Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan media məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqə elan edib. Modern.az xəbər verir ki, müsabiqə fondu 60 000 (altmış min) manat təşkil edir və 2 mövzu üzrə həyata keçirilir:
1) Jurnalist peşəkarlığının artırılması - 20 (iyirmi) min manat.
2) Azərbaycan media məkanında ədəbi dilin qorunması - 40 (qırx) min manat.
a) Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması - 20 (iyirmi) min manat.
b) Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması - 20 (iyirmi) min manat.
Müsabiqədə iştirak
Layihə müsabiqəsində dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərlər.
Layihələrin qiymətləndirilməsi
Layihələrin qiymətləndirilməsi üçün aşağıdakı meyarlar əsas götürülür:
- layihənin məqsədinin aydınlığı və konkretliyi;
- layihənin fəaliyyət planının inandırıcı olması;
- layihənin büdcəsinin reallığı;
- ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;
- layihə təqdim etmiş jurnalist təşkilatının KİV-lərlə iş təcrübəsinə malik olması;
- layihə təqdim etmiş jurnalist təşkilatının Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması
Hər qurum bir layihə təqdim edə bilər.
Müsabiqəyə sənədlərin qəbulu 18 mart 2013-cü il tarixində başlayır və 01 aprel 2013-cü il tarixlərində başa çatır. Layihənin müddəti 8 ay nəzərdə tutulub
Sənədlər rəsmi iş günləri saat10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda qəbul edilir.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap və elektron variantda (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
№ | Tələb olunan sənədlər | Forması |
1. | Layihə təklifi və fəaliyyət planı | Kompüterdə yığılmış çap formasında - 3 nüsxə Elektron variantı, (Times New Roman 12 şriftində) - 1 disk |
2. | Layihənin büdcəsi (Fondun təqdim etdiyi formada) | Kompüterdə yığılmış çap formasında - 3 nüsxə Elektron formada, Microsoft Excel formatında, -1 disk |
3. | Qurumun dövlət qeydiyyatından keçməsi və ya müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd | Surəti |
4. | VÖEN | Surəti |
5. | Qurumun borcunun olmadığını təsdiq edən sənəd | Bankdan arayış |
6. | Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri | Kompüterdə yığılmış çap və elektron formasında |
7. | Birgə layihələr həyata keçirilməsi üçün əməkdaşlıq haqqında müqavilə | Kompüterdə yığılmış çap formasında (imzalanmış və möhürlənmiş) |