Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Nəsir Əhmədli bu gün vəfat edib. Jurnalistlərin sevimli müəllimi 80 yaşında haqq dünyasına qovuşub.
Uzun illər Azərbaycan mətbuatının inkişafı, klassik ənənələrin qorunması uğrunda fədakarcasına mübarizə aparan Nəsir müəllim istər tələbələrinin, istərsə də çiyin-çiyinə çalışdığı iş yoldaşlarının xatirələrində əbədi yaşayacaq. İllər ötsə də, Nəsir Əhmədli dedikdə gülərüz, mehriban, bir o qədər tələbkar müəllim obrazı gözümüzün önündə canlanacaq.
Professor Nəsir Əhmədlinin iş yoldaşları onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.
Filologiya üzrə fəlsəfə doktoru, professor, BDU-nun jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmov bildirib ki, Nəsir Əhmədli universitetin ən hörmətli və istedadlı müəllimlərindən olub:
“Biz həmişə Nəsir müəllimlə fəxr etmişik. Bu insan lazım gələndə hamıya kömək edirdi. Bəzən məqalə yazanda rus dilindən tərcümədə Nəsir müəllimə müraciət edirdik. Rus dilini çox mükəmməl bilirdi. Rus dilindən Azərbaycan dilinə tərcümələr edirdi. Ona görə də, istər müəllim heyəti, istərsə də tələbə heyəti Nəsir müəllimin xətrini çox istəyirdi”.
A.Rüstəmov vurğulayıb ki, Nəsir müəllimin vəfatı iş yoldaşları üçün ağır itkidir:
“Bu gün səhər tezdən belə bir xəbər eşitmək mənim üçün ağır oldu. Bizim fakültədə mən, Nəsir müəllim, Zeynal müəllim və Əli müəllim həmişə bir yerdə olmuşuq, işlərimiz birgə olub. Bu itki mənim üçün daha ağırdır. Adam söz tapmır deməyə, səhər xəbəri alanda çox pis vəziyyətə düşdüm. Allah ona qəni-qəni rəhmət etsin, qəbri nurla dolsun!”.
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli deyib ki, Nəsir Əhmədli Jurnalistika fakültəsinin böyük alimi olub. O, Jurnalistikanın bütün sahələrini - jurnalistikanın tarixindən tutmuş, nəzəriyyəsinə qədər detallarını hərtərəfli bilən hörmətli bir alim idi:
“Biz Nəsir müəllimlə həmyaşıdıq. Amma mən Nəsir müəllimi özümdən bəlkə 15-20 yaş böyük hesab edirdim. Ona görə ki, mən ondan çox şey öyrənmişəm. Nəsir müəllim fakültəmizin brendi idi. O, həm müəllim, həm alim, həm də insan kimi şəxsiyyətdir. Fakültədə kiməsə paxıllıq etdiyinin, kimdənsə narazı qaldığının heç kim şahidi olmayıb. Ən böyük keyfiyyəti o idi ki, iddialı adam deyildi. Ancaq onun iddialı olmağa haqqı var idi. Tələbələrindən elə bir şəxs tapa bilməzsiniz ki, Nəsir müəllimin dərslərindən ürək dolusu danışmasın”.
“Nəsir müəllim mənim əzizim, dostumdur, fakültəmizin ilahi qüvvəsidir. Bu gün böyük insan itirdik. Azərbaycan jurnalistikası, Azərbaycan elmi itirdi. Nəsir müəllim həm dilçi, həm də jurnalist idi. Onun bilmədiyi, girişmədiyi sahə yox idi. Nəsir müəllim hətta riyaziyyatı da çox yaxşı bilirdi. Ona görə məntiqli adam idi ki, humanitar elmə dəqiq elmdən gəlmişdi. Nəsir Əhmədli jurnalist kimi Azərbaycanda, müəllim kimi jurnalistika fakültəsində əbədi yaşayacaq” , - Cahangir Məmmədli mərhum jurnalistlə bağlı düşüncüələrini dilə gətirib.
Xatırladaq ki, Nəsir Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib.1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb
2004-cü ildən BDU-nun Beynəlxalq jurnalistika kafedrasında işləyib. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir, 1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub.
Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. “Jurnalistin nitq mədəniyyəti” kitabına görə “Media açarı-2006” mükafatına layiq görülüb.
Professor Nəsir Əhmədli Azərbaycan jurnalistlərinin əksəriyyətinə dərs deyib.