Elçin Sadıqov deyib. O, məhkəmədə dövlət ittihamçısının Əvəz Zeynallıya 11 il istəməsini şərh edərkən qeyd edib ki, baş redaktor dəfələrlə prokurora öz etirazlarını bildirib.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı da bildirib ki, onların kömək üçün yerli və beynəlxalq qurumlardan yardım istəməsi hələ tezdir. “Növbəti məhkəmədə Əvəz bəy və onun vəkili çıxış edəcək. Sadəcə prokuror öz çıxışında bu 9 ay ərzində olan məhkəmə proseslərində sübut edilmiş faktları öz çıxışına daxil etməmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti iclasdan sonra hökm oxunacaq. Əgər buna bənzər nəticə olarsa, biz axıra qədər gedəcəyik və Əvəz bəyin hüquqlarının müdafiəsini davam etdirəcəyik”.
Qeyd edək ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur. Növbəti məhkəmə prosesi fevralın 23-də olacaq.
Aytən Əliyeva