44 günlük Vətən Müharibəsindən sonra Bakı ilə İrəvan arasında bir neçə formatda danışıqlar aparılıb. Müharibə Rusiyanın səyləri əsasında dayandırılsa da, indi danışıqlara Avropa İttifaqı vasitəçilik edir.
Avropa İttifaqı sülh prosesində siyasi liderlərin görüşlərini təşkil etməklə yanaşı, xalqları sülhə hazırlamaq, sülh mühitinin yaradılması üçün Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, aparıcı gənc fəalları arasında görüşlər təşkil etməyi planlaşdırır. Bu təşəbbüslərin fonunda Cənubi Qafqaz jurnalistlərinin birgə platformasının yaradılması, görüşlərinin keçirilməsi də təklif edilir.
Bununla bağlı Modern.az-a danışan media rəhbərləri jurnalistlərdən ibarət belə bir platformanın yaradılması üçün sülh müqaviləsinə ehtiyac olduğunu düşünürlər.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytının rəhbəri, tanınmış jurnalist Elçin Şıxlının sözlərinə görə, media nümayəndələri 30 ildir sülhün təmin olunması prosesinə cəlb ediliblər. Hətta bu müddətdə gənclərin şəbəkəsi də yaradılıb:
“Müxtəlif görüşlər keçirilirdi. O zaman ermənilər bizi “tumarlamağa” çalışırdılar. İndi yəqin ki, proses əksinə olacaq. İndiki halıda isə nə jurnalistlərin, nə də gənclərin prosesə ciddi təsir imkanları var. Əgər siyasi qərarlar qəbul olunub, yerinə yetiriləcəksə, bundan sonra ortaq platformaların yaradılmasına başlamaq lazımdır.
Tanıdığımız erməni jurnalistlər var ki, Qarabağ işğal altında olanda üzümüzə gülürdülər. Amma 44 günlük müharibə ərəfəsində hamısı bizə dişlərini qıcadı.
Ermənilərin sülhə məcbur edilməsi prosesinə yuxarıda davam ediləcəksə, bu məsələlər də həll olunacaq. Bir sözlə, aşağıdan yuxarı heç nə həll ediləsi deyil, yuxarıdan aşağı addım atılmalıdır. Jurnalistlərin biri-biri ilə tanış olmasının, nifrət dilindən daha az istifadəsinin tərəfdarıyam. Amma bu görüşlər, müzakirələr boşuna olmasın”.
Global Journalism Council (GJC) beynəlxalq jurnalist təşkilatının xarici media üzrə rəhbəri Elşad Eyvazlı da Cənubi Qafqaz Jurnalistləri şəbəkəsinin yaradılmasını dəstəkləyir. Onun sözlərinə görə, təşəbbüsə gürcü jurnalistlərin yanaşması da müsbətdir:
“Biz öz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etmişik. Qalanı da tezliklə azad olunacaq. Azərbaycan həmişə sülhün, barışın tərəfdarı olub, bu təşəbbüslə çıxış edib, bütün sahələrdə, o cümlədən mediada barış üçün əlindən gələni edib. Təbii ki, bu sahədə təmasların olması ümumi barış üçün böyük əhəmiyyət kəsb edir. Ona görə, düşünürəm, Cənubi Qafqaz jurnalistlərindən ibarət yeni platformanın yaradılmasına ehtiyac var.
Azərbaycanlı və gürcüstanlı jurnalistlərin platforma ilə bağlı yekdil fikri mövcuddur. Bir müddət öncə gürcü jurnalistlərlə görüşümüzdə qərara gəldik ki, yay aylarında Alanyada belə bir müzakirə təşkil edək. Gürcüstanlı jurnalistlər təklif etdilər ki, erməni jurnalistlərin də bu görüşə dəvəti mümkündür. Qeyd etdilər ki, artıq Cənubi Qafqazda birliyin, sülhün qaçılmaz olduğunu, yeni situasiyanın yarandığını və buradakı xalqlar olaraq öz tariximizə söykənib, yaşamalı olduğumuzu ermənilərə bildirməliyik. Onlar iddia edir ki, bunu anlayan erməni jurnalistlər var.
Qarabağ və ətraf rayonları Azərbaycanın tarixi əraziləridir. Bu məsələ ilə bağlı artıq Ermənistanda fikir formalaşmaqdadır. Amma regionda müharibə istəyən qüvvələr bunun əleyhinədirlər. İmzalanacaq sülh müqaviləsini, sazişləri pozmağa çalışırlar.
Hətta biz erməni jurnalistləri işğaldan azad edilmiş əraziləriizə də dəvət edə bilərik. Qoy, gedib cəmiyyətlərinə çatdırsınlar ki, ermənilər necə barbardırlar, necə vəhşiliklər törədiblər, biz öz ərazilərimizə necə sahib çıxmışıq, necə inkişaf edirik və s.”.
Report İnformasiya Agentliyinin rəhbəri Murad Əliyev Cənubi Qafqaz jurnalistlərinin şəbəkəsinin mövcud olduğunu, ermənilərin bura daxil edilmədiyini xatırladıb. Baş redaktorun sözlərinə görə, Gürcüstan, Azərbaycan, Dağıstan jurnalistlərinin birlikdə müzakirələri, fikir mübadiləsi keçirildiyi halda erməni jurnalistlər mövcud münaqişəyə görə prosesdən həmişə kənarda qalıblar:
“Artıq münaqişə bitmiş sayıldığına görə, Ermənistanın prosesə qoşulması mümkündür. Amma bunun üçün sülh müqaviləsinin imzalanması lazımdır. Ermənistan bir neçə dəfədir ki, prosesi uzadır. Bölgədə sülh tam bərqərar olmamış, sülh müqaviləsi imzalanmamış mümkün deyil.
Növbəti mərhələdə müqavilə imzalanarsa, üçtərəfli görüşlərin keçirilməsi mümkündür. Türkiyə mediasının bura qatılması da müsbət nəticə verə bilər. Çünki Qafqazda gedən bütün proseslər Türkiyənin diqqətindədir, regionda qardaş ölkənin rolu get-gedə artır”.