Modern.az

Qardaşlığın gücü: TEKNOFEST-lə verilən mesajlar

Qardaşlığın gücü: TEKNOFEST-lə verilən mesajlar

Media

29 May 2022, 16:24

Azərbaycan 2022-ci ilin 26-29 may tarixlərində möhtəşəm bir tədbirə ev sahibliyi etdi. Söhbət ölkəmizdə ilk dəfə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalından gedir. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilən festival yerli sakinlərin, o cümlədən xarici qonaqların diqqətini cəlb edə bildi.

 

Mayın 28-də, festivalın 3-cü günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da festivalda iştirak etdilər. Həmin gün Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri oldu.

 

Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu izlədilər.

 

 

"Teknofest Azərbaycan" çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Baku skills", "Yaşıl" texnologiyalar, "Pilotsuz uçuş aparatları", "Planer", "Robotexnika", "Rocket League" video oyunu üzrə Avropa çempionatı müsabiqələri, eyni zamanda "Take Off Baku" beynəlxalq startap sammiti təşkil olunur.

 

Azərbaycan startapları da daxil olmaqla xarici yeniliklərin təqdim olunduğu "Take Off Baku" sammitinin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir. Sammit Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı kimi beynəlxalq ictimaiyyətə daha yaxından tanıdacaq.

 

"Teknofest - 2022"nin Azərbaycanda keçirilməsi iki ölkə arasındakı qardaşlığın, müttəfiqliyin bariz nümunəsidir. Festival müxtəlif müsabiqələr, sərgilər, mədəni proqramlarla əyləncəni özündə ehtiva etməklə yanaşı, iki ölkə arasında aviasiya, kosmos və texnologiya sahəsində əlaqələri möhkəmləndirir, bu sahədə fəaliyyət göstərən təşkilatların, qurumların əməkdaşlığı üçün şərait yaradır.

 

 

Azərbaycan və Türkiyənin xüsusilə texnologiya sahəsində mövcud əməkdaşlığı festivalla daha da genişləndirməsi xüsusilə gənclər üçün önəmli məqam idi. Gənclərdən ibarət ayrı-ayrı qruplar öz fərdi layihələri ilə rəsmilər qarşısında çıxış etdilər, yenilikləri həm festival iştirakçılarına, həm də dünyaya tanıtmağa çalışdılar. 

 

Festivalda Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncərin iştirakı, gənclərə tövsiyələri də önəmli məqamlarından biri kimi tarixə düşdü. Əziz Səncər "TEKNOFEST Azərbaycan"da çıxışına “Mən məmləkətimiz deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam" – ifadələri ilə başladı. Tanınmış alim Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü nü xatırladaraq, Azərbaycan və Türk dünyasını təbrik etdi.

 

 

“Gənclər, sizlərə bir neçə əhəmiyyətli məsləhət verirəm. Mən "xərçəngə qarşı dərman tapa bilərəmmi?", - deyə fikirləşirdim. Gördüyünüz hər işin ən yaxşı olmasına çalışın. Ən yaxşısı ölkənizə və insanlığa yardım etməyə çalışın. Dürüst və ədalətli olun. Sevgili gənclər məmləkətinizi sevməkdən usanmayın, yorulmayın, əl çəkməyin. Ölkənizin inkişafı üçün yorulmadan çalışın. Tanrı türkü qorusun!" – deyə dünya şöhrətli alim sözlərinə əlavə etdi.

 

Parlamentin Gənclər və idman komitəsinin üzvü Könül Nurullayevanın fikrincə, “Teknofest”in ilk dəfə Türkiyə hüdudlarından kənarda keçirilməsi və bu ilkdə qardaş Türkiyənin Azərbaycanı seçməsi həm də siyasi əhəmiyyətli məqam idi:

 

“Festival texnologiyanın inkişafında əhəmiyyətli rola malikdir. Azərbaycanda reallaşan uğurlu təcrübə bu festivalın bütün Türk dünyasını əhatə etməsinə zəmin yaradır. Bu tədbir ilk növbədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, eyni zamanda, bu sahələrdə sahibkarlığın təşviq edilməsi baxımından da əhəmiyyət kəsb edir. Ən böyük üstünlüklərdən biri Azərbaycanda gənc smart nəslin formalaşmasına stimul olmasıdır. Üstəlik, Qarabağın işğaldan azad olunduğu bir vaxtda, bərpa prosesində gənclərin iştirakı zamanı belə bir festival əlavə imkanlar yaradır.

 

Təsadüfi deyil ki, “Smart Qarabağ” Hakatonu çərçivəsində Azərbaycan və türkiyəli proqramçı, texnologiya həvəskarlarından ibarət 34 komanda “Ağıllı şəhər” konsepsiyası üzrə öz yenilikçi həllərini təqdim edirlər. “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit, təhlükəsizlik sahələrini əhatə edir. Qarabağın bərpasına töhfə vermək üçün hakaton iştirakçılarının 50 saat ərzində hazırlayaraq münsiflərə təqdim etdiyi ən yaxşı həll variantı və ya prototiplər işğaldan azad olunmuş ərazilərdə də tətbiq olunacaq”.

 

 

Deputat fikirlərinə davam edərək qeyd edib ki, festival dövrün çağırışına uyğun olaraq, Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına da töhfədir:

 

““Teknofest” innovativ həllərlə çıxış edən Azərbaycan gəncləri üçün yerli və xarici investorlara yol tapmaq imkanıdır. Rəsmi məlumatlardan aydın olur ki, festivala qatılmaqla hətta dəyəri 1 milyard ABŞ dolları və ondan artıq olan startaplar reallaşdırmaq mümkündür.

 

Festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması da əsas üstünlüklərdən biridir. Artıq gənclər öz ixtiralarını, hazırladıqları texnologiyaları dünyaya tanıtmaqda daha bir arena qazanmış oldular. Bu həm də gənc nəslin bilik və bacarıqlarının, Azərbaycanın inkişafına, vətənimizin gələcəyinə verə biləcəyi töhfələrin üzə çıxarılması üçün əhəmiyyətli idi”.

 

 

Aysel Aslan 

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu