Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərini xatırlayanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atdığı böyük addımları, əvəzolunmaz islahatları xüsusilə qeyd etməyə ehtiyac var.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri hüquq sisteminin yeni çağırış və tələblərə uyğunlaşdırılması, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi idi. Bu məsələ 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda öz əksini tapsa da, əməli və konkret işlər, tələb olunan islahatlar yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı dövrə təsadüf etdi.
Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması məhz ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbuludur. 1995-ci il noyabrın 12-də xalq ümummilli liderin bu təşəbbüsünü dəstəklədi. Konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir.
1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" dövlət proqramı mühüm rol oynayıb.
Azərbaycan 2001-ci ildən İnsan Haqları üzrə Konvensiyaya qoşulub. Konvensiyanın 46-cı maddəsinə müvafiq olaraq Avropa Məhkəməsinin Azərbaycana münasibətdə qəbul edəcəyi qərarlar qəti olmaqla bütün dövlət orqanları, o cümlədən məhkəmələr üçün məcburidir. Həmin maddənin tələbinin pozulmaması üçün dövlətdə müvafiq mexanizm olmalı, milli məhkəmələr tərəfindən Avropa Məhkəməsinin presedent hüququna müraciət edilməlidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafəsi sahəsində daha ciddi nailiyyətlə əldə edilməyə başlandı.
İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. Heydər Əliyev vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib.
Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. 1998-ci il avqustun 6-da Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunub. Bu, senzuranın ləğvi demək idi.
Bu gün ölkəmizdə Heydər Əliyev dövlətçilik strategiyasının və siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurlu sosial-iqtisadi, hüquqi islahatlar həyata keçirilməkdədir. Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasəti, o cümlədən demokratik-hüquqi dövlət quruculuğunu uğurla davam etdirən Azərbaycan Prezidenti insan hüquq və azadlıqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji xəttə sadiqliyini əyani nümayiş etdirir.
Heydər Əliyev yolunu yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olaraq davam etdirən dövlətimizin başçısı hüquqi dövlət strategiyasının detallarını çox aydın şəkildə və gələcəyə yüksək inam hissi ilə açıqlamışdı:
“Bizi çox gözəl gələcək gözləyir. Ona görə vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir”.
Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda hazırlanıb.