Modern.az

Mətbuatın Əsgəri

Mətbuatın Əsgəri

Media

20 Sentyabr 2022, 14:52

Əsgəri ilk dəfə 2000-ci ildə ulu öndər Heydər Əliyevin Gəncə səfəri zamanı görmüşdüm. Yenikənd Su Elektrik Stansiyasının açılışı idi. Ümummilli lider çıxış edirdi, jurnalistlərin suallarını cavablandırırdı. Kənardan bir gənc onun bütün çıxışlarını o dövrə məxsus kasetli diktafona yazırdı.

 

Kim olduğunu soruşmuşdum. “AZƏRTAC”ın müxbiridir” demişdilər. Çox məsuliyyətli işdir, deyə düşünmüşdüm. Heydər Əliyev kimi nəhəng bir siyasətçinin dediklərini dəqiq və təhrifsiz yazmaq gərgin zəhmətlə yanaşı, həm də xüsusi siyasi təfəkkür, geniş dünyagörüşü tələb edir.

 

O dövrdə notbuklar demək olar ki, yox səviyyəsində idi. Əsgər tədbirlər arası fasilədə diktofona yazdığı çıxışları kağıza köçürməklə məşğul idi. Daima işləyirdi - Yenikənd Su Anbarının divarları qarşısında durarkən, yolda avtobusla Gəncəyə qayıdarkən, “Gəncə” mehmanxanasında Əsgər işləyirdi.  

 

Bunu yalnız Heydər Əliyevin siyasi xəttinə həddindən sadiq adam edə bilər, deyə düşünmüşdüm. Əsgərlə onda yaxından tanış ola bilməmişdim. Adını da bilmirdim. O səfər, o epizodlar yadıma düşəndə, başımda “AZƏRTAC”ın Heydər Əliyevə çox sadiq müxbiri” sözləri canlanırdı. 

 

Yanılmamışdım. Sonradan Əsgərlə “ANSPRESS.COM” saytında birgə işlədik və yaxından tanış oldum. Təpədən dırnağa bir Heydər Əliyev yolçusu olduğu elə ilk söhbətlərindən aydın olurdu. Aradan 12 ildən çox keçsə də, bəzən onun Ulu Öndər üçün darıxdığı sezilirdi. Hərdən Heydər Əliyevlə Avropa səfərlərindən, Tehran sammitindəki görüşlərindən, Ulu Öndərin müdrik tövsiyələrindən bəhs edirdi.  

 

Sonradan həmyerli olduğumuzu öyrəndim. 1972-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1988-ci ildə, Qarabağ münaqişəsi ilə bağlı, 16 yaşında ulu Göyçənin bağrından qopub, Bakıya gəlib. 1989-cu ildə Bakıda 99 saylı orta məktəbi bitirib.

 

Amma bu 50 illik ömründə hər gün sinəsində bir nəhəng Göyçə həsrəti daşıyıb, zaman-zaman Qorqud Ata qopuzunu sinəsinə basıb bu həsrəti ovutmağa çalışıb. Hər bir göyçəli kimi, Əsgər üçün də sazın çırpıntıları o uca dağların ortasında qoyub gəldiyimiz yurdumuzun sinəsində qopan aha bənzəyib.

 

Otuz illik jurnalistika fəaliyyətində karyera sahəsində peşəkar uğurlar qazanmağı da unutmayıb. 1992-2010-cu illərdə “AZƏRTAC”da müxtəlif vəzifələrdə çalışıb, Baş redaktor və Prezident müxbiri işləyib. “Respublika” qəzetində redaksiya müdiri, “SalamNews” İnformasiya Agentliyində baş redaktor, “anspress.com” portalında redaktor olub. Hazırda “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində çalışır. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Jurnalistika fəaliyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

 

Bütün bu illər ərzində Əsgərin qələmi yalnız Azərbaycan dövlətçiliyinə xidmət edib. O, Azərbaycanın dövlət başçılarının - Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dünyanın onlarla ölkəsinə rəsmi səfərlərini işıqlandırarkən də yaradıcılığının ana xəttində dövlətçilik dayanıb.

 

Bu, Əsgəri yetişdirən İbrahimovlar ailəsinin ruh və bədənlə sadiq qaldığı əsas ana xətdir. Bu ailə Qarabağ savaşına qazi və şəhid vermiş ailədir. Qardaşı Ələsgər İbrahimov qazidir, Birinci Qarabağ savaşında, 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə gözündən və əlindən yaralanıb, 1-ci qrup əlildir.

 

İkinci Qarabağ müharibəsi də bu ailədən yan keçməyib. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhidlik zirvəsinə ucalmış jurnalist Məhərrəm İbrahimov Əsgər İbrahimovun kiçik qardaşıdır. Məhərrəm də qardaşı Əsgərin yolu ilə gedərək 2002-ci ildən həyat yolunu jurnalistika ilə bağlayıb, “AZƏRTAC”da hərbi reportyor olub.

 

İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsində, müharibədən sonra isə azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən heç nədən çəkinməyib, qarşısına qoyulan tapşırıqları Azərbaycana, dövlətçiliyə xidmət kimi yerinə yetirib. Vətən qarşısında xidmətlərinə görə Məhərrəm İbrahimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

 

Ot kökü üstündə bitər, deyərlər. Evində iki övlad böyüdən Əsgər İbrahimov da onlara ailəsinə məxsus bu dəyərləri - Vətənə, Azərbaycana, dövlətçiliyə bağlılıq hissini aşılayır. Şübhəsiz ki, övladları da Əsgərin yolu ilə gedəcək, tapındıqları bir sevgi ünvanı kimi Azərbaycanı seçəcəklər.

 

Amma Əsgərin Vətən qarşısında xidmətləri də bununla bitməyib. 

 

Bu gün onun 50 yaşı tamam olur. Bu ömrün içində isə ayrıca 30 illik bir jurnalistika həyatı var. O, hələ gəncdir. Ümid edirik ki, o, bizi Vətən qarşısında göstərdiyi xidmətləri ilə hələ çox sevindirəcək. Biz onun uğurlarına hələ çox şahidlik edəcəyik. Buna tam qəlbimlə inanıram.

 

Çingiz Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir