Mətbuat sahəsində çalışmaq bir çox həmkarımızın karyera qazanmasında mühüm rol oynayıb. Vaxtilə mətbuatda sıravi müxbir, redaktor vəzifələrində işləmiş bəzi həmkarlarımız indi dövlət orqanları və ya böyük şirkətlərdə mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqə şöbəsinin müdiri postunu tuturlar. Təəssüf ki, onlardan bəziləri vəzifəyə gedəndən sonra mətbuata münasibəti dəyişib. Amma bu, hamıya şamil edilə bilməz, mətbuat sahəsindən dövlət orqanları və ya böyük şirkətlərə transfer olunanlardan jurnalistlərlə yaxşı işləyənləri də var. Onlar əvvəllər çalışdıqları sahənin işini indi necə dəyərləndirirlər? Modern.az mətbuatdan yüksələnlərin fikirlərini təqdim edir.
Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli lap əvvəllər “Cümhuriyyət” qəzetində beynəlxalq mövzularda yazıb. Daha sonra “Rezonans” qəzetində parlament müxbiri, siyasət şöbəsinin müdiri, baş redaktor müavini, “Üç nöqtə” qəzetində parlament müxbiri, siyasət şöbəsinin rəhbəri, “İki sahil”, “Səs” qəzetlərində analitik qrupun rəhbəri olub. 2007-ci ildən isə Sənaye və Energetika Nazirliyində mətbuat xidmətinin rəhbəridir.
Azər Mənsimli deyir ki, mətbuata gəldiyi dövrdə mətbuatda daha çox problemlər vardı: “Simvolik əmək haqqı alırdıq. Bu əmək haqqı heç yol pulumuza da yetmirdi. Redaksiyaların maddi-texniki bazası çox aşağı səviyyədə idi. Kompüter texnologiyası yox dərəcəsində idi. Ümumiyyətlə, iqtisadi amil, maddi-texniki baza peşəkarlığa təsir edən amillərdir. Bütün bunlara baxmayaraq əzmkar çalışan jurnalistlərimiz vardi”. Müsahibimizn sözlərinə görə, əvvəlki dövrdə həm də məhkəmə çəkişmələri də çox az olub, yəni jurnalistlər daha səmimi idilər.
A.Mənsimlinin fikrincə, indi mətbuata qayğı artıb. “Dövlət jurnalistlərin əməyini lazımca qiymətləndirir. Jurnalistlərə fəxri adlar verilir, müsabiqələr keçirilir. O dövrdə biz bunların həsrətində idik”. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyir ki, əgər jurnalistlər ondan aldıqları informasiyaları qeyri-obyektiv işıqlandırırsa, onları asıb-kəsmək, həddə - qorxu gəlmək lazım deyil.
“Mətbuata yenidən qayıtmaq istərdinizmi” sualına Azər Mənsimli belə cavab verib: “Mən onsuz da mətbuatdayam. Dövlətçiliklə bağlı bir KİV-də konsultant kimi çalışıram. Bu media orqanında həm də məqalələrim çap edilir. Oradan aldığım məvacib heç də buradakı aylıq əmək haqqımdan az deyil. Bəlkə də yeganə jurnalistəm ki, həm mətbuat xidmətində çalışıram, həm də mətbu yaradıcılığımı davam etdirirəm”.
Təhminə Paşayeva