İnsanlar dodaqlarını tərpədərək arxa fonda səslənən musiqini zümzümə edir, müxtəlif musiqi sədaları altında rəqs edir....
Modern.az bildirir ki, “TikTok” platformasına daxil olan zaman istənilən şəxs belə videolarla qarşılaşa bilər. Azərbaycanda bir çoxları tərəfindən “bayağı videoların paylaşıldığı məkan” kimi tanınan bu platforma bir sıra insidentlərlə də yadda qalıb.
Məsələn, bu yaxınlarda salyanlı qadın hərbi polis forması geyinərək “TikTok”da paylaşdığı videolara görə polis tərəfindən saxlanılıb. Əlbəttə, belə hadisə sosial şəbəkə platformalarında ilk deyil. Xatırlayırsınızsa, Qarabağ müharibəsi zamanı platformada olduqca təhlükəli videolar yayılır, ictimai fikri yayındıran paylaşımlar edilirdi. Şübhəsiz ki, bu videoların əksəriyyətinin mənbəyi ermənilər idi.
Eyni hərəkətlər ermənilərə qarşı azərbaycanlılar tərəfindən də edilib. Ermənistan müharibə zamanı “TikTok” platformasını bağlamaq məcburiyyətində qalıb. Ermənistan ombudsmanı “TikTok” rəhbərliyi ilə görüş zamanı bloklanmaya səbəb olaraq Azərbaycan tərəfindən bu resurs vasitəsilə Qarabağla bağlı informasiya müharibəsi aparıldığını, bununla erməni gənclərinə ciddi təsir edildiyini bildirib. Ombudsman platformadakı video kontentə nəzarət edə bilmədiklərindən şikayətlənib.
Azərbaycanda da ara-sıra “TikTok”un bağlanmasına çağırışlar edilib, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması kimi paylaşımlar göstərilir.
Azərbaycanda belə çağırışlar əsasən lokal səbəblərdən olsa da, dünyanın bir çox ölkəsində, hətta ABŞ və Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri “TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildiriblər.
Qeyd edək ki, on il əvvəl “Facebook”un qurucusu Mark Zukerberqdən bir yaş böyük olan çinli sahibkar Yanq Yiminq “ByteDance” adlı proqram təminatı şirkətini yaradıb. Bundan 5 il sonra şirkət “TikTok” tətbiqini təqdim edib. Cəmi 5 il əvvəl istifadəyə verilən sosial media artıq 1 milyarddan artıq istifadəçiyə sahibdir. Platforma istehlakçıları və reklamçıları sevindirsə də, ABŞ-ın Pentaqon və Konqres kimi qurumlarında dövlət rəsmilərinin, Silikon Vadisinin sosial media şirkətlərinin narahatlığına səbəb olub. Sosial şəbəkənin sahibi olan “ByteDance” şirkətinin mərkəzi ofisinin Çində yerləşməsi narahatlığı bir qədər də artırıb. Amerikada Konqresə seçkilər yaxınlaşdıqca, platformanın seçkilərə müdaxilə edilməsi üçün istifadə olunacağı iddiları daha yüksək səslə ifadə edilməyə başlanılıb.
Tətbiq sosial media bazarında rəqabət üsullarını dəyişdirib. Artıq “YouTube” və “Instagram” kimi media platformaları “TikTok”a bənzəyən funksiyalar yaradıblar. “Facebook” sosial şəbəkəsinin sahibi olan “Meta” şirkəti də oxşar funksiya üzərində işləyir.
Haşiyəyə çıxaraq maraqlı bir tendensiyanı qeyd edək. Bir zamanlar Çini məhsulları kopyalamaqda ittiham edən Silikon Vadisinin rezidentləri artıq Çindən məhsul “oğurlamağa başlayıb”…
“TikTok”un sadə interfeysinin altında sürətlə inkişaf edən süni zəka texnologiyası yatır. Süni zəka platformaya daxil olub izlədiyiniz videolardan sizin nəyi bəyəndiyinizi, nəyə daha çox baxdığınızı müəyyən edə bilər. Eyni zamanda tətbiqdə video kontentin yaradılması, “film”lərin çəkilməsi asandır. “Instagram”ın məşhurlaşmasına səbəb fotoların asanlıqla redaktə olunması, filtrlərlə insanların “gözəlləşdirilməsi” funksiyaları idi. Eyni məntiq “TikTok”da video məzmunlarına tətbiq edilir.
Bu funksiya sayəsində tətbiq 5 ildə 1 milyarddan çox istifadəçi toplaya bildi. Məsələn, “Facebook” sosial media platforması ilə müqayisədə bu rəqəm az görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, “Facebook” 1 milyard istifadəçini 10 il ərzində toplamağı bacarıb. Yəni “TikTok” çox sürətlə böyüyür.
Amerikada orta istifadəçi hər gün tətbiqə adi istifadəçinin “Instagram”a sərf etdiyi vaxtdan 50% daha çox vaxt sərf edir. “TikTok” gəlirlərinin bu il 12 milyard dollara, 2024-cü ildə isə 23 milyard dollara çatacağı gözlənilir ki, bu da “YouTube” şirkəti ilə demək olar eyni səviyyədədir. Azərbaycanda bu platformadan istifadə edənlərin sayı dəqiq bilinməsə də, 1 milyona yaxın olduğu təxmin edilir. İstifadəçilərin əksəriyyəti 24 yaşa qədər olan uşaq və gənclərdir. Yaşlı şəxslərin da tətbiqə maraq göstərdiyi müşahidə edilir.
“TikTok” artıq bəzi istifadəçilər üçün aylıq qazanc yerinə çevrilib. İstifadəçilər reklamlar götürür və ya yarışlara çıxır. Yarışlarda digər istifadəçilər iştirakçılara müxtəlif pullu hədiyyələr göndərir. Axırda yığılan vəsaitin 70%-i şirkətə, qalanı istifadəçiyə qalır.
Qərb ölkələrində “TikTok”un Çinə məxsus olması ilə bağlı narahatlıq uzun müddətdir davam edir. Donald Tramp prezidentliyinin sonuna yaxın “ByteDance” şirkətini “TikTok”un Amerikadakı ofisini yerli şəxslərə satmağa məcbur etsə də, bacarmadı. Bu gün “TikTok”un Tramp dövründəkindən iki dəfə böyük ölçüyə sahib olması, eləcə də Qərb və Çin arasında münasibətlərin kritik mərhələyə çatması səbəbindən vəziyyət daha da qəlizləşib.
ABŞ-da və digər Qərb ölkələrində “TikTok”la bağlı əsas narahatlıq platformanın məxfilik siyasətinin uyğunsuz olmasıdır. Artıq qeyd etdik ki, şirkətin mərkəzi ofisi Çində yerləşir. Çin hökuməri isə özünə ölkədə yerləşən şirkətlərdən istədiyi məlumatı almaq hüququ verib. Qərbdə rəsmilər Çinin istifadəçilərin üz, səs və hərəkət məlumatlarını oğurlaya biləcəyindən narahatdır. Ancaq bu narahatlıqların bəziləri şişirdilib.
Platformanın əsas narahatedici xüsusiyyəti dezinformasiyanın yayılmasını asanlaşdırmasıdır. İstifadəçiyə oxşar kontent təqdim edildiyi üçün yalan məlumatla bağlı videolar daha sürətlə yayılır. Eyni zamanda “TikTok”dan xəbər mənbəyi kimi istifadə edən şəxslərin sayı da artıb. Bu yaxınlarda ABŞ-da aparılan bir sorğuda respondentlərin dörddə biri xəbər mənbəyi olaraq “TikTok”dan istifadə etdiyini bildirib. Medianın zəif olduğu ölkələrdə bu rəqəm 50%-dən çoxdur. Ölkəmizdə bu qəbildən olan araşdırma aparılmayıb. Ancaq Azərbaycanda da xəbər mənbəyi olaraq “TikTok”dan istifadə edənlərin sayı sürətlə artır.
Bu xüsusiyyət “TikTok”un mərkəzi ofisinin yerləşdiyi Çinin hökumətini də narahat edib. Belə ki, Çin hökuməti yerli mediaya fəal şəkildə müdaxilə edir. Dörd il əvvəl hökumət “ByteDance” şirkətinin başqa bir oxşar proqramını paylaşılan təxribatçı zarafatlardan bezərək bağlayıb. “TikTok”un məzmun moderatorları Çindən kənardadır. Lakin proqramın alqoritmi Pekində inkişaf etdirilir.
Məsələn, COVID-19 pandemiyasının başlamasına səbəb olan virusun Çində ortaya çıxmadığı və ya Ukraynadakı müharibəyə görə NATO-nun məsuliyyət daşıdığını iddia edən videolar istifadəçilər üçün cəlbedici ola bilər. Hər bir istifadəçi fərdiləşdirilmiş lentə sahib olduğu üçün saxta xəbərlərin qarşısını almaq və aşkarlamaq çox çətindir. Çin hökumətinin yerli şirkətlərə sərt müdaxilə edə bildiyini nəzərə alsaq, xüsusi təhülkəsizlik mexanizmləri tətbiq etmədiyi müddətdə “TikTok”un bağlanması və ya məhdudiyyət tətbiq edilməsi ağlabatan görünür.
Akif İsmayılov