Modern.az

Qadir İbrahimlinin sonuncu "zarafatı" hamını AĞLATDI

Qadir İbrahimlinin sonuncu

Media

20 May 2022, 11:06

Sanki həyatla vidalaşacağı Qadir İbrahimlinin ürəyinə damıbmış… Facebook-da sonuncu paylaşımını xəstəxanaya yerləşdirilməzdən bir gün əvvəl - mayın 17-də edən jurnalist  mərhum anasının şəklinə bu sözləri yazmışdı:

“Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir - 85 yaş. Nur içində yat gözəl anam, inşallah, axirətdə görüşəcəyik!”…

Mayın 18-də qaraciyər sirrozu diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına yerləşdirildi. Həkimlər Qadir İbrahimlinin vəziyyətinin çox kritik olduğunu bildirəndə, hamı sosial şəbəkələrdə ona şəfa diləyir, Allaha dua edirdi… Amma dualar kara gəlmədi…

Jurnalist camiəsinin pozitiv insan kimi tanıdığı Qadir İbrahimli bu gün 53 yaşında işıqlı həyatla həmişəlik vidalaşdı.

Anası ilə görüşə tələsən həmkarımız arzusuna çatdı… Təəssüf ki, bunu azyaşlı oğlu Əlini, Türkiyədə ali təhsil alan qızı Arzunu gözüyaşlı qoymaqla etdi…

Qadir İbrahimli həm də ölümü cavanlaşdırdı və… günün adamı oldu… Hamı haqqında ürək sözlərini yazır, heç kim inanmaq istəməsə belə… rəhmət diləyir…

Paylaşımlar belə deyir: Qadir İbrahimli yaxşı adam, zarafatcıl insan, gülərüz və mehriban dost kimi xatırlanacaq.

Modern.az saytı Qadiri yaxından tanıyan bəzi jurnalistlərin onunla bağlı ürək sözlərini təqdim edir:

Seymur Verdizadə, “Yenisabah.az” saytının baş redaktoru:

“Qadir İbrahimli haqda keçmiş zamanda danışmaq çox çətindir. Qadirin ölümünə hələ də inana bilmirəm. O, çox zarafatcıl, şən, gülərüz adam idi. İti yumor hissi vardı. Dostları ilə zarafat etməyi çox sevirdi. Amma sonuncu "zarafatı" hamını ağlatdı. Qadir vicdanlı qələm adamı idi. O, sözün nazını çəkməyi bacarırdı. Sözlə necə rəftar etməli olduğunu yaxşı bilirdi. Buna görə də sözün sürətlə ucuzlaşdığı bir dövrdə Qadirin sözünün xüsusi çəkisi vardı. Qadirin timsalında Azərbaycan xalqı vicdanlı bir vətəndaşını, mətbuatımız isə istedadlı və ləyaqətli bir qələm adamını itirdi. Qadirin yeri həmişə görünəcək. Bu boşluq içimizi həmişə göynədəcək. Allah rəhmət eləsin!”.

Aqil Camal, “Türküstan” qəzetinin baş redaktoru:

“Qadir İbrahimli ilə biz bir müddət bir yerdə işləmişik. Bundan öncə də bir-birimizlə tanış olmuşuq. Bir binada, bir blokda qonşu idik. Demək olar ki, hər gün rastlaşmışıq, görüşmüşük. Həftənin müəyyən günləri olub bir yerdə çay süfrəsində əyləşmişik. Belə gətirmişdi ki, “Jurnalistlər binası”nda ona hamı lider deyirdi. Ona görə ki, jurnalistləri bir araya gətirən faktor idi. O hər zaman bu missiyanı uğurla həyata keçirməyə çalışırdı ki, həmkarlarını həmişə bir araya gətirib görüşdürə bilsin. İndi onun itkisi bizim üçün çox ağırdı. Bilmirik ki, onun yeri necə doldurulacaq...
Bu gün sosial şəbəkələrdə də görmək olar ki, Qadir itkisi çox dərin iz buraxıb. İstər media camiəsi üçün, istər onu tanıyan hər kəs bu itkidən çox üzüntülüdür. Deyəcək bir şey qalmayıb. Allah o dünyasına versin. Bu həyatda ömrü çox keşməkeşli oldu. Səhhətində həddən artıq problemlər yaşadı. Heç düzənli bir həyatı olmadı. Allah övladılarının həyatını işıqlı etsin”.

Qurban Yaquboğlu, “Teleqraf.com” saytının redaktoru:

“Bu səhər ağır xəbər gəldi. Hətta aylarla-illərlə görüşməsən də, onu tanıyan adama elə gəlirdi Qadir həmişə yanındadı. Çıxıb getmirdi. İncə yumor hissi vardı. Bir dəfə ona sataşan dostuna zarafatla "Bu gün sənin ən böyük nailiyyətin evə sağ-salamat getməyin olar" demişdi... Təəssüf, Qadir. Evə həmişə sağ-salamat qayıtmaq olmur. Yerin behişt olsun”.

 
Xalid Kazımlı, “Müsavat.com” saytının baş redaktoru:

“Nəinki kollektivdə, ümumiyyətlə, media camiəsində hamı onu çox istəyirdi. Çünki pozitiv, üzü gülər, zarafatcıl, tikansız, sayğılı, qayğıkeş adam idi Qadir. Gözəl söhbətləri vardı. Övladlarını dünyalar qədər istəyirdi. Axırıncı dəfə şəhərcikdə gəzişəndə Türkiyədə təhsil alan qızından, özünün qardaş ölkədə gördüyü xoş münasibətdən çox danışmışdı. Gözlənilməz ayrılıq oldu onun vəfatı. Yeri görünəcək...”.

Ülkər Abdullayeva, “Sputnik Azərbaycan” Agentliyinin redaktoru:

“Günə çox ağır xəbərlə başladıq. Hamımızın sevimlisi, mənə qardaş qədər doğma, yaxın olan, hər zaman dərdləşdiyim, səsini eşidəndə şad olduğum, söhbətlərindən doymadığım Qadiri itirdik. Dostlarına o qədər ərklə yanaşırdı ki... Bir də görürdüm, gözləmədiyim anda redaksiyaya gəlib salamsız-kəlamsız yaxınlıqdakı stulu çəkib oturdu böyrümdə. "Bir çay gətir içək" deyə başlayardı söhbətə. Söhbəti söhbətə calayardıq. Hərdən də zarafatla, "Qadir, gəldin başımı qatdın, sayta xəbər qoymaq yaddan çıxdı" deyirdim. "Əşşi, boş ver xəbəri, guya dünyanı düzəltmək işinə biz baxırıq" deyirdi. Qızı Arzu ilə bağlı nə arzuları vardı. Onu bir başqa sevirdi. Evi satıb Türkiyəyə, qızının təhsil aldığı şəhərə köçəcəyini deyirdi. Ölkəni düzgün görmək üçün daim mübarizə aparırdı. Amma düzəldiyini görmək imkanı olmadı... Nur içində yat, Qadir. Əgər doğrudan da o biri dünya varsa, görüşərik...”.

Rəsul Mirhəşimli, “Avropa.info” saytının redaktoru:

"Qadir 30 ildir dostumuzdur. Uzun illər günümüz bir yerdə keçib. Son zamanlar səhhətində ciddi problemlər olduğunu eşitmişdim. Dostlar üçün çox ağır itkidir. Sözlə ifadə etmək çətindir. Əlbəttə,  jurnalist kimi Qadir İbrahimlinin imzası Azərbaycan mətbuatında seçilir. Dostlarının bütün işlərində yanına qaçan insan olub. Bir sözlə, Azərbaycan mətbuatı və dostlar üçün onun ölümü çox ağırdır".

Bahəddin Həzi, “Bizim yol” qəzetinin baş redaktoru:

“Dünən, srağagün, lap ondan qabaqkı gün... Qadirə: "Möhkəm ol! Sən qalib gələcəksən" və sair deyə bilməzdim. Bu, riyakarlıq olardı. Hər şey üçün çox gec idi artıq. Çox təəssüf ki... Jurnalistlər onsuz da uzun yaşamır. Bəzi alışqanlıqlarımız isə ömrümüzü daha da qısaldır. Başa düşürəm: bu qədər nəhəng neqativ informasiya yükünü daşıyırıq, bu boyda qaramat xəbər dağının altında əzilirik. Müxtəlif yollarla reallıqdan qaçmaq cəhdi bundandır. Ancaq bir reallıq da var: ölüm! Ən böyük reallıq isə geridə buraxdıqlarımız; ailəmiz, çevrəmiz...
Qadiri itirdik. Çox üzgünəm. Başqa jurnalist dostlarımıza ərkim var: özünüzü qoruyun! Boğazımıza dirənə biləcək bıçaqdan bizi qoruyan yoxdur. Barı özümüzü başqa bəlalardan qoruya biləcəyimiz qədər qoruyaq. Allah Qadirə rəhmət eləsin! Heyf!”.

Turqay Musayev,
Əfqan Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?